"Dindir, ürək gəlsin dilə, sızıldatma bilə-bilə..."- Zal Cabbarlı

11-09-2020 16:47
"Mey içib, baş isinəndə canha-cana nə var ki?!
Çətin vaxtda az tapılar ürək dostu dar günü".
                                           Zal Cabbarlı

Zal Xəlil oğlu Cabbarlı  1916 cı ildə  Kəlbəcər rayonunun Qamışlı kəndində anadan olmuşdur. 1933 cü ildən müəllim kimi fəaliyyətə başlamışdır. Və sonralar müxtəlif illərdə məktəb direktoru, Rayon Xalq Maarif Şöbəsinin müdiri, Məişət Xidməti Kombinatının direktoru, “Qızıl Maldar” qəzetinin redaktoru və bir sıra mühüm vəzifələrdə çalışmışdır. Rayonun ictimai-siyasi həyatında böyük rolu omuşdur. Hələ gəncliyindən yazdığı şeirlər dillər əzbəri olmuş və məclislərin bəzəyinə çevrilmişdir.
Şair Zal Cabbarlı 1989 cu il 5 noyabrda dünyasını dəyişmişdir. Zal Cabbarlı indinin özündə də camaatımız tərəfindən xoş xatirlərlə anılır. Ruhu şad olsun. Şairin iki şerini qədirbilən oxucularıma çatdırıram. Hər iki şeri möhürləyib şair. Yaradıcılığı da kimsəyə bənzəməz.
Şairin hələ gəncliyimizdən əzbərimdə qalan bir şeri:

DAYNA

Həsrət-həsrət, heyran-heyran
Baxır baxsın, gözdü, dayna..
Üzündə gül rəngi görüb,
Elə bilir yazdı, dayna...

Dindir, ürək gəlsin dilə...
Sızıldatma bilə-bilə...
Deyib-danış, gülə-gülə,
Şirin söhbət-sözdü, dayna...

Görmürsənmi qocalıb Zal?!
Baş ağarıb, saqqalı çal...
Özün deynən:-Bir busə al...
Qurtarmaz ki, üzdü, dayna...

DİVANİ

Məslək  dostu, gərək dostu özü gələr var günü..
Necə zənbur şirə çəkır şana, xoş bahar günü.
Mey içib, baş isinəndə canha-cana nə var ki?!
Çətin vaxtda az tapılar ürək dostu dar günü.
​​​​​​​​​​​​
Oxunmamış bir kitabdı, bilmək olmaz mənanı...
Çətin işdi, asan deyil tez tanımaq insanı..
Dost desəndə sınamamış tez çevirmə arxanı...
Öz nəfsinə satar səni namus günü, ar günü.

Çox deyilib hər nəsihət, Zal özgə söz tapmadı..
Saç ağartdı, baş sındırdı ilqara- düz tapmadı..
Dost demişdi o kəsə ki, evinə köz tapmadı..
İsitməyə əl ayağın boran günü, qar günü...

Yusif Hüseyn, şair-tədqiqatçı 
08 sentyabr 2020 ci il
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 11-09-2020 16:47
Baxış sayı: 31 295
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını