İndi "Simurq"un qəhrəmanlara ehtiyacı var...

23-08-2026 11:00

Bəlkə də mövzuya münasibət bildirməyə gecikmişəm. Haqqında danışılıb, yazılıb, ictimailəşdirilib. Bir yandan da düşünürəm ki, bu elə-belə mövzu deyil. Və problem həllini tapanacan mövzunun gündəmdə qalması mütləqdir. Həm də bu sadəcə, münasibət bildirmək deyil, bir vətəndaş, bir qələm adamı, nəhayətdə Laçın sakini olaraq yaranmış vəziyyətə etirazımdır. 
Səhhətimlə bağlı bir müddət telefon və internet resurslarından, sosial şəbəkədən uzaq qalmalı oldum. Bu səbəbdən hər şeydən xəbərsiz və məlumatsız, bir sözlə, dünyadan təcrid idim. 
Artıq bir neçə gündür xəbərləri izləyirəm. Təbii ki, sosial şəbəkədən də yan ötmürəm. Qarşıma çıxan bir paylaşım məni hədsiz dərəcədə kədərləndirdi. Çox böyük təəssüf hissi ilə boğazımda düyünlənən qəhəri boğmağa çalışdım. Az hallarda hiddətlənərəm. Bu məsələ məni əməllicə özümdən çıxartdı.
Bilirəm, uzaqdan gəldim. Ancaq içimdəki hayqırtını sakitləşdirmək üçün buna məcburam. Söhbət gözəlim Laçında fəaliyyət göstərən "Simurq" kitabxanasının bağlanması xəbərindən gedir. Doğrudur, bir neçə ay əvvəl kitabxananın əməkdaşı Zülfiyyə xanım söhbət əsnasında kitabxananın başı üzərində qara buludlar fırlandığını nəzərə çatdırmışdı. Ancaq müəyyən tədbirlər görüldüyünü də bildirmişdi. Sonra başım qarışdığından əlaqə saxlaya bilmədim və düşündüm ki, indiyə qədər problem həllini tapmış olar. Yəni, kitabxananın rəsmi olaraq bağlanmasının qarşısının alınacağına inandım.  Məsələnin bu yerə çatacağını ağlıma belə gətirməzdim. Biz kitabxana üçün yeni, geniş bina ayrılacağını, mərkəzləşdirilmiş kitabxana sisteminin yaradılacağını gözləyərkən, hansısa qurumun "lütf edib" ayırdığı kiçik otaq belə kitabxanaya çox görülübmüş. Bildiyim qədər "Simurq"un cəmi iki işçisi var. Hal-hazırkı mənzərəyə görə həmin iki əməkdaşın və onların sayəsində ianə ilə toplanmış kitabların taleyi ilə oynanılır. Məlum olur ki, işçilər altı aydır əmək haqqı almır. Daha doğrusu, onların işinə xitam verilib. İndi də kitabxananın boşaldılması göstərişi verilib. Nədənsə kitabxananın tabeliyi "Bakı Abadlıq Xidməti" MMC adlanan quruma aid imiş. Və indi o qurum Laçın kinoteatrının (Lacinema) binasında kitabxana üçün ayırdığı otağı geri istəyir. Birbaşa Mədəniyyət Nazirliyinin üzərinə düşən vəzifədir ki, bu problem tez bir zamanda həll olunsun. Ölkənin hər yerində kitabxanalar hansı nazirliyin nəzarətindədirsə, Laçındakı kitabxana da o quruma "övlad" olmalıdır. Ögeylik göstərilmədən. Bir təəssüf edici məqam da odur ki, kitabxana gəlirsiz olduğu üçün gərəksiz olub. Hər addımda maddiyyatı önə çəkənlər, yenə mənəvi dəyərləri boğmağa çalışırlar. Kitab hər zamanın, hər dövrün zənginliyidir. Mədəniyyət göstəriş üçün olmamalıdır. Bir çox sahələrdə olduğu kimi yalançı, şişirdilmiş statistik məlumatlar, yuxarılara xoş gəlmək prinsipi, "gözdən pərdə asmaq" amalı burada da özünü yaxşıca göstərir.
İddia olunur ki, yer haqqı və kommunal xidmətlərin ödənilməsi qarşılığında otaqdan istifadə mümkündür. İşçilərə maaş verilməsi isə ümumiyyətlə, birmənalı rədd edilir. 
Az qala bir qərinə işğalda qalmış rayonumuzun əyilmiş çiyinlərini düzəltmək, onun yaralarını sağaltmaq bizim borcumuzdur. Bunun iqtisadi tərəfini dövlət təmin edirsə, bizə düşən yurdumuzun mənəvi həkimi olmaqdır.
Bu əsla pafos deyil!
Dirçəliş mədəniyyətdən başlayır. Biz niyə təbliği mütləqlik daşıyan, bu gün kimlərəsə gəlirsiz görünən, əslində isə mənəvi zənginliyimizin, gələcəyimizin təminatı olan kitab və kitabxanaların taleyini kimlərinsə ümidinə buraxırıq.
Aidiyyəti nazirlik bu məsələni birmənalı nəzarətə götürməlidir.
Bildiyim qədər kitabxananın işçiləri təzyiqlərə baxmayaraq, könüllülük prinsipi ilə bu gün də işlərinin başındadırlar. Həm də təmənnasız. Hansı ki, hər iki xanım peşəkar kitabxanaçıdırlar. İllərlə mərkəzdə peşələri üzrə layiqincə çalışıblar. Və yurda sevgi hissi onları azad Laçında işləmək, insanların maariflənməsinə yardımçı olmaq, kitabı təbliğ etmək missiyalarını burada da davam etdirməyə sövq edib. Maddi təminatlarının hansı səviyyədə olması onlar üçün əsas meyar olmayıb. Peşə və yurd sevgisi, inkişafa qatqı və töhfə, mənəvi dəstək vermək istəyi bu işıqlı amalın təzahürüdür ki, bu gün kitabxanaçı xanımlar - Zülfiyyə və Natavan əzmlə, sınmadan sonacan kitabların "anası" olmaqda israrlıdırlar.
Bu yolda onlara yorulmazlıq və dəyanət arzu edirəm.
Kiminsə maraqları üzərindən mədəniyyətimizə zərbə vurulmasına imkan verilməməlidir.
Nağıllarda dara düşən qəhrəmanlar simurq quşunun lələyini yandırıb köməyə çağırardılar. Bu gün "Simurq"un qəhrəmanlara ehtiyacı var. Məsələni gündəmdən çıxarmayaq, mütləq həllini tapmasına nail olaq. Həm də kitabxananın adını daşıdığı Tağı Şahbazi əfəndinin ruhunu şad etmiş olarıq.

Sevinc QƏRİB
AJB və AYB üzvü


Dalidag.az



Kateqoriya: Mədəniyyət
Tarix: 23-08-2026 11:00
Baxış sayı: 3146
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını