"Bütün bu dünyanın qəmi, kədəri, Dayandur Sevginin başından keçir..."

05-02-2021 13:35
Şairlik, söz adamı olmaq Yaradanın bir lütfüdür. Hər nə qədər çətin və əzablı olsa da özündən Tanrıya gedən yolun yolçuluğunda bütününə varmaq xüsusiyyətinin təsəllisi xoşbəxt edir insanı. Tanrının seçilmişlərindən olmaq, dünyanın içində dünya yaratmaq xoşbəxtliyinin hər kəsə nəsib olmaması da şairin tale şansıdır. Onun da qismətinə yeni, fərqli fikirləri, duyğularının poetik təzahürü ilə Söz adlı dünyada var olmaq  düşüb. Söhbət dəyərli şair, yazarların dostu Dayandur Sevgindən gedir. D. Sevgin ədəbi mühitdə, ictimaiət arasında sevgi və rəgbət qazanmış qələm adamıdır. Nüfuzu, çoxsaylı sevənlərinin, oxucularının olması onun sadəliyinə, təvazökarlığına zərrəcə təsir etməyib. Gözəl şeirlər müəllifi olmaqla yanaşı, xeyirxahlığı, istedadlı insanların ümid yerinə çevrilməsi ətrafının sevgisini  günbəgün artırır. Bu gün Söz dünyasının layiqli sakini, öz çəkisi, öz sambalı ilə imzasına şöhrət gətirən Dayandur Sevginin doğum günüdür.
Dalidag.az olaraq, bu münasibətlə şairi təbrik edir, yaradıcılıq uğurları, bolluca oxucu sevgisi, sevinc və uğurun əskik olmadığı ömür arzulayırıq. Müəllifin bir neçə şeirini təqdim edirik:


Sevinc QƏRİB

AZƏRBAYCAN BAYRAĞI

Millətimin fəxridi, haqqa gedən yoludu,
Koroğlumun qılıncı, Babəkimin qoludu,
Müstəqillik günəşi, Azadlıq simvoludu,
Seyr elə, igid əsgər, dalğalanan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

“Balam” deyib ağlama, o millətin balası,
Vətən yolunda getdi, qurdu qeyrət qalası,
Düzəlt, qəddini düzəlt, şax dur, şəhid anası,
Ucalarda saxlayar, tökülən qan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Yaşılı İslamçılıq, göyü Turan şanıdı,
Vətən oğlu, qırmızı şəhidlərin qanıdı,
Ümummilli liderin bizə ərmağanıdı,
Oğullardı ucaldan, ata sancan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Tanrıdan səda gələ, yazdığın haqqa yaza,
Mələklər səcdə edə, bu aya, bu ulduza,
İgid oğlanlarımız, sevdiyi gözəl qıza,
Atsın zərif çiyninə, versin nişan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Azadlığın yanğısı alışar, sönməz dedi,
Millətim haqq yolundan, heç zaman dönməz dedi,
Bir dəfə qalxan bayraq, bir daha enməz dedi,
Endirmərik bir daha işıq saçan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Könlümdə göyərəni Qarabağda bitirsin,
Dalğalansın, arzumu Savalana yetirsin,
Ucaldıqca ucaldaq, dosta sevinc gətirsin,
Düşmənlərin köksünü oda yaxan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

-Hayqırır azad ölkəm tiranlara, şahlara,
Son qoyulsun deyirik zülmlərə, ahlara,
Qaranlıq gecələrdən, işıqlı sabahlara,
Oyatsın səhər mehi, oxşasın dan bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

Gözəldi qarlı qışı, həmdə yazı Vətənin,
Qəriblikdə bilinər dadı-duzu Vətənin,
Uğrunda şəhid olaq, yada qazi Vətənin,
Yolunda verək qurban, qorusun can bayrağı.
Üç rəngli göy qurşağı, Azərbaycan bayrağı!

SEVINC

Səni axtarmışam mən ömrüm boyu,
Tamarzı qalmışam dadına sənin.
Sən olsan neynirəm iki Sevinci,
Elə sığınaram adına sənin.

Olsa da dünyanin minbir qədəri,
Xeyirə bağlanıb saymaram şəri,
Adınla qorxudub qəmi-kədəri,
Alışıb, yanaram oduna sənin.

Ömrümü, günümü talan eylərəm,
Bu eşqi dünyada qalan eylərəm,
Məcnunu, Kərəmi yalan eylərəm,
Bir yol adım düşsə yadına sənin.

DÜŞÜR
"Yadından çıxmışam ana vətənin
Gərək barmağına sap bağlayaydım"
Məmməd İsmayıl

Dünyanın acısın biz çəkirik, biz
Acı görməyənə sədəf, dürr düşür.
Bircə damlasını qıymayır, bizə,
Kimə Araz düşür, kimə Kür düşür.

Axı, yarandığım günə nə deyim,
Qəm üstə köklənib yaralı neyim,
Uğursuz şeirdi mənim taleyim,
Ya duyğu çatışmır, ya fikir düşür.

Nə deyim bu qanlı fələyə, Dədə,
Yol açır hər dürlü kələyə, Dədə.
Dovşana qurulan tələyə, Dədə,
Elə qururlar ki, gəlib şir düşür.

Sənə yalvarıram, haçandan sənə,
Bilirsən bağlıyam mən candan sənə,
Sitəmlər verdiyin insandan sənə,
Tanrım, özün söylə gör, zikir düşür?

Ədalət istədim, ədalət Haqdan,
Odu var eləyən hər şeyi yoxdan,
Narazı olsam da taledən, baxtdan,
Dilimdən Allaha çox şükür düşür.

Dilini bilsəm də qayanın, daşın,
Heç vaxt ayrı olmur bəladan başım,
Kiminə ev gəlir, kiminə maşın,
Dayandur Sevginə təşəkkür düşür.

***

Şeytan əməlidi bu gözəlliyin,
Tanrı axıtmazdı belə qanları.
Qara kirpiklərin xilas eyləməz,
Dərya gözlərində boğulanları.

Kövrəlsən, gözündən bir damcı düşsə,
Silməyə hər cibdən bir yaylıq çıxar.
Sən tutub gedərsən vüsal yolunu,
Nədənsə qarşına ayrılıq çıxar.

Sonuncu nəğməsin oxuyan qu da,
Son dəfə ürəkdən dinmək istəyir.
Sənin göz yaşından sellənən suda,
Kimdi o, bəxtəvər çimmək istəyir.

YADINDAN ÇIXIB

Dəryada gəmiyəm, uçub yelkənim,
Külək yellədikcə əsər kəndiri.
Asılı qalmışam dar ağacından,
Bircə "ALO" sözü kəsər kəndiri.

Dillənə qəlbinin kaş sarı simi,
Duyam istisini kövrək səsinin.
Nolardı barmağı kəpənək kimi,
Qonaydı üstünə "YES" düyməsinin.

Bu başda həyacan, o başda sükut,
Aya, ilə dönür hər keçən anım.
Çağırır, çağırır telefon susur,
Bir cavab verməyir qəlbi daş xanım.

Sən bizi sevgidən yaratdın axı,
Ən ülvi sevgilər adından çıxıb.
Tanrım bu gözələ hər şey vermisən,
Bircə ürək vermək yadindan çıxıb. 

KEÇİR

Yolun gözlədiyim baharım, yazım,
Dolanıb yüz ilin qışından keçir.
Dərdindən Məcnuna döndüyüm qızın,
Eşqi bir üzüyün qaşından keçir.

Asılıb sinəmdən qara daş kimi,
Mənə doğmalaşıb dərd qardaş kimi,
Başımın üstündən sevinc quş kimi,
Kədər gözlərimin yaşından keçir.

Nə idi yazdığın bu yazı mənə,
Ay Allah, göstərdin hər üzü mənə,
Sənin göndərdiyin ruzi mənə,
Ağzı qanlı qurdun dişindən keçir.

İlahi tək sənsən, tək sən əlacım,
Səndən qeyri kimim var ki, əl açım,
Bir tikə çörəyim, nəfim, qazancım,
Dağların çınqıllı daşından keçir.

Əlimin qabarı, alnımın təri,
Halal çörəyimdir illərdən bəri,
Bütün bu dünyanın qəmi, kədəri,
Dayandur Sevginin başından keçir.

ADAMI

İlahi, nə imiş dünya dediyin,
Didib, parçalayır adam, adamı.
Öz adı adamlar göylə əlləşir,
Yerisə yandırır adam, adamı.

Tac əhli olmayan bil, taca çatmaz,
Min bir hikmət söylə, söz aca çatmaz,
Hər saya gələnlər sayğaca çatmaz,
Var çeviz adamı, badam adamı.

Bir azca sevinc ver gülüm, İlahi,
Tanınsın közümlə, külüm, İlahi,
Elə adiləşib ölüm, İlahi,
Daha qorxutmayır edam adamı.

Olmayıb heç zaman ehtiyacları,
Harınlar anlamaz qarnı acları,
İndi muzeylikdir dar ağacları,
İndi sözdən asır adam, adamı.

Nə günüm bir gündür, nə gecəm gecə,
Verdiyin dərdlərə dözüm mən necə,
Gərək qız qalaydı “Həvva” eləcə,
Gərək əkməyəydi “Adəm” adamı.

SƏNƏ

Tanrım hara gedim, hara dalınca,
Düşürəm getdikcə dara dalınca,
Qara göndərirsən, qara dalınca,
Bircə yol demirsən baxt verim sənə.

Yollarım hər zaman dirəndi daşa,
Gördüyüm bir işim çatmadı başa,
Sürünə-sürünə çatdım bu yaşa,
Axı mən nə qədər vaxt verim sənə.

İl var ola bilmir andan qiymətli,
Axı nəyim var ki, candan qiymətli,
Elə bir varım yox ondan qiymətli,
Bir yol mənə tərəf bax, verim sənə.

MƏNİ SEVƏCƏKSƏN ÖLƏNDƏN SONRA 

Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən sonra.

Gəncliyim həsrətin odunda yanıb,
Hicranın dadını çəkənlər bilər.
Gündüzlər başının üstə dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən sonra.

Tellərin siləcək alın tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın gözündə çiçək açacaq.
Məni sevəcəksən öləndən sonra.

İllər gətirəcək yaş üstə yaşı,
Bu sirri qəlbində saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən sonra

Yandırdın hicranın odunda məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq səni,
Öpəcək şeh düşmüş yanaqlarından
Məni sevəcəksən öləndən sonra.

Hələ ki, ömür elə sən gülə-gülə,
Hələ yetişməyib sənə bəd xəbər.
Əzizim taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü bəxtəvər.
Məni sevəcəksən öləndən sonra.

Dayandur Sevgin

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 05-02-2021 13:35
Baxış sayı: 3541
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını