Reklam
Elşən Əzimin "Pəncərə"si -Hekayə
28-12-2020 18:44
Dalidag.az Elşən Əzimin “Pəncərə” hekayəsini təqdim edir:
Covid 19 pandemiyasının ilk günlərindən şagirdləri online dərsələrə cəlb edərək onların təhsildən kənar qalmaması üçün müstəsna xidmətləri olan müəllimlərə ithaf edirəm.Kiçik ağ lövhəni avtobus dayanacağındakı oturacağa söykədi, ağzındkı maskanı çənəsinin altına keçirib ilıq mart havasını ciyərlərinə çəkdi. Avtobusda nəfəs almağa da qorxurdu, elə indi də ciyər dolusu nəfəs almağı ürəyinə xof saldı: “bəlkə havada da var?” Maskanı gözünün altına qədər dartdı, metal hissəni burnunun qıraqlarına tərəf əydi. Lövhəni götürüb dayanacaqdan yenicə çıxmışdı ki, 5-ci sinif şagirdi Eldar qarşısında dayandı. Uşağın qəfil peyda olmağı onu səksəndirdi: “İlahi, bu uşaq yerdən çıxdı, göydən düşdü?”
- Lalə müəllimə, lövhəni verin mən aparım.
- Eybi yox, özüm apararam- desə də ürəyində Eldarın gəlişinə sevindi.
Dayanacaqdan evə xeyli yol vardı və lövhəni sürüyə-sürüyə aparmaq bir qədər rahatsızlıq yaradacaqdı. Yol boyu ötüb-keçənlərin qəribə nəzərlərlə baxması, bu baxışların yaradacağı diskomfort da öz yerində.
Eldar lövhəni müəllimənin əlindən alıb cəld hərəkətlə başının üzərinə qaldırdı, sağ əliylə bir tərəfindən tutub sol əliylə burnunu sildi, sonra da hayxırıb tüpürdü. Uşağn bu hərəkəti gözündən yayınmadı. Əvvəllər belə şeylərdən iyrənən deyildi. İndi isə Eldarın ara-sıra öskürməyi, dilini altdan yuxarı qatlayıb burnunun suyunu yalamağı Lalənin ətini ürpəşdirdi. “Nə bəlaya düşdük. Mən ki bu qədər vasvası deyildim. Belə getsə, hamı bir-birindən iyrənəcək. Amma yox, deyirlər uşaqlara yoluxmur, əşşi adi qripdir, onnan deyil. Aaa nə danışırsan, axşam televizorda dedilər ki, uşaqlar ən təhlükəli daşıyıcılardı. Vallah yaxşı ki, məktəblər bağlandı”. Eldarın ard-arda düzülmüş sualları olmasaydı Lalənin öz-özüylə dialoqu bir xeyli uzanacaqdı.
- Müəllimə, məktəb gec açılacaq? Deyirlər dərsələr televizorla bir də kompyuterlə olacaq doğrudur? Nənəm deyirdi ki, sentyabra kimi məktəb olamayacaq, düzdür?
- Hə dərslər online olacaq, bu lövhəni də ona görə almışam. Məktəbin nə vaxt açılacağını bilmirəm.
- Müəllimə, axı bizim evdə kompyuter yoxdur.
- Eybi yox, telefonla daxil olarsan.
Qəsəbənin palçıqlı küçələrini bir təhər arxada qoyub kirayə qaldığı evin darvazasına çatdı. Eldara təşəkkür edib həyət qapısını astaca araladı. Heç vaxt bağlı olmayan qapı cırıldayan kimi həyətdəki kiçik otaqların pəncərələrində pərdələr aralanır, kirayənişinlərin baxışları gələn adamı sonadək izləriyrdi. Bu həyətin qəribə pəncərə ünsiyyəti vardı. Yığcam bir karvansarayı xatırladan həyətin baş tərəfində kürsülü ev, sağ və sol tərəflərdə isə kirayəçilər üçün tikilmiş kiçik otaqlar pəncərə gözləri ilə bir-birindən “hal-əhval tutur”, baxışlarıyla “söhbət edirdilər”. Qəsəbə məktəbindəki vakant yeri qazandığı gündən bu evdə qalırdı. Ev sahibi Şəfi qaradinməzin, adamayovuşmazın biriydi. Göz götürüb heç bir kirayəçinin üzünə baxmazdı. Kirayə pulunu gecikdirən olanda arvadı Məlyekə xalanın xidmətindən ustalıqla istifadə edirdi. Məleykə həyətdə bir səs-küy salırdı ki, gəl görəsən. Şəfi kişinin bu ağır təbiəti ilk vaxtlar Lalədə xoş təəssürat yaratsa da sonra xozeynini daha dəqiq tanımağa başladı. Həyətdəki kirayəçilərdən öyrəndi ki, Şəfi sələmə pul verir, qəsəbədə “Sələmçi Şəfi” kimi tanınır. Hər səhər yaxınlıqdakı çayxanaya gedir, orada müştərilərini gözləyirdi. Bəzi müştərilər evə də gəlirdilər. Həyətdə uzun-uzadı söhbətlər, and içənlərin, “sənöl” vuranların, “mənölüm” deyənlərın miskin görkəmi, Şəfinin qoltuq cibindən bir qom pulu ehtiyatla çıxarıb barmaqlarını yalayaraq saymağı hər dəfə pəncərədən baxan kirayəçilər üçün maraqlı bir tamaşanın ən sevimli epizoduna çevrilirdi. Şəfi pul sayanda barmaqlarının beşini də elə iştahla yalayırdı ki, elə bil əlindəki pul deyil, içi bal ilə siləli, üzü qaysaqlı arı şanıdır. Qonşuların bir –biri ilə münasibəti də soyuq idi. Hamı səhər durub işə gedir, axşam yorğun evə dönüb televizora baxırdı. Pəncərələrin ünsiyyəti qonşulardan daha istiydi. Lalənin otağının sağında orta yaşlı tənha bir qadın yaşayırdı. Dövlət idarələrindən birində işləyirdi. Şənbə-bazar isə həyətdə paltar yuyur, səs salan uşaqlara təpinir, valideynləri qınayırdı: “Mən dövlət işində işləyirəm, axşam yorğun gəlirəm, bütün günü sizin kimi yüz adamla çənə-boğaz edirəm. Barı bu xarabada uşaqlarınızı dizinizin dibinə çəkin, mənim də qulağım dinc olsun. Bəxtəvər başınıza, bütün günü həyətdə oturub qiybət qırırsınız”. Dövlət idarəsində işlədiyini tez-tez xüsusi vurğuyla dediyinə görə Lalə onu öz ürəyində “İdarə xanım” adlandırırdı və qadın qonşuların qarasına söylənəndə “yenə İdarə xanım rəiyyəti cəzalandırır” deyirdi. Darvaza tərəfdəki otaqda yaşayan gənc ailənin başçısı hansısa restoranda xidmətçi işləyirdi, qadın isə çox fağır bir kənd qızıydı. “İdarə xanım” həyətə çıxıb küfr və qarğışlarını yağdıranda uşaqların yumşaq yerinə döyə-döyə onları otağa salır, qapını arxadan bağlayırdı ki, səsi eşitməsin. Lalənin ancaq həyətdəki tələbə qızlarla sözü tuturdu.
***
Lövhəni kətilin üstünə qoyub divara söykəmişdi, yazı masasını düz lövhənin qarşısına çəkmişdi ki, yazılar notbookun kamerasına aydın düşə bilsin. Işi yalnız öz dərslərini keçmək olsa nə vardı ki... Şagirdlərin və müəllimlərin də “Virtual məktəb”lə bağlı çətinliklərini o həll edirdi. Telefonu susmurdu. Uşaqların, müəllimlərin sualları, valideynlərin yerli-yersiz müdaxilələri və daha nələr, nələr... Bir də görürdü ki, dərsin ortasında şagirlərdən birinin atası əyilib monitordan ona baxır, yaxud nənə uşağın əlindən telefonu alıb dişinin dibindən çıxanı, ağzına gələni, gözünə görünəni mikrafona qışqırır: “Niyə dərsi birinci Aynurdan soruşursan? O mənim nəvəmdən artıqdır?” Yaxud da gənc bir evdar xanım geyinib-kecinib, üz-gözünü də bəzəyib dayanır monitorun o üzündə və gül ağzını açır: “Eldara asan sual verirsən, cavab verəndə də tərifləyirsən, bəs mənim uşağıma niyə çətin sual verirsən? Ona verdiyin sualın cavabını bu da bilirdi”. Di gəl bunlarla yola get. Hələ dərsdən sonra votsapa yazılanlar, qruplarda valideynlərin bir-birini qırması...
Bir də təriqətçilərin təsirinə düşmüş gənc müəllimin mesajları. Dərsi yenicə bitirmişdi ki, mesaj gəldi. o idi. Söhbətə giriş vermək üçün hansısa ayətullahdan sitat gətirmişdi. Əslində pis oğlan deyildi. Gözlərində də məhrəm hisslər sezilirdi. Bəlkə də sevirdi, ancaq sevgisini etiraf etmək üçün uzun-uzadı, “hikmətli” müqəddiməni başa çatdıra bilmirdi. Lalə də ona biganə deyildi. Onun haqqında düşünürdü də. Bəzən düşüncələrində onu Şərqin, özünü isə Qərbin tipikləşmiş obrazları kimi görürdü və bu uçurumun arasında körpü salmağın müşkülə çevrilməsi ümidsizlik yaradırdı. Düşünürdü ki, Şərq batini öyrənir, mənəvi aləmin sehrinə düşür, bütün varlığı ilə içdən qopur və birbaşa göylərə uçur, dəryalara dalır, bəzən yüksək səmalarda qanad çalır, bəzən də dərin qatlarda üzür və bu düşüncənin gərdiş etdiyi məqamdan yer, məkan görünmür. Beləliklə Şərq düşüncəsi elə Şərqin özünün də yerləşdiyi dünyadan uzaqlaşır. Qərb isə reallığı dərk edir, bütün elmləri materiyada axtarır, əşyanın üzərində tapır, beləliklə, dərk etdiyini sübut edə bilir, öyrəndiyini öyrədə bilir, tətbiq edə bilir, inandıra bilir. Elə virusu da Şərq ideologiyada, Qərb isə laboratoriyada hazırlayır. Hərdən ona elə gəlirdi ki, bu oğlan nə vaxtsa dərviş olub guşənişinliyə çəkiləcək, reallıqdan tamamilə uzaqlaşacaq. Bəzən də düşünürdü ki, onu bu yoldan döndərmək, uçurumun qırağından geri qaytarmaq üçün sevgi yetərlidir. Bu gün isə tamamilə başqa qərar verməyə məcbur oldu. Onun mesajları, zəngləri Lalənin fikrini dərslərə, şagirdlərə cəmləməsinə mane olurdu. Gözlərini telefona zilləyib bir qədər düşündü, gicgahlarını ovuşdurdu, sonra isə... Artıq gənc müəllimin nömrəsi qara siyahıda idi, bloka atılmışdı.
Bir də qəriblik, kəndin, bacı-qardaşın, ata-ananın həsrəti. Hər gün telefon əlaqəsi, görüntülü zənglər bu həsrətin yanğısına su çiləyə bilmirdi.
***
Pandemiya kiçik həyətin insanlarını yaxınlaşdırmağa başlamışdı. Bu vaxta qədər olan soyuqluq əriyir, kirayəçilər, ev sahibləri bir-birini daha yaxından tanıyırdı. Hər gün televizor sosial məsafə deyib qışqırsa da burada mənəvi məsafələr daralırdı. Heç kim darvazadan bayıra çıxmır, SMS icazə alıb şəhərə gedənlər yeni və xoş olmayan xəbərlərlə qayıdır, ölkəni gəzən bütün şayiələr, söz-söhbətlər bu həyətə də öz incə qədəmlərini qoyurdu. Şəhərlərə, rayonlara giriş-çıxış bağlandığından tələbə qızlar evə gedə bilməmişdilər, üzlərində narahatlıq, həyəcan vardı. Gənc ailənin halı uşaqların üzündəki kədərdən məlum idi. Atanın işlədiyi restoran bağlanmışdı. Tez-tez həyətə çıxıb siqaret çəkir, siqaretin kötüyünü dişiylə sıxır, çeynəyirdi. Elə bil hər şeyin intiqamını tütünlə dolu kağız bükümündən almaq istəyirdi. Sonra da siqareti divara basıb yarımçıq söndürür, qalan hissəsini yenidən qutuya qoyurdu. “İdarə xanım” hamıyla küsülü olduğundan həyətə yığışıb söhbət edən qonşulara yaxınlaşa bilmir, kənardan həsədlə baxır, bəlkə də içində özünü qınayırdı. Gərgin rejimdə çalışan isə bir Lalə idi, bir də ev yiyəsi Şəfi, Sələmçi Şəfi... Ayrı vaxt ağır oturub batman gələn Şəfinin hərəkətlərində bir tələskənlik, səbirsizlik görünürdü. Hər gün getdiyi çayxana işləmədiyindən bütün müştəriləri həyətdə qəbul edir, saatlarla səsini başına atıb telefonla danışır, “pulun üstünü gətir”, “pulun altını qaytar” kimi qəribə sözlər deyir, gah da “devalvasiya olacaq” deyə öz-özünə gileylənirdi. Şəfi həm də pandemiyaya inanmayanlar qrupuna aid idi. İnananlara gülür ələ salırdı:
“O yaşmağı ağzıma yaxın qoymaram, südəmər buzovam maa buruntax verələr!”
Hər gün SMS icazə götürür, arvadı Məleykəni də yanına alıb harasa gedirdi. Lalə bir dəfə istəmədən ərlə arvadın söhbətinə qulaq müsafiri olmuşdu və anlamışdı ki, onlar hər gün banka gedib manatı dollara dəyişirlər. Bir dəfə də pəncərədən gördü ki, restoranda xidmətçi işləyən qonşu Şəfiyə yalvarır ki, ona da faizlə pul versin. Şəfi də “bir qəpiyim də yoxdur deyib” and-aman edir. Lalə bütün bunları yaşadığı, işlədiyi kiçik otağın pəncərəsindən görürdü. Bir gün yenə elə həmin pəncərədən gördü ki, Şəfi telefonla danışır, ancaq sürəkli öskürək danışmasına imkan vermir, nəfəsi kəsilir, sözləri boğazına tıxanır.
***
Gecənin bir aləmi həyətdən gələn səsə oyandı, otağının divarlarında mavi, qırmızı, sarı işıqların fırlandığını görüb qorxdu, gözlərini ovuşdurub pəncərəyə baxdı, yatağndan qalxıb pərdəni araladı. Otaqda rəqs edən işıqlar həyətdəki Təcili yardım maşınından düşürdü. Ağ sellofandan kombinzon geyinmiş, qoruyucu eynək taxmış, tibb işçilərinin görkəmi gecənin tənahlığında, maşının oynaq işıqlarında dəhşətli bir vahimə saçırdı. Elə bil başqa planetdən gəlmişdilər, Şəfini aparırdılar. Ona elə gəldi ki, həyətdəki maşın deyil yadplanetlilərin hava gəmisidir. Şəfinin uzandığı xərəyi hava gəmisinin arxa qapısından içəri qoydular, Məleykə isə yan qapıdan uçan boşqaba mindi. Maşın həytədən çıxıb küçədə dayandı, sürücü düşüb darvazanı bağladı və işıqlar da, səslər də bir anda yox oldu. Həyətin sükuta bürünmüş qaranlığı Laləni elə bil yuxudan ikinci dəfə oyatdı, sanki yenidən anladı ki, gələnlər yadplanetlilər deyil, tibb işçiləridir və Şəfi ilə Məleykəni aparan uçan boşqab deyil, ambulansdır. Elə o məqamdaca ağlına ilk gələn fikir bu oldu ki, Şəfi virusa puldan yoluxdu.
Ertəsi gün pəncərələr də bir-birinə şübhəylə baxırdı. Günahkar adamlar kimi göz-gözə gəlmək istəmirdilər, baxışlarını yayındırırdılar. Pərdələr göz qapağı kimi enib-qalxır, şüşə bəbəklər utancaq baxışlarını yerə dikirdi.
Tələbə qızlar ağır zənbillərini sürüyə-sürüyə heç kimlə xudahafizləşmədən həyəti tərk etdilər. Gənc ailə də gözə dəymirdi, yəqin rayona getmişdilər.
İki gün sonra ambulans yenə gəldi, “İdarə xanım”ın qoluna girib maşına əyləşdirdilər. Tibb bacısı Lalədən də yaxma götürdü, cavab gələnə qədər evdən çıxmamağı tapşırdı.
***
Həyətdə sükut mələyirdi.
Lalənin pəncərəsindənsə nigaranlıq asılmışdı./kulis.az
Elşən Əzim
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 28-12-2020 18:44
Baxış sayı: 4298
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02