Bütün titullardan yüksəkdə duran Musa Yaqub ucalığı

10-05-2020 16:22
Sözün Allahı dedilər, magikanı dedilər ona. Mənsə sadəcə MUSA YAQUB deyirəm, SÖZ ADAM deyirəm. Adı bütün titullardan yüksəkdə duran, sözü söz ucalığına qovuşan, ruhundan sevgi ələnən Şairin 83 yaşı oldu bu gün. 
Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim (1957-1958), Buynuz kənd ibtidai məktəbində müəllim və müdir (1958-1967) işləyib. ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb(1967-1973). Həmin illərdə Buynuz kənd 8 illik məktəbinin müdiri olub. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışıb (1974-1978). İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru olub(1978-?).
Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayıb. Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. Azərbaycan KP İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları Soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub(1979-?). İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilib. M.F.Axundov adına mükafata layiq görülüb. Şair uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkir.
Musa Yaqub 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülüb.
Şairi doğum günü münasibətilə təbrik edir, Tanrıdan ona şəfa diləyir, uzun ömür arzulayırıq.

Dalidag.az Musa Yaqubun şeirlərini təqdim edir:
Sevinc Qərib

ONDA BİLƏCƏKSƏN

İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram…
Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda bilcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdin-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin,
Bir gülər üzün var,
Amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.
Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq...

SƏHRA YANĞISI

Ömrüm səhra yanğısı,
Yox əkində, biçində.
Qum yandırıb Məcnunu,
Qalıb külün içində.

Öz eşqimi aradım,
Nə tapdım, nə yarıdım,
Gül üstündə qanadım,
Bir kəpənək gücündə.

Ah, bu dövran, bu dövran -
Keçmək olmur yanından,
Girib dəyirmanından,
Çıxdım başqa biçimdə.

Gecə uzun, gün yasaq,
Hava duman, yol uzaq.
Mən bir asi yalquzaq.
Qurd ulayır içimdə.

ÖMRÜN YAŞIL ÜMİDİ

Bu bahardan
Bu il yaman xoşum gəldi.
Tənəklərdən damcı-damcı
Axıb sevinc yaşım gəldi.
Könlüm mənim
Bu il yaman göyərəcək.
Damar-damar qaynayacaq,
Açılacaq budaq-budaq,
Sevgi-sevgi, çiçək- çiçək.
Həsrətimin qara daşlı
Ocaq yeri bitməz olsa,
Ordan həzin
Bir göynərti dikələcək.
Umidimdən-
Köhnə arxac yeri kimi
Tək elə bir qarışından
Min göyərti dikələcək.
O göy üzü
Damar-damar ki,deyirlər,
Sınıq könlü
O kim yamar ki,deyirlər -
O sınıqlar tikiləcək.
Yerdən kəsik budaq kimi
Bir də qalxıb dikələcək könlüm bu yaz,
Calaq kimi pöhrə-pöhrə açılacaq hər düyünü.
O ümidsiz ümidimin daha heç vaxt
Pöhrələnə bilməyəcək kötüyünü
Bürüyəcək sarmaşıqlar.
Örtəcək o yaraları lehim-lehim göy işıqlar.
Necə bəyəm?
Bəs baharla
Aşıb-daşmaq necə olur?
Köhnə qəlblə
Cavanlaşmaq necə olur?
Bu bahardan
Bu il yaman xoşum gəldi.
Tənəklərdən damcı-damcı
Axıb sevinc yaşım gəldi.
O yaşımdan kobudluğum
Bir cüt çiçək bitirəcək zərif,kövrək.
Könlüm yaman göyərəcək bu baharda
Ümidlərdə,arzularda.

ÖLÜRƏM BİR DƏLİ SEVGİDƏN ÖTRÜ

Uğursuz yolu da uğurlandıran,
Qranit qayanı cığırlandıran,
Atəşində əhəng daşı yandıran
Ölürəm bir dəli sevgidən ötrü.

Elə içildikcə doyulmaz olan,
Baxıldıqca gözdən qoyulmaz olan,
Sehrli sevdadan ayılmaz olan,
Ölürəm bir dəli sevgidən ötrü.

Lap belə sonuncu nəfəsə qədər,
Son günə, son ana, son sözə qədər
Qəlb-qəlbə, əl-ələ, göz-gözə qədər
Ölürəm bir dəli sevgidən ötrü.

Nə sərhəd, nə bir hədd, nə qanun qanan,
Eldə təndir-təndir qucağı yanan
Sinə daşında da ocağı yanan
Ölürəm bir dəli sevgidən ötrü.

Suda da, odda da yaşaya bilən,
Ən çətin əzabı daşıya bilən.
Vüsalda dirilən, hicranda ölən
Ölürəm bir dəli sevgidən ötrü.

Füzuli demişkən, kuyi-yar vətən,
Əkiz budaq kimi qovuşan bədən.
Qırdıqca göyərən, kəsdikcə bitən
Ölürəm bir dəli sevgidən ötrü.

HƏLƏ GÖZLƏMƏ

Məni yerim olan yerdə gözləmə,
Hələ heç axtarma, bir də gözləmə.
O məqam yerimi tutub durublar,
Durub elə bil ki, oxlov udublar.

Hələ qabağıma kötük atan var,
Şerimin üstünə örtük atan var.
Nəşrdən, dərslikdən atıb sözümü
Adımın üstündən ad yazıbdılar,
Öz ağızlarına dad yazıbdılar.

Sözün min dərdi var, qələm kef deyil,
Vurub özlərini görməməzliyə
Məni bilməzlərə sözüm sərf deyil

Yerimdən deyilən söz qorxuludur,
Mənim də əlim yox dava-dalaşda,
Çoxu şahquludu, ağaquludu
Keçib oturublar yuxarı başda.
Məni yerim olan yerdə gözləmə
Adımı axtarıb bir də gözləmə.

Çəmən, çiçəyim var,
arılar bekar –
Hələ səmənd atım örükdə qalıb.
Fırlanır havada arıquşular,
Arılar gözləyir pətəkdə qalıb.
İndi arı qonmaz gülə gözləmə
Pətəkdən o balı hələ gözləmə.

Qoy arıquşular gedib əkilsin,
Qoyun o sel yatsın, duman çəkilsin
Qoy bir yaxşı gəlsin yaman çəkilsin,
Tamahlar, günahlar səngisin bir az-
Mənafe oyunu dursun geriyə;
Onda bəlkə mənim sözüm yeriyə .

Məni yerim olan yerdə gözləmə
Heç hələ axtarma, bir də gözləmə

UZUN GECƏLƏR GƏLİR

Uzun gecələr gəlir
Tənhalar üçün ağır.
Yaxınlar necə uzaq,
Doğmalar necə fağır.

Uzun gecələr gəlir
Gözdən yuxu qaçıb
dostlar kimi
Dindirməyə bir könül,
Taylar içrə tayın yox.
Bütün oyunlar bitib,
Baş qatmağa oyun yox.
Dünyanın zəhri varsa,
İçmişik qurtarmışıq.
Bütün aldanışları
Keçmişik, qurtarmışıq.

Uzun gecələr gəlir-
Atlas olsun,ya ipək,
Daş kimi yorğan-döşək
Söykən daş balışlara...
Yazığım gəldi birdən
Qazıq oyma daşlara...
Fikirlər oyur könlümü
oyum-oyum
Daha bənövşəm yox
Dərib sinəmə qoyum.
Uzun gecələr gəlir...
Yuxular çəkilir ərşi-əlayə,
Bu nə mahnıdı belə
Yayılıb səmayə?
Qaytar məni, qaytar məni!
Mən pəriyəm,mən mələyəm,
Göylər üzü dartar məni!
Dartar məni!
Qaytar məni, qaytar məni-
Gördüyüm qırmızı yuxudu bəlkə,
Fələyin fırlanan çarxıdı bəlkə...

Uzun gecələr gəlir,
Ağacların əli çılpaq,
Tutmağa həvəsim yox.
Ovcumu isitməyə
Əvvəlki nəfəsim yox.

Uzun gecələr gəlir,
Xatirələr işarir orda,burda-
İsildaqus kimi
Somsoyuq bir şey
Yarı həsrət,yarı giley.
Xoş bir xatirə tutmaq-
Qaranlıqda qara pişik
Tutmaq qədər çətin...
Hardasa işıq düşür
Süzülür bu qara sətin;
Kiminsə yanır çırağı ,
Uzaq işığın istisi yox,
Yaxın qaranlığın dayağı...

Uzun gecələr gəlir,
Ölməmişik nə əcəb?!
Zəmanəylə sözüm çəp,
Dövrana qarşı asi.
Bezdim bu asilikdən
Gözümün yaşı adı,
Gündüz qısa,səbirsiz
Ömrümün yaşı asi,
Bezdim bu asilikdən-
Ölçüsü , biçisi yox,
Nə çıxar bu namərd
Dövrana qazilikdən?!

Uzun gecələr gəlir,
Ümidimi uçururam sabaha
Alatoran havada.
Ümidin də həvəsi yox uçmağa
Bir yarasa qanadında qayıdıb
Mürgüləyir yuvada.
Suyu çəkilmiş ağaclar
beləcə mürgüləyir.
Daha keçə bilmədiyim cığırı
Hörümçək hörgüləyir.

Uzun gecələr gəlir,
Odu ha!göründü,göründü!
Necə xoşdu ,Allahım,
Ağ buludlar kimi
Uzun gecələrdən süzülüb
Dan yerini agartdi ahim!
Tut əlimdən,sabahım ,
Qalxım bu uzun gecələrdən?!

BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,
Körpə budaq əl açıbdır yağışa.
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim.
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm.
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz.

TALEYİN QİSMƏTİ
 
Taleyin qisməti rast saldı bizi.
Yolumuz haradasa qırılacaqsa,
İtirəcəyiksə, bir-birimizi,
Xatirəm yadında qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa,
Bu tellər mənimki olmayacaqsa,
Gəl məni, özünə öyrətmə məni,
Hicran qorxusuyla göynətmə məni.

Əlimi saçıma öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə,
Üzümü üzünə öyrətmə belə,
Mən bir az baharlı budaq kimiyəm,
Bir az da sadəlövh uşaq kimiyəm.
Bala atasına qovuşan kimi,
Leylək yuvasına yovuşan kimi,
Arı gül-çiçəyə uyuşan kimi,
Eh, mən də adama tez yovuşanam,
Sevgi atəşində tez alışanam.
Amma ki, sönməyim çox çətin olur,
Sevgidən dönməyim çox çətin olur,
Öyrətmə özünə, öyrətmə məni.

Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi;
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadığın
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün içində ömür doğulur.
Bu şirinim acı olacaq isə,
Bir qismət çiçəyim solacaq isə,
Öyrətmə özünə, öyrətmə məni.

Könlümdə yerin var, qopmaz yerindən,
Bir əkiz ləçəyi, haça budağı
Ayırmaq olmursa biri-birindən,
Məni də ayırmaq çətindir, axı
Öyrətmə özünə, öyrətmə məni.
Yox buna taqətim, yox buna tabım,
Əlimi əlindən üzmək əzabım,
Sonra bu əzaba dözmək əzabım…
Yoxsa da, könlümün sınıqları var-
Hicranın köz basmış yanıqları var
Mənim dərdlərimin ayaqları var-
Harda olsa, gəlib tapacaq məni.
Yaxıb yandıracaq bu ocaq səni
Gəl məni özünə öyrətmə belə,
Əlimi əlinə öyrətmə belə,
Gözümü gözünə öyrətmə belə…

Musa YAQUB
Dalidag.az


Kateqoriya: Poeziya-nəsr
Tarix: 10-05-2020 16:22
Baxış sayı: 4845
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını