Pərvanə Bayramqızı - "Uzaq səfər... yaxın yol" - Hekayə

09-02-2021 21:28

Qarı tərsliyindən əl çəkmirdi. Oğullar-qızları, qonşu-qohumları nə qədər dil tökürdülərsə “evimdən heç hara getmirəm”deyə israr edirdi. “Dur, yığış gedək” dedikcə gedib inəyin boynunu qucaqlayıb, “qoymaram onu satasınız”deyib göz yaşı tökürdü. Övladları çarəsiz-çarəsiz analarına baxırdılar. Nə qarını qoyub getmək olurdu, nə də onlar şəhərdəki iş-güclərini buraxıb kəndə yığışa bilirdilər. Gəlinin yığdığı boğçanı dağıdıb paltarlarını yerinə yığdı. Qızı da bir küncdə əli qoynunda dayanıb anasına baxırdı. Kənddə yaşasa da “Ana, gedək mənimlə qal” deyə bilmirdi. Ərindən bunu xahiş etməyin əbəs olduğunu bilirdi. Qarı gözünün altından qızına baxdı. Onun ürəyindən keçəni anlamışdı. Əsasını yerə vura-vura qızına yaxınlaşdı:
– Özünü üzmə, onsuz da mən kürəkən qoltuğunda yaşayan deyiləm!
Qapı açılanda əvvəlcə iri çemodan göründü, bir qədər sonra böyük bacıları otağa daxil oldu. Hamı təəccüblə ona baxdı. Əlindəki əşyaları görüncə bir ağızdan:
–Zöhrə, küsüb gəlmisən? – deyə soruşdu.
– Yığılın gedin evinizə, sizin işiniz gücünüz var, anamla qalacam. Əşyalarını yerləşdirməklə məşğul olan Zöhrənin qətiyyətlə söylədiyi bu sözdən sonra evdəkilər yenə xorla soruşdular:
– Bəs sənin öz evin necə olsun? 
 Zöhrə əlindəkini yerə qoyub belini dikəltdi. Bir az sərt tonla:
 – Evim qaçır bəyəm? – deyib hamını qəzəbli baxışlarla süzdü.
 – Bəs uşaqlar? 
 – Uşaqlar ataları ilə qalacaqlar.
 – Nə vaxtadək?
 – Mən ölənədək hə? – deyə qarı qızının əvəzinə dilləndi.  – Mən ölənədək evindən didərgin düşəcəksən? Olmaz! Qayıt evinə. Mən evimdə tək qalacam.
Gəlinlər susur, ürəklərində qayınanalarına minnətdarlıq edirdilər. Ərləri isə əl çəkmirdilər.
 – Anam mənimlə qalacaq!
 – Hələlik mənimlə getsin!
Böyük oğulsa dillənmirdi. Oturub başını əllərinin arasına alıb fikrə getmişdi.
Mübahisə xeyli davam etsə də bir nəticəsi olmadı.
Səhər böyük qardaşdan başqa hamı süfrə başında idi. İnəyin tövlədə olmadığını biləndə işin nə yerdə olduğunu anladılar. Günorta hər şey bəlli oldu. O, inəyi satmışdı. Qərara aldılar ki, bunu hələlik analarından gizlətsinlər. Pulu stolun üstünə qoyub dedi:
 – Götürün, bölün. 
Biri həvəslə pulu saymağa başlasa da o biri:“bəs sən deyə?” soruşanda böyük qardaş:“mənə anam bəsdir” dedi.
Sabahı gün anasının höcətliyinə baxmadan onu zorla maşına mindirib şəhərə gətirdi. İnəyin satıldığını bilən qarı əziz adamını itiribmiş kimi ağı deyirdi. Gah el-obasına, gah inəyə ağladıqca adama elə gəlirdi ki, o, Vətənindən didərgin düşüb. Oğlu yol boyu anasından dua əvəzinə nalə eşidirdi. 
Onu 3-cü mərtəbəyə də güclə apardılar. Ayağını yerə dirəyib maşından düşmək istəmir, “məni evimə qaytar” deyib gözünün selini axıdırdı.
Növbəti günlərdə də evdəkilərin qarının ağılarını dinləməkdən başqa çarələri olmadı. Oğlu hər səhər işə gedəndə, axşamlar qayıdanda anasının:
 – Başıma bu da gələcəkmiş! – naləsini dinlədikcə hövsələdən çıxsa da özünü birtəhər saxlayır, onu sakitləşdirməyə çalışırdı. 
 – Kəndə qaytar məni!
 – Ana, axı orda tək səninçün çətindir. Burda hamımız bir yerdəyik, qeydinə qalırıq...
 – Evimi istəyirəm. – Oğlunun sözünü kəsdi. Üzünü yana tutub, altdan-altdan gəlinə baxıb, üz-gözünü turşutdu. 
 – Gərək o vaxtından gəlmiyeydin bura.
 – Gəlib oxudum, işlədim də, ana, pis iş görmədim ki.
 – Qayıtsaydın bunlar da başımıza gəlməzdi.
Gəlin qayınanasının sözü ona eşitdirdiyini bildi. Qaş-qabağını sallayıb otaqdan çıxdı.
 – Başımıza nə gəlib ki? Hər şey qaydasındadır, bax uşaqlar da, gəlinin də səni çox sevirlər, istəyirlər bizimlə yaşayasan.
 – Gedək, kənddə yaşayaq.
Qarının səsində yalvarış hiss olundu. Oğlu kövrəldi. Onu başa salmağa çalışdı:
 – Axı, işdən ayrıla bilmərəm.
Otağı ağı səsi təzədən bürüdü. Oğlu dözməyib çıxdı. Dilxor halda arvadının yanına gəldi.
 – Bəlkə, sən könlünü alasan, bəlkə, səndən gözləyir.
 – Axı mən onunla xoş rəftar edirəm, incitmirəm.
 – Bir az dözümlü olaq, öyrəşəcək sonra.
 – Məncə, boşuna ümidlənirsən, o bizimlə qalmaq istəmir.
Daha heç biri dinmədi.
Səhərlər anasının səsinə oyanan oğul bu səhər yuxudan gözlərini açanda səs eşitmədi. “Artıq uyğunlaşıb”deyə sevindi. Cəld ayağa durub anasının otağına keçdi. Onun çarpayıda tərpənmədiyini görüb təəccübləndi. Yaxınlaşanda bildi ki, anasını susmağa məcbur edən ölümmüş.
Kəndindən, evindən, inəyindən ayrı qalmağa bircə həftə tab gətirdi. Qarını geri qaytarırdılar. Bu dəfə o, səsiz-səmirsiz gedirdi. İndi onun el-oba həsrəti qadınların dilində ağıya dönürdü.

Pərvanə Bayramqızı

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 09-02-2021 21:28
Baxış sayı: 3469
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını