Reklam
"Diz çöküb bir şəhid məzarı üstə, Vətən bayrağından öpəcəm, Laçın..."- Adil Cəfakeş -ŞEİRLƏR
27-12-2020 19:17
"...Adil, sona yetir artıq bəlamız,
Alındı Kəlbəcər, Şuşa qalamız.
Vur əmri gözlədi əsgər balamız,
Mərdimiz, iyirmi səkkiz il yarım".
Dalidag.az Sevinc Qəribin təqdimatında Adil Cəfakeşin şeirlərini oxucuların ixtiyarına verir:
İYİRMİ SƏKKİZ İL YARIM
Yetim uşaq kimi boynunu burdu,
Yurdumuz iyirmi səkkiz il yarım.
Narahat yaşadı bizim cəmimiz -
Fərdimiz, iyirmi səkkiz il yarım.
Laçına qovuşmaq gec oldu, lap gec,
Bir deyən olmadı körpünü gəl keç.
Susdu, bir dəfə də ulamadı heç,
Qurdumuz iyirmi səkkiz il yarım.
Ruhumuz ölmüşdü qohumlu - yadlı,
Dadsız dad verirdi, bizə ən dadlı.
Mars qaldı Zəngəzur, Qarabağ adlı,
Nərdimiz iyirmi səkkiz il yarım.
Baxdı Qarabağa, qəlbi göynədi,
Bilmədi yerdədi, yoxsa göydədi.
Hirsindən dodağın, dilin çeynədi,
Ordumuz iyirmi səkkiz il yarım.
Adil, sona yetir artıq bəlamız,
Alındı Kəlbəcər, Şuşa qalamız.
Vur əmri gözlədi əsgər balamız,
Mərdimiz, iyirmi səkkiz il yarım.
BİR UCU MƏNDƏ
Qanadı dibindən kəsilən eşqin,
Bir suçu səndədi, bir suçu məndə.
Ortası dolaşıq kələfdi bu suç,
Bir ucu səndədi, bir ucu məndə.
Adəmin, Həvvanın nəvəsiyik biz,
Bu yolun kirkidi, həvəsiyik biz.
Minilmiş bir ömrün dəvəsiyik biz,
Bir yolçu səndədi, bir yolçu məndə.
Ögey bir məhəbbət doğma kimidi,
Hər söz ağzımızda loxma kimdi.
Dünyamız darısqal daxma kimdi,
Bir küncü səndədi, bir küncü məndə.
Cəfakeş, etginən meyil, özün bax,
Çöküb diz üstünə, əyil özün bax.
Məzarımız eyni deyil, özün bax,
Bir ölçü səndədi, bir ölçü məndə.
ÖPƏCƏM
Sənə qovuşanda gül - çiçəkdən yox,
Əvvəl torpağından öpəcəm Laçın.
Əyilib diz üstə bir buz bulağın,
Soyuq dodağından öpəcəm Laçın.
Tarixin oxuyub daş yaddaşının,
Biləcəm çəkdiyin nələr başının,
Durursa, atamın məzarı daşının,
Qaya yanağından öpəcəm, Laçın.
Namusunu çəkən balan əsgərin,
Səni yağılardan alan əsgərin,
Döyüşüb qələbə çalan əsgəlin,
Düşüb ayağından öpəcəm, Laçın.
Boylanıb kəndimin yuxarısından,
Koluna, kosuna can deyəcəm, can.
Dağılmış damımın buxarısından -
Sönmüş ocağından öpəcəm, Laçın.
Danışıb ahəstə, dinib ahəstə,
Məna axtaracam hər gələn səsdə.
Diz çöküb bir şəhid məzarı üstə,
Vətən bayrağından öpəcəm, Laçın!
YERİDİ
Beynimin içində bir eşq odu var,
Sifətim qaralmış ocaq yeridi.
Neçəsi gəlirsə, qərar tutmayır,
İçim arzuların qaçaq yeridi.
Aqil çağırıram, dəli tez çatır
Hayıma qan soran zəli tez çatır.
Hicran uzadanda, əli tez çatır,
Yaxam tutalğanın alçaq yeridi.
Bəxtim yaranışdan gözüqıpıqdı,
Hər nədən qaçdımsa, qarşıma çıxdı.
Ürəyim büsbütün çapıq - çapıqdı,
Harasına baxsan, "bıçaq" yeridi.
Bu ömür əlillik arabasıdı,
Ölən ümidlərin hər gün yasıdı.
Adiləm, min ilin xarabasıdı,
Könlüm bu dünyanın uçuq yeridi.
YUDUM
Tozunu götürdüm xatirələrin,
Sənli yaddaşımın kirini yudum,
Hər iki üzümdə əl izin vardı,
Birini saxladlm, birini yudum.
Yox məni ağlayan bacı yerinə,
Hörsün dərdlərimi saçı yerinə.
Çıxartdım dilimin acı yerinə,
Karıxıb üstündən şirini yudum.
Doğmatək qəm mənə ərk eləmişdi,
Qəlbimdə yerini bərk eləmişdi.
Həsrətdən gözlərim çirk eləmişdi,
Ağlayıb o çirki, irini yudum.
Yalvarıb sözümü dedim xahişlə,
Gəldilər üstümə yenə döyüşlə.
Sonra mən ağzıma gələn söyüşlə,
Pirini buladım, Mirini yudum.
Adiləm, görməyib arzularım dan,
Oxuyub görərsiz yazılarımdan.
Seçib bircə - bircə arzularımdan,
Öləni dəfn etdim, dirini yudum.
İLAHİ, BU YAĞIŞ NƏ GÖZƏL YAĞIR
Laçın yağışına oxşatdı özün,
İlahi, bu yağış nə gözəl yağır.
Möhkəm döyəcləyir damın dəmirin,
Başımın üstündə qurub çal - çağır,
İlahi, bu yağış nə gözəl yağır.
Sönüb sərinləşir yanğı sinədə,
Yüz dəfə şükr edir, qoca nənə də.
Sağına başlayıb səma yenə də,
Döşünü doldurmuş buludu sağır,
İlahi, bu yağış nə gözəl yağır.
Çalır göy üzündə qələbə, düşür,
Bakıya, Bağdada, Hələbə düşür.
Bir anın içində yüz təbə düşür,
Yağır gah şiddətli, gah ağır - ağır,
İlahi, bu yağış nə gözəl yağır.
Şair üstünlüyü baxışa verib,
Söz ilə çəkdiyi naxışa verib.
Çıxıb üst - başını yağışa verib -
Deyir həm dəlisov, həm də ki, fağır ,
İlahi, bu yağış nə gözəl yağır.
BİR PARÇA ŞEİRƏ BÜKÜLƏN DAŞAM
Səbrim palaz kimi dəyənəkləyir,
Üstünü toz basmış köhnə hirsimi.
Oynaya bilməzsən sən bu əsəblə,
Kökləyib çalmağa yoxdu bir simi.
Oynaya bilməzsən sən bu əsəblə,
Bu hava oynamaq havası deyil.
Mən özüm özümlə əlbəyaxayam,
Bu dava kiminsə davası deyil.
Mən özüm özümlə əlbəyaxayam,
Çəkginən yaxamdan əlini, adam.
Çəkilib kənardan tamaşa eylə,
Tək burax mən adlı dəlini, adam.
Tək burax mən adlı dəlini, adam,
Mənəm özümə dost, özümə düşmən.
Özümün özümdən lap zəhləm gedir,
Özüm görünürəm gözümə düşmən.
Özümün özümdən lap zəhləm gedir,
Mən özüm özümdən sökülən daşam.
Kim isə atacaq kimsəyə məni,
Bir parça şeirə bükülən daşam.
ÖZÜMDƏN KÜSƏN ADAMAM
Dedim Tanrım, ölüm göndər,
Dedi şair qəbir yoxdu.
Tamam çıxdım hövsələdən,
Məndə zərrə səbr yoxdu,
Mən çox tələsən adamam.
Nə qohumdan kömək umdum,
Nə də mən dost sınamıram.
Bu ki, mənim taleyimdi,
Bir kimsəni qınamıram,
Özümdən küsən adamam.
Həyatdan təcrid olmuşam,
Soraqlama, gəzmə məni.
Gedib başqa bir dünyaya,
Özümlə də əlaqəni,
Biryolluq kəsən adamam.
GƏLİRƏM LAÇIN, GƏLİRƏM
Salam deyin, ay igidlər,
Deyin ki, Laçın gəlirəm.
Yağıları qovun getsin,
Yolumu açın, gəlirəm,
Gəlirəm Laçın, gəlirəm.
Çapsa mənə çatmaz atlı,
Mən olmuşam quş qanadlı.
Qoyublarmı bayraq adlı,
Başının tacın, gəlirəm,
Gəlirəm Laçın, gəlirəm.
Ay torpağım, ay daşım heey,
Ay "Ağ tilim" , ay "Kaşım" heey.
Ay "Uzunyal" qardaşım heey,
Ay "Qırxqız" bacım, gəlirəm,
Gəlirəm Laçın, gəlirəm.
Ay "Qarasu", ay "Düz taxta",
Dastan yazım qoy siz haqda.
Darayırmı Ağbulaqda,
Şəlaləm saçın, gəlirəm,
Gəlirəm Laçın, gəlirəm.
Ay yaylağı tumarlanan,
Ay arxları damarlanan,
Ay meşəsi xumarlanan,
Qayası yalçın, gəlirəm,
Gəlirəm Laçın, gəlirəm.
Otuz illik xüffətim var,
Qurban kəsmək niyyətim var.
Hələ gücüm, taqətim var,
Yeriyir qıçım, gəlirəm,
Gəlirəm Laçın, gəlirəm.
Adiləm, çıx mənə yiyə,
Lalıyıram Laçın deyə.
Təbrik yazıb Həkəriyə,
Tərtərlə Xaçın, gəlirəm.
Gəlirəm Laçın, gəlirəm.
BAX GÖR
Oxunub qurtarmışam,
Deyəsən son varağam.
Bax gör kim məndən bezib,
Bax gör kimə marağam.
Kələyim yox, gopum yox,
Yapışmağa qulpum yox,
Tüfəngim yox, topum yox,
Bax gör hansı yarağam.
Şirinlik qat dilinə,
Baxım gəlhagəlinə.
Əlimi çək telinə,
Bax gör necə darağam.
Nə gizlədim, danmıram,
Bu nə sirdi anmıram.
Yanmıram ki, yanmıram,
Piltəsi yox çırağam.
Adil Cəfakeş
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-12-2020 19:17
Baxış sayı: 3980
Yazı axını
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23