“TRT World” Başlıbel faciəsi haqqında film çəkib

09-07-2021 13:20
Türkiyənin “TRT World” kanalı Başlıbel faciəsi haqqında qısametrajlı sənədli film çəkib. İngilis dilində yayımlanacaq film yaxın iki ay ərzində tamaşaçılara təqdim olunacaq.

Dalidag.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist, Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabıbının müəllifi Elxan Salahov bildirib. O, qeyd edib ki, film Kəlbəcərin işğalı zamanı erməni quldurlarının Başlıbel kəndində köməksiz vəziyyətdə qalan 62 kənd sakininin 4 aya yaxın davam edən mügasirə həyatından bəhs edir. Filmdə kütləvi qətliam zamanı ən çox zərər çəkmiş üç ailənin timsalında Başlıbel faciəsinin dəhşətli məqamları şahidlərin dili ilə dünya ictimaiyyətinə çatdırılır. Belə ki, şahidlər Hümmət Əhmədov, Nərgiz Əmralıyeva və oğlu Şəhriyar Əmralıyev, Ələkbər Ələsgərov, onun oğlu Habil Ələsgərov və qızı Tacirə Ələsgərova ermənilərin dinc əhaliyə qarşı amansız hücumu zamanı gördükləri hadisələri danışıblar.

Elxan Salahov deyib ki, Azərbaycan Dövlət Televizyası da Başlıbel faciəsi ilə bağlı film çəkməyə hazırlaşır. Filmin ssenari müəllifi və məsləhətçisi Elxan Salahov özü, rejissoru isə Pərviz Həsənovdur. Onun dediyinə görə, AzTV-nin çəkəcəyi film tammetrajlıdır və hadisələr daha ətraflı ekranlaşdırılacaq: " "Filmin çəkilişləri Azərbaycan Dövlət Televiziyasının "Azərbaycantelefilm" İstehsalat Birliyinə tapşırılıb. Tammetrajlı filmin çəkilişləri hadisənin baş verdiyi yerdə - Kəlbəcər rayonunun Başlıbel kəndində olacaq. Filmin qəhrəmanları 113 günlük mühasirədə qalan həmin faciənin şahidləri olacaqlar. Çəkilişlər mühasirədə qalan insanların gizləndikləri bütün sığınacaqlarda, habelə qonşu Qaraçanlı kəndində, Tərtər çayının sahilində və Murovun Daşkəsən istiqamətindəki ətəyində yerləşən Zivlən kəndində çəkiləcək".

Xatırladaq ki, 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində yurd-yuvasını tərk etməyən, 4 ay ərzində kahalara sığınmış 76 dinc sakin arasında 8 uşaq, 24 qadın, 15 qoca da olub. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə keçən ağır həyatı, soyuğa, aclığa qarşı apardıqları mübarizə Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir. Mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 19 nəfəri girov götürülüb, 36 sakin amansızlıqla qətlə yetirilib, 1 nəfər itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Qətlə yetirilən sakinlərin 27 nəfəri, girov götürülənlərin isə hamısı mülki vətəndaşlardır. Qətlə yetirilənlərin 14-ü qadın, 1-i azyaşlı uşaq, 7 nəfəri yaşı 70-dən yuxarı qoca, o cümlədən 3 nəfəri yaşı 100-ü keçmiş şəxsdir. Təəssüf ki, Azərbaycan ərazisinin işğalı zamanı törədilən ağır cinayətlərə görə təcavüzkar Ermənistana qarşı beynəlxalq miqyasda hələ də heç bir ciddi tədbir görülməyib.

Dalidag.az



Kateqoriya: Mədəniyyət
Tarix: 09-07-2021 13:20
Baxış sayı: 4521
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını