Paşa Talıblıdan yeni şeirlər: "Mən dərviş deyiləm, qəm ustasıyam..."

04-07-2020 18:25
...Heç deməzdim, bərgi-güldü gecələr, 
üç nöqtədi ya vergüldü gecələr. 
Fərağımdan göy töküldü gecələr 
həm də necə.. xatırlamaq necolur? 


Dalidag.az Paşa Talıblının yeni şeirlərini təqdim edir:
*** 
(Emil Rasimoğlunun "gecə-gecə xatırladım" möhtəşəm misrasının yan-yörəsində halə gətirdiyim şeir) 
 
"Gecə-gecə xatırladım" deyirsən... 
Gecə-gecə xatırlamaq necolur? 
...diyar-diyar, şəhər-şəhər, kəndbəkənd, 
küçə-küçə xatırlamaq necolur? 
 
Heç deməzdim, bərgi-güldü gecələr, 
üç nöqtədi ya vergüldü gecələr. 
Fərağımdan göy töküldü gecələr 
həm də necə.. xatırlamaq necolur? 
 
Tənhalıqdan keçib qəflə-qatırla 
Qürbətçılər günü-günə satırlar... 
Sən də məni bax beləcə xatırla, 
bax beləcə.. xatırlamaq necolur? 
 
Bir kəmtərəm altunum yox zorum yox, 
Bir ölmüşəm kəfənim yox gorum yox. 
Filhəqiqət səndən özgə sorum yox 
Sayın Baça, xatırlamaq necolur? 
 
*Baça -Orta Asiyada çox cavan adama deyrlər. 
 
*** 
...ya aran şairi ya dağ şairi, 
həqiqət şairi ya haqq şairi 
ya xalqın şairi ya xalq şairi 
deyilənə görə şairlər ölmür. 
 
Çiçəyə gülaba dönənləri var, 
ağrıya, əzaba dönənləri var, 
yazıya kitaba dönənləri var... 
Deyilənə görə şairlər ölmür. 
 
Seçdim irdələdim öyülənləri; 
yaxşı qalanları yey ölənləri. 
Paşam der, deyirəm deyilənləri; 
Deyilənə görə şairlər ölmür. 
 
*** 
Olacaq, yahu, olacaq 
daş atan Elvin Paşaya. 
Tanrı özü dözüm versin 
başacan Elvin Paşaya. 
 
Evdə külfəti var, axı... 
Neyləsin bu yetim fağır? 
...özü bir Allaha baxır, 
beş adam Elvin Paşaya. 
 
Qalmamış harası qaldı, 
bir bağır yarası qaldı. 
...üzünün qarası qaldı 
Paşadan Elvin Paşaya. 
 
*** 
Cəmi-aşiqlərin cəmi neçədi? 
Məndən soran olsa cəm ustasıyam. 
Gülgün şərab üçün badə gərəkdi... 
Badə nədi, yahu, cam ustasıyam. 
 
Yaraşır hay əyri, haray dikinə... 
Mən hər gün, hər saat, hər ay tikirəm; 
Bağlı könüllərə saray tikirəm 
Tikməyin dostuyam həm ustasıyam. 
 
Paşam der, sofudu ruhu təmizlər... 
Qulun da haqqı var, haqqı yeməzlər! 
Yetənə qəm dostu sofu deməzlər 
Mən dərviş deyiləm, qəm ustasıyam. 
 
Paşa Talıblı 
Dalidag.az




Kateqoriya: Poeziya-nəsr
Tarix: 04-07-2020 18:25
Baxış sayı: 3870
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını