"Mən, sənə ruhumu qurban demişəm..."- Xəqani Həbiboğlunun "SEVGİ ŞƏKLİ"

02-09-2020 19:04
“Əcəlim suynan gəlsə, kaş ki Araz apara,
Orda həzin laylalar hər iki taydan gəlir”
Xəqani Həbiboğlu

Dostlar, mənim bir deyimim var: “Açmadığın kitabı oxuya bilməzsən. Oxumadığın kitab haqqında fikir söyləmək günahdır”
Xəqani qardaşım, kitabını neçə gündü vərəq-vərəq oxuyuram ki, dediyim fikirlərdə reallıq olsun. Heç xoşum gəlmir ki, yeni bir kitabı əlinə alan kimi tezcə şəklini çəkib, feysdə paylaşasan və həmin kitab haqqında hansı fikirlərisə yazasan. Təbrikimin əsas gecikmə səbəbi budur..İndi isə keçək sənin şeirlərinə və yaradıcılığına..
Dəsti-xəttinə görə çox şairlərdən fərqlənmisən. Şükür ki, yaradıcılığında kimlərisə təkrarlamırsan. Bunu uzun illər yaradıcılığına yaxından bələd olan bir dost kimi deyirəm:

Yaman qara gecədi, zülmünü Günəş kəssin,
Ulduzlar gizlənibdi, qorxudan, Ay dan gəlir.
Özgənin kədərindən sevinc sarayı qurur,
İnsan yasa gedən gün, şeytanlar toydan gəlir.

...Əzrayıl aparmamş, arzu, muraz apara,
Yönü Dəli dağ sarı, barı bir az apara.
Əcəlim suynan gəlsə, kaş ki, Araz apara;
Orda həzin laylalar hər iki taydan gəlir.
 
Əhsən, şair, eşq olsun bu təbinə. Səni çox tərifləməyəcəm.. Yoxsa deyərlər ki, dostunu tərifləyir. Amma məcburam ki, Xəqani Həbiboğlunun öz mübarək deyimlərini öz oxucularımla da bölüşəm:

Elə uzaqlaşır insan özündən,
Dönmək istəsə də qayıda bilmir.
İsgəndərin dərdin, quyu dağıtdı,
Çoxunun dərdini quyu da bilmir.

Dərdimə, qəmimə dayaq- gecələr,
Alırlar üstümə ayaq,  gecələr.
Bu çimir bilməyən oyaq gecələr,
Bircə nisgilimi uyuda bilmr.

...Bu ömrü dağlara qurban demişəm,
Qurban da qadanı sovuda bilmir.
...Yaralı Vətənin yazıq şairi,
Şirin arzular da ovuda bilmir.

Xəqani Dəlidağ sanan ürəyi, 
Bəs indi neyləsin, sınan ürəyi?!
Çeşmə həsrətiylə yanan ürəyi,
Bu boyda Kür çayı soyuda bilmir.

Nöqtələr....nöqtələr...Gərək bu ağır köçkünlük həyatının ağrı-acılarını yaşayasan ki, yazdığın şeir də ürəkləri dilləndirə, bir daha sızıldada. Qaçqın- köçkün həyatını yaşamayan heç bir şair bu dərdi, bu nisgili belə deyə bilməz. Var ol qardaş!
Xəqani düşmən əlində olan elimizin cəngavər  oğlu Dilqəmin dərdini də yeri gəldikcə özüünə məxsus metaforaalarla bir daha bizlərə xatırladır:

Teymur yaralara ləl bağlayardı...
Yaram açıq qaldı, ləlim gəlmədi...
Həyat kitabında vüsal fəsli var;
Görən niyə həmən bölüm gəlmədi...

Şəmşirin yurdunda qurdular tələ...
Nə qədər sürəcək bu sitəm belə?!
Zirvələr göz yaşı axıdır hələ...
Boy buluda çatdı, elim gəlmədi...

Dağlar- özümüydüm..Dağlar-hamıydı,
Xəqani xəyalda hələ xamıydı.
Dilqəm o dağların teleqramıydı!
Sorağım, igidim, dəlim gəlmədi.

Allah Dilqəmin və Şahbazın qapılarını özü qeybindən açsın, qardaş...
Xəqani, qardaşım bu nəşrində də mənə ağah oldu ki, poeziya aləminə təsadüfi gələnlərdən deyilsən. Bunu kitabını vərəqlədikcə, oxuduqca özlüyümdə bir daha təsdiq etdim. Başqa bir nüans diqqətimi cəlb elədi. Kitabın ön sozünü Avropada qədərincə tanınan Əslən Xorvatiyadan olan alim xanım Vera Horvat yazıb. Bu yazı sənə və yaradıcılığına verilən dəyərdir.”Smederova poeziya payızı” festivalının baş mükafatı “Qızıl Açar” isə bunu təsdiqləyir. Bir daha yeni-yeni uğurlarına inandığımı deməyə cəsarətim çatır. Allah yaxşılara qiymət verməyi bacaranları qorusun, hələ ki, Azərbaycanımızda bunlar yoxdur...
Şairdə mövzu kasadlığı yoxdur. Bütün mövzularda yaradıcılığını ehtiva edir Xəqani Həbib oğlu.
Şairin məhəbbət mövzusunda bir şerini sizlərə təqdim edirəm, dostlar:

Adına bal kimi süzülür şeir,
Allahdandı, yoxsa hardan, demişəm.
Səni tanıyandan eşqdən yazıram,
Səni tanıyandar, yardan demişəm.

Yuxu yox gözümü uyutmaq üçün,
Yol yoxdu geriyə qayıtmaq üçün.
Alışan qəlbimi soyutmaq üçün,
Arada zirvədən, qardan demişəm.

Köz məndən sərindi, kömür nə şeydi?!
Yanında almas-mis...Dəmir nə şeydi?!
Beş günlük mənasız ömür nə şeydi?!
Mən, sənə, ruhumu qurban demişəm...

İnsafən gözəl şeirdi qardaş. Əhsən bu deyimlərinə!
Bu məqamda kitabının nəşrində zəhməti olan dostlarıma da öz təşəkkürlərimi bildirməsəm məndən inciyərlər. Həqqiqətən də mübarək bir nəşr,mübarək bir kitab oxuculara təqdim ediblər. Bəzi xırda nüanslar olur də kitab nəşrində. Balaca bir hərif bütün fikri dağıdır.Bu da kitabın göz muncuğu olsun deyirəm dostlar. Naşir dostumuz Cəfər Əziz oğlu və redaktor Əlövsət Ağalarov. Allah sizləri qorusun!
Hörmətli şeir həvəskarları, bu kitabı tapın oxuyun. Sizi iandırıram ki, ruhunuz dincələcək.
Dostlar, Xəqani Həbiboğlu yaradıcılığından yaxşı mənada çox-çox yazmaq olar. Amma hər şey qədərində olanda daha gözəl olur, elə deyilmi?! Və şairin bir gəraylısı ilə bu yazıma da sonluq vermək daha xoş olardı. Yeni yeni uğurlar diləyirəm Xəqani qardaşım. Son arzum isə Sizinlə birlikdə Mansırın gözündən bir qurtum su içməkdir. Bəlkə yanğımızı o sular söndürə:

Eşq şərabdı, camin olum,
Arzun olum, kamın olum.
Dünya zülmət- şamın olum,
Gilə-gilə ərit məni...

Bardan əyir budaqların,
Ölsün təşnə dodaqlarım.
Kərəm yandı, ..Mən ağladım,
Aç yaxanı, kitit məni.

Taleyin kürü yaxşıdı,
Sevdanın sirri yaxşıddı.
Sevənlər diri yaxşıdı,
Sən canın az çürüt məni...

Yusif Hüseyn, şair-tədqiqatçı, 
"Qızıl Qələm" mükafatı laureatı
02 sentyabr 2020 ci il

Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 02-09-2020 19:04
Baxış sayı: 3582
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını