Otel otağında tənha ölən Əməkdar artist — Habil kamançanı ona vəsiyyət etmişdi - Maraqlı faktlar

28-04-2020 14:09
Dalidag.az məşhur kamança ifaçısı, Əməkdar artist Ədalət Vəzirov haqqında maraqlı faktları təqdim edir.
Ədalət Səfərəli oğlu Vəzirov 27 aprel 1951- ci ildə Xızı rayonunun Dizəvər kəndində çoxuşaqlı musiqiçi ailəsində anadan olub. Onun atası Səfərəli Vəzirov dövrünün məşhur qarmon ustası, anası Gülbacı xanım isə orta məktəb müəlliməsi olub.
 Uşaqlarını musiqiçi kimi görmək istəyən Səfərəli kişi övladlarını hələ uşaq yaşlarından musiqiyə doğru istiqamətləndirib, kiçik ailə ansamblı yaratmaqla onlarda musiqiyə həvəs oyadıb. Ailə üzvlərinin demək olar ki, hər biri müxtəlif alətlərdə mükəmməl çalıb oxumağı bacarıblar.
 
***
Orta məktəbi bitirəndən sonra Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alan Ədalət Vəzirov daha sonra Azərbaycan Dövlət Konservatoriyasında təhsilini davam etdirib. O, 1974-cü ildə Moskvada keçirilən V Beynəlxalq Musiqi müsabiqəsinin qalibi olub. 1980-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında və Sumqayıt Musiqi Texnikumunda direktor və müəllim kimi fəaliyyət göstərib. Bir çox tanınmış musiqiçilər yetişdirib. Ədalət Vəzirov kamança ifaçılığından əlavə peşəkar fortepiano və qarmon ifaçılığını da bacarırdı.
Gallery
Ədalət Vəzirov üç övlad sahibi olub. Kiçik oğlu Səfərəli Vəzirov Bülbül adına orta ixtisas məktəbinin kamança sinfini bitirsə də, nədənsə atası onun musiqiçi yox, həkim olmasını istəyərək ona deyib ki, yaxşı olar, sən həkim olasan. Oğlu onun bu arzusunu yerinə yetirərək həkimlik ixtisasını seçib. Lakin, Ədalət Vəzirov bu günü görə bilməyib, oğlunun on yeddi yaşı olan zaman dünyadan köçüb.
***
O, məşhur yəhudi kamança ifaçısı Mark Eliyahunun müəllimi olub. Mark uşaq olan zaman atası ilə birgə Azərbaycanda olarkən Habil Əliyevin ifasını dinləyir və onun fanatına çevrilir. Bundan sonra o kamança ustamız Ədalət Vəzirovun yanına gedib ondan dərs almaq istədiyini bildirir. Mark öz xatirələrində bu əhvalatı belə nəql edir:
“16 yaşımda Bakıya gəldim, ustadım Ədalət Vəzirovun evinə köçdüm. O, böyük kamança ustadı, heyrətamiz və dərin insani düşüncələri olan şəxs idi. Mən fərqli ölkədən gələn yeniyetmə idim. Ədalət Vəzirov və ailəsi məni aralarına daxil edərək onların bir üzvü kimi qəbul etdilər. O, 15 il əvvəl vəfat etdi. Onun üçün çox darıxıram, hər zaman qəlbimdə olacaq”.
Gallery
Respublikamızın tanınmış xanəndələri, müğənniləri - Zeynəb Xanlarova, Hacıbaba Hüseynov, İslam Rzayev, Arif Babayev, Canəli Əkbərov, Ağaxan Abullayev, Mələkxanım Əyyubova, Simarə İmanova, Zabit Nəbizadə və bir çox başqaları onun müşayəti ilə oxuyublar.
***
Xalq artisti Habil Əliyev, Ədalət Vəzirovun ifaçılığına yüksək qiymət verərək, müsahibələrinin birində belə deyir:
"Belə bir deyim var ki, ifaçılar səhnə həyatını tərk edərkən, öz müsiqi alətlərini sələflərinə bağışlayırlar. Mən də səhnə həyatımı tərk eləsəm, onda kamançamı Ədalət Vəzirova bağışlayacam. Çünki onun simasında öz ifaçılıq ənənələrimin layiqli davamçısını görürəm".
Gallery
İnanclı, imanlı adam olub. Həcc ziyarətinə gedərək Hacı adını qazanıb. Xalq artisti, qarmon ustası Kamil Vəzirovun qardaşı, şair Camal Yusifzadənin bacanağı olub.
***
Ədalət müəllim uzun illər Zeynəb Xalarovanın ansamblında çalışıb. İfaçının oğlu Səfərəli Vəzirov müsahibələrinin birində belə deyir:
“Atam dünyasını dəyişəndə Zeynəb Xanlarova ağlayaraq bizə gəlmişdi. Deyilənə görə, o heç vaxt yas yerinə getmir. Zeynəb xanım mənəvi baxımdan bizə çox yaxın oldu. Çünki atamın ölümü bütün sənət yoldaşları kimi ona da pis təsir etmişdi. Elə bir sənətkar görmədik ki, atamın ölümündən sonra bizim ailədən ayrılsın. Mən universitetə girəndə elə bildim ki, atam heç dünyasını dəyişməyib. Bizim toyumuzda o qədər sənətçi iştirak etdi ki, heç atamın həyatda yoxluğunu hiss etmədik. Demək olar ki, atamla yaxın olan bütün sənətkarlar toyumuzda iştirak etdilər”.
Gallery
Professor Hacı Xanməmmədov kamança və simfonik orkestr üçün konserti yazarkən məhz Ədalət Vəzirovun istedadını və ifasını nəzərdə tutaraq yazdığını deyirmiş. Digər kamança ifaçısı Fəxrəddin Dadaşov müsahibələrinin birində deyir ki, - bir gün Ədalət Vəzirov məndən həmin konsert üçün nəzərdə tutulmuş ifasına qulaq asıb qiymət verməyimi xahiş etdi. Evə gəlib sakitcə Ədalətin ifasını dinlədim, bir də onda ayıldım ki, gözlərimdən yaş axır. Növbəti gün Ədaləti görəndə üstünə qaçıb, onun əllərindən öpdüm. Dedim, mən elə bildim ki, o, ifanı Hacı Xanməmmədov yox, sən yazmısan”.
Gallery
Tale elə gətirir ki, Ədalət Vəzirov vaxtsız dünyasını dəyişəndən sonra onun dəfnində həmin orkestr üçün ifa etdiyi musiqi əsəri səslənir və hamı göz yaşı axıdır.
***
Dostu Yaşar Məmmədov Ədalət Vəzirovla ölümündən əvvəl olan görüşün belə xatırlayır: O, ölümündən iki gün qabaq, Türkiyəyə gedəndə məni otağına çağırıb dedi:
- Götür bu seyfın açarını, qoy qalsın səndə. Mən uzağa gedirəm. Bilmək olmaz, ölüm-itim dünyasıdır...
Açığı mən çox təəccübləndim. O, harasa respublikadan kənara qastrola gedəndə, mənə möhürü verirdi. Çünki hərdən sənədlərə möhür vurmaq lazım olurdu. Ona görə də o, seyfin açarını mənə verəndə, götürmək istəmədim və dedim:
"Hacı bu nədi? Mən seyfin açarını neynirəm", - deyə götürmədim. Seyfdən möhürü götürüb, açarları ona qaytardım. Sonra onu texnikumun qapısına qədər yola saldım. Görüşdük, öpüşdük. O, bayıra çıxdı və öz maşınına sarı getdi. Mən də siniflərdə dərslərin gedişini yoxlamağa getdim...
Onun ölümündən sonra qapıçı qadın danışırdı ki, o, maşına minməmişdən əvvəl eynəyini çıxarıb, elə diqqətlə texnikumun qapılarına, pəncərələrinə baxdı, elə bil burdan əbədilik ayrıldığını hiss edirmiş...
Gallery
2002-ci ilin oktyabrında Türkiyəyə qastrol səfərinə yola düşən kaman ustasının səhhəti ilə bağlı heç bir ciddi problemi olmasa da, oktyabrın 4-də oteldə olarkən öz otağında istirahət edən zaman qəfil ürək tutmasından dünyasını dəyişir. Ertəsi günü məşq zamanı dostları onun məşqə gecikməsindən şübhələnib otelə zəng vururlar. Otel işçiləri qapını nə qədər döysələr də açan olmayıb. Əlavə açarla qapını açıb otağa girdikləri zaman 51 yaşlı ifaçını döşəmədə uzanılı vəziyyətdə görürlər. Artıq onun dünyasını dəyişdiyi aydın olur.
Gallery
Dostlarının və ailə üzvlərinin sözlərinə görə Ədalət Vəzirov Türkiyəyə konsertə getməzdən bir gün əvvəl onlardan halallıq istəyib, sonra yola düşüb. Oteldə dünyasını dəyişən gün isə artıq konsert üçün nəzərdə tutulan bütün biletlər satılıbmış. Ertəsi gün Ədalət Vəzirovun çıxış edəcəyi konsertdə kaman ustasının stulunun üzərinə onun proteti qoyulur və həmin konsert Ədalət Vəzirovun xatirəsinə həsr olunur.kulis.az
Dalidag.az




Kateqoriya: Mədəniyyət
Tarix: 28-04-2020 14:09
Baxış sayı: 41 140
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını