"Kəlbəcərə təkcə ermənilər deyil, öz harınlamışlarımız da divan tutublar" - Elbariz Məmmədli

16-11-2020 17:20
Ermənilər Kəlbəcərdən çıxmağa başlayıblar. Necə çıxdıqlarını hamınız görürsünüz. Şərhə ehtiyac yoxdur. Amma burda bir məsələni xatırlatmaq istəyirəm ki, bu vandalların törətdiklərini elm və sənət adamları bütün detalları ilə tarixləşdirib saxlamalıdırlar. 
Hazırda bizim yaşadıqlarımız hayların tamamilə məhv edilməsi üçün əsas verir. Fəqət, heç də ədalətli olmayan dünya şübhəsiz ki, buna imkan verməz. Hə, bəzi həmvətənlərimiz yazırlar ki, bütün bu vəhşiliklər rus "sülhməramlı" larının gözü qarşısında baş verir. Bəs, siz elə bilirdiniz ki, şimal donuzları Kəlbəcərdə tarixiliyin təəssübünü çəkəcək? Yanılırsınız. Rusiya Cənubi Qafqaza son ümid yeri kimi işğalçı sifətində pənah gətirib. Ötən əsrin səksəninci illərində yaratdığı faciəni bir az da alovlandırmaq üçün burdadır. Hərçənd ki, bunların heç biri baş verməyəcək. Rusiya artıq böyük dünyada güc mərkəzi olmaq imkanlarını getdikcə itirir. Xəritəsinə fikir versəniz , hər tərəfdən iddialı dövlətlərlə əhatələnməyə başlayıb. Yaxın gələcək bu güc mərkəzinin mövcudluğunu istisna edir. Mən öz sahəmdən yanaşıram. Bu ölkənin təbligat sisteminə, KİV- lərinə baxın Kimin əlindədir? Əsasən ermənilərin. Siyasi və iqtisadi sistemi də elədir. Deməli , bu qan imperiyasının çöküşü labüddür və mütləq olacaqdır. 
İndi gələk Kəlbəcər məsələsinə. 2013 - cü ildə Slovakiyada olarkən bir hadisə ilə rastlaşmışdım. Çox gözəl təbiətə malik olan ölkədə bəzi meşələrin əsasən körpə ağaclardan ibarət olduğunu gördüm və bunun səbəbini soruşdum. Dedilər ki, ölkədə baş verən güclü qasırğa meşələri tamamilə məhv eləmiş, ağacları kökündən çıxarmışdı. Xalq səfərbər olunaraq, əraziləri təmizlədi və meşələri təzədən bərpa etdi. Biz də Kəlbəcəri bərpa edəcəyik. Hərçənd ki, təbii gözəlliklərimizə təkcə ermənilər deyil, özümüzün harınlamış adamlarımız da az divan tutmayıblar. Sabah Kəlbəcərdə bir harın meşəni mənimsəyəcəksə, onu bərpa etməyə dəyməz. Bunların hamısı xalqın sərvətidir və kiminsə marağına qurban verilə bilməz. 
Sonda onu xatırladım ki, savaşın əsas fazasına indi keçmişik. Bütövlüyümüzü qorumaqla, bütün düşüncə adamları özlərini bir daha mübarizəyə kökləsinlər. Yanımızda Türkiyə , Pakistan,İsrail, Ukrayna, Gürcüstan kimi qardaş və dost ölkələr var. Biz təbliğatımızı yetərincə yüksəyə daşıya bilsək, həmin ölkələrin sırası daha da artacaqdır.  Bu Vətən savaşında hamıya uğurlar!

O QİBLƏ KƏLBƏCƏR, VƏTƏN KƏLBƏCƏR

(Şair Sücaətin ruhuna təbrik)

Şair, gözün aydın, sevinsin ruhun,
Qayıtdı həsrətdən, gedən Kəlbəcər.
Gözünün yaşıyla gendən baxdığın,
Murovun qarında itən Kəlbəcər.  

Eyni açılmadı,  sirr oldu dağlar,
Yağı qulluğunda kür oldu dağlar,
Yaxşı ki, sınmadı, bir oldu dağlar,
Yetdi bu günlərə , yetən Kəlbəcər.

Elin hazırlaşır, dağlar aşmağa,
Qərib ocaqlarla salamlaşmağa,
Yaz ağzı yığılar bayramlaşmağa,
Hamının könlünə o, tən Kəlbəcər.

Eşqi balta çaldı neçə qəmliyə,
Könlü yaralıya, gözü nəmliyə,
Qayıtdı qonağa çiçək dəmləyən,
Camalı könüldə bitən Kəlbəcər.

Kəpəzdi, ovudan neçə il  səni,
Səbrin zorlayırdı vaxtı- vədəni,
Tap , Vətənoğlunu, Şəmşir Dədəni,
Denən ki, qayıdır ötən Kəlbəcər.

O həsrət ruhları topla başına,
Bələ gözlərini,  sevinc yaşına,
Adını yazıbdı köksü başına,
O qiblə Kəlbəcər, vətən Kəlbəcər.

Elbariz Məmmədli

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 16-11-2020 17:20
Baxış sayı: 3388
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını