Reklam
"Ayaq izimin üstündən keçdi tank, qulağımın dibindən keçdi güllə..."- Osman Fərmanoğlu
20-01-2021 12:51
"...Qaşınar sənə-sənə evlərin divarından,
Üstünə yürüsəm də məni saymayan ölüm.
Tarix pərdələr asır dillərin qabarından,
Gözün gördüklərini hər il yaşamaq zülüm..."
Dalidag.az tanınmış şair Osman Fərmanoğlunun tariximizin qəhrəmanlıq səlnaməsi, hüzn və qürur günümüz olan 20 Yanvar hadisəsinə həsr etdiyi şeirlərini təqdim edir:
20 YANVAR ELEGİYASI
(O gecə Şəhidliyə namizəd olub, seçilməyənlərdən biri də mən idim)
Bütün deyilənlərin sonunda bir müəmma,
Əvvəlindən boylanır bir dəqiqəlik acı...
Tarixin qara günü hər gün çıxır qarşıma,
Bir addım öndə gəlir dərdli qoltuq ağacı.
İldə bir yol adlayır Şəhid qəbirlərini,
Qoruqlu növbədədi yerişi itən kəslər.
Hər şəhidin üzündə şəkli var izlərinin,
Qəbirlər susqun-susqun öz gələnini gözlər.
Hələ könlündə durur toy gününün istisi,
Nəvəsi gül gətirir babasının üstünə...
Nənənin başındadı toy gününün tüstüsü,
Bənzəyir bir gəlinin əzab çəkən büstünə.
Qaşınar sənə-sənə evlərin divarından,
Üstünə yürüsəm də məni saymayan ölüm.
Tarix pərdələr asır dillərin qabarından,
Gözün gördüklərini hər il yaşamaq zülüm.
Salamatdı ayağım, sağdı lazımsız əlim,
Dəyirmanın yolunu dən-dən biçib gəlirəm.
Qətiyyətim olmadı, özümdən keçib gəlim,
Hər keçən gün bir az da səndən keçib gəlirəm.
20 yanvar 2018
GÜLLƏ YAĞIŞI
(Mən o yağışa düşənlərdənəm)o gecə kimi istəsə aparardı o yağış,
aparardı xəbər eləmədən,
o yağış tərsinə yağırdı,-
bir lehmədən...
mən də ola bilərdim orda
bir addım tələsməsəm,
yolu bir addım tez keçməsəm,-
ayaq izimin üstündən keçdi tank,
qulağımın dibindən keçdi güllə
tak... tarak... taaak...
Alnıma yazılmayan şəhidliyə görə
kimi qınayım,
kimi danlayım,
Belədi həyat;
adam var şəhid olmaq üçün doğular,
adam var həsədlə baxmaq üçün,
bu boyat
dünyada bir şəhidlik var,
bir də şəhidə deyilən ağılar.
***
Göyündə qəmər ağlar,
Buludu əmər ağlar.
Bir qanlı kəmər ağlar
Kəmərsiz bel sızıldar.
Baş açmıram bu sirdən,
Sirr ürəyi şişirdən.
Sahibsiz əl qəbirdə,
Sığalsız tel sızıldar.
Uç güllə nəfəsinə,
Çatammazsan səsinə.
hamının əvəzinə
Al qərənfil sızıldar.
Söndür çırağı daha,
Qurtardı yağı daha.
Bitməz bu ağı daha,
Ağılı dil sızıldar.
BU 20 YANVAR
Bu 20 Yanvar,
o 20 Yanvara bənzəmir,
nə qədər qara kəlağayılı
çıxıb şeir desə də.
Lap Mikayıl Mirzə dirilib,
salonu titrədən,
könlümüzü tərpədən
səsiylə bu günümüzə gəlsə də...
Bu 20 Yanvar, o 20 Yanvarın
uzaq illərin uzaqlığından
gələn siluetidi...
Əsrlərin o üzündən-
Kiminsə anım ilidi.
Hacıbalanın gülləri
istər ağ olsun,
istər qırmızı;
xatırlatmır bizə
axan qanımızı.
Nə fərqi var ki,
yardım növbəsi gözləyən
Şəhid ailələrinə...-
Bu güllər tay ola bilməz
"Ağla, qərənfil, ağla"
şeirinə.
Daha yoxdu;
90-cı ilin 20 Yanvarına
ağı deyən ANA,
köhnə lentdən gələn ağısı,
bir də "Şəhidlər xiyabanı"na
yol alan
dalğalanan insan dənizi,
Tanrı Sizlərə rəhmət eləsin, Şəhidlər,
hər 20 Yanvarda
unutmarıq deyirik Sizi!
19 yanvar 2017
AĞRILI ŞEİR
Paşam, yaralı canı
Yenə tinə qoymuşam.
Min bir dəfə arıdıb,
Dənə-dənə qoymuşam.
Əkmədim əkiləsin,
Çəkmədim çəkiləsin.
Açılıb büküləsin
Ağzıgünə qoymuşam.
Gözdü itirən nurun,
Baxmaz ki, oğrun-oğrun.
Buğlanır korun- korun,
Dərdi dəmə qoymuşam.
Bölürlər bölməlini;
Bu Əlinin, Vəlinin.
Bir eli bir dəlinin
Ümidinə qoymuşam.
Çoxu gedir badına,
Salanı yox yadına.
Osmanı kurs adına
Özgə dinə qoymuşam.
20 yanvar 2017
20 YANVARIN ÖLÜ ŞEİRİ
Ölçmək istəyirəm, ölçü- biçim yox,
Çərəyim ağrıyır, çərəyim, Vətən!
Dörd yanım keçilməz qul bazarıdır,
Çörəyim ağrıyır, çörəyim, Vətən!
Harda eyləmişəm, xatam tapılmır,
Səsim çoxdan itib, sədam tapılmır.
Varıb söykənməyə adam tapılmır,
Kürəyim ağrıyır, kürəyim, Vətən!
Doğrayıb atdıqca ötən çağları,
Bitmir göz dikənin umacaqları.
Küləklər yelləyir od- ocaqları,-
Biləyim ağrıyır, biləyim, Vətən!
Dumanlı dağlarda yolum görünmür,
Boşların içində dolum görünmür...
Sağın çəkdiyində solum görünmür,
Ürəyim ağrıyır, ürəyim, Vətən!
Osman, Şəhid düşür İyirmi Yanvar,
Bunun xurcun tayı Xocalısı var...
Yağan sərt yağışlar dibini oyar:--
Dirəyim ağrıyır, dirəyim, Vətən!
1990-2020
Osman FƏRMANOĞLU
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 20-01-2021 12:51
Baxış sayı: 3503
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02