Namiq Dəlidağlının şəhid Sahib Musayevə həsr etdiyi kitabın təqdimatı keçirilib - ŞƏKİLLƏR

25-06-2025 18:38
Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində AYB-nin və AJB-nin üzvü, şair-publisist Namiq Dəlidağlının şəhid Sahib Musayevin xatirəsinə həsr etdiyi "Bitməyən ömrün yarımçıq gündəliyi" adlı yeni kitabının təqdimatı keçirilib.  
Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, ictimaiyyət nümayəndələri, şəhid ailələri, şəhidin döyüş yoldaşları, yazarlar, Sahib Musayevin ailə üzvləri iştirak edib.
Əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə çiçəklər qoyulub, xatirəsi anılıb.
Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Sahib Musayevin həyatını əks etdirən qısa videolent təqdim olunub.
Tədbirin aparıcısı Könül Muxtarova çıxış üçün sözü Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə verib. 
İcra başçısı çıxışında bildirib ki, şəhid ailələrinə, qazilərə, veteranlara qayğının göstərilməsi dövlətimiz və xalqımızın qarşısında duran müqəddəs vəzifədir. Ali Baş Komandan, cənab İlham Əliyev şəhid ailələrini, müharibə əlillərini daimi diqqətdə saxlayır, onlara lazım olan qayğı göstərir. Bu, cənab Prezident tərəfindən müəyyən olunmuş dövlət siyasətinin əsas tərkib hissəsidir.
O şəhid Sahib Musayevin şücaətindən, döyüş yolundan bəhs edib, bu gün onun ailəsinin də diqqət mərkəzində saxlanıldığını bildirib. İcra başçısı Sahib Musayevin qəhrəmanlığına həsr olunan “Bitməyən ömrün yarımçıq gündəiyi” kitabının əhəmiyyətindən danışıb. 
Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid anası Xatirə İsmayılova çıxışında təsirli məqamlara toxunub, şəhid ailələrinin Abşeron rayon icra hakimiyyəti tərəfindən diqqət və qayğı ilə əhatə olunduğunu vurğulayıb.
Kitabın müəllifi Namiq Dəlidağlı 44 günlük Vətən müharibəsində şəhid olan Sahib Musayevin igidliyindən, cəsurluğundan bəhs edib, “Bitməyən ömrün yarımçıq gündəliyi” kitabından söz açıb. Kitabda Şuşa fatehlərindən biri olan Sahib Musayevin doğmalarının, döyüş yoldaşlarının, dostlarının xatirələri, onun yarımçıq gündəliyindən qeydlər, ömrünün müəyyən məqamlarını əks edirən rəngli foto-albom, müəllifin şəhidin xatirəsinə həsr etdiyi şeirlər yer aldığını söyləyib. Bu kitabı şəhidin yarımçıq gündəliyinin ardı kimi dəyərləndirib.
O bu gün Sahibin və bütün şəhidlərimizin ruhunun şad olduğunu dilə gətirib. Uğrunda can verdikləri müqəddəs yurd yerlərimizin artıq azad olduğunu vurğulayıb.
Şəhidin qızı Sahibə Musayeva atasının qəhrəmanlığından, şərəfli ömür yolundan danışıb, atasıyla qürur duyduğunu bildirib. Şəhidlərin tarix yazdığını, bizim isə o tarixi yaşatmalı olduğumuzu qeyd edib.
Döyüş yoldaşı, ehtiyatda olan xüsusi təyinatlı Elvin Rəsulov Sahibin igidliyindən, qorxmazlığından, keçdiyi döyüş yolundan qürur hissi ilə danışıb. Sahibdən çox şey öyrəndiyini və onun cismən yoxluğunun yaratdığı boşluğu heç nəyin doldurmadığını dilə gətirib. Şəhidin övladlarına hər zaman dəstək olmağa hazır olduğunu bildirib.
Ömür-gün yoldaşı Pərvin Musayeva Sahiblə bağlı kövrək xatirələrini bölüşüb, onun qayğıkeşliyindən, ailəsinə, övladlarına hədsiz bağlılığından və sevgisindən danışıb. Namiq Dəlidağlının Sahibə həsr etdiyi şeiri söyləyib. Şəhidin xatirəsinin daimi əziz tutulacağını və unudulmayacağını vurğulayıb.
P.Musayeva icra başçısına və tədbir iştirakçılarına minnətdarlığını bildirib.Tədbirin bədii hissəsində tanınmış müğənni Mirələm Mirələmov və Türkər Şabanova lirik mahnılar ifa ediblər.

Qeyd edək ki, Sahib Musa oğlu Musayev 21 iyul 1984-cü ildə Qax rayonunun Şotavar kəndində anadan olub. 2001-ci ildə tam orta məktəbi bitirib. Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçib. 
19 oktyabr 2002-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq kəşfiyyatçı-istehkamçı, baş kəşfiyyatçı, manqa komandiri vəzifələrində xidmətini davam etdirib. 
2006-cı ildə Azərbaycan Respublikası silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirib.
Azərbaycan Respublikası Müdafiə nazirinin 4 mart 2006-cı il tarixli əmri ilə “gizir” hərbi rütbəsi verilib. 
Xüsusi təyinatlı alayın xüsusi təyinatlı qrupunun kəşfiyyatçısı (sanitar), xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifələrində xidmət edib.
Vətən müharibəsində xüsusi əməliyyat tapşırıqlarının uğurla yerinə yetirilməsində şəxsi şücaət nümunələri göstərib. Qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gəlib. Bir çox yaşayış məntəqələrinin işğaldan azad edilməsində xüsusilə fərqlənib. 
2020-ci il noyabrın 7-də Şuşa şəhəri ərazisində kəşfiyyat-döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 
Sağlığında “Azərbaycan Ordusunun 90 illiyi (1918-2008)”, “Azərbaycan Ordusunun 95 illiyi (1918-2013) ”, “Qüsursuz  xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Ordusunun 100 illiyi(1918-2018)”, “Şücaətə görə”, ölümündən sonra isə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərdiyinə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Şəhid 12 noyabr 2020-ci ildə doğulduğu Qax rayonunun Şotavar kəndində torpağa tapşırılıb. Ailəli idi. Bir qız və bir oğul yadigarı qalıb. 

Sevinc Qərib
AYB və AJB üzvü


Dalidag.az
















Kateqoriya: Mədəniyyət
Tarix: 25-06-2025 18:38
Baxış sayı: 3256
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını