Kəlbəcərin 100 yaşlı ağbirçəyi: Yurd ağrısı ilə Zəfər sevinci arasında bir ömür

21-06-2026 15:31
   Bəzən bir insanın yaşı sadəcə rəqəm olmur. O rəqəmin içində yüzlərlə xatirə, minlərlə insan taleyi, neçə-neçə nəslin izi yaşayır.
Bu gün 100 yaşını qeyd edən Məhbub nənə də belə insanlardandır.

O, bir əsrdir bu dünyanın sevincinə də şahidlik edib, kədərinə də. Müharibələrin, yoxluqların, ayrılıqların, köçlərin, qovuşmaların içindən keçib. Həyat ona asan yol göstərməyib. Amma o, bütün çətinliklərin qarşısında sınmamağı bacarıb. Övlad böyüdüb, ona arxa-dayaq olub, bu gün isə nəvə və nəticələrinin sevgisi ilə əhatələnib.

   Bir əsr əvvəl dünyaya göz açan bu nurani qadın neçə-neçə körpənin böyüyüb boya-başa çatdığını, ağsaqqal, ağbirçək olduğunu, sonra öz nəvələrinin əlindən tutduğunu görüb. O, zamanın dəyişdiyini, dünyanın yeniləndiyini görüb, amma insanlığın ən gözəl keyfiyyətlərini – mərhəməti, sədaqəti, təvazökarlığı öz qəlbində qoruyub saxlayıb.
Ömür yolunda itkilər də olub. Həsrətlər də, ayrılıqlar da. İllərlə ürəyində gəzdirdiyi nisgillər də az olmayıb. Doğma Kəlbəcərin, ömrünün ən gözəl illərini keçirdiyi Başlıbel kəndinin həsrəti də həmin nisgillərin ən ağırı olub. Lakin onun çöhrəsindəki təbəssüm heç vaxt tam itməyib. Çünki     Məhbubə nənə yaxşı bilib ki, insanı ayaqda saxlayan ümiddir. Bu gün həmin ümid gerçəyə çevrilib – Kəlbəcər də azaddır, Başlıbel də azaddır.
Bu gün onun yüz yaşı tamam olur.

Yüz il...

  Bir insan üçün böyük zaman, tarix üçün qısa an.
Amma bu yüz ilin hər günü zəhmətlə, səbrlə, dualarla yaşanıb.
Bu gün övladı, nəvələri və nəticələri onun ətrafına toplaşanda təkcə doğum gününü qeyd etmirlər. Onlar bir əsrin şahidinə ehtiram göstərirlər. Bir ocağın işığını qoruyub saxlayan qadına təşəkkür edirlər. Onlar öz keçmişlərinə, köklərinə, yaddaşlarına baş əyirlər.
Əziz Məhbub nənə!
Sizin ömrünüz övladınıza örnək, nəvələrinizə sərvət, sizi tanıyan hər kəsə xeyir-duadır. Tanrı bu gözəl ömrün nurunu daim üzərinizdə saxlasın.
Yüz yaşınız mübarək olsun!
Qoy həyatınız boyu etdiyiniz dualar özünüzə qayıtsın. Qoy sizi sevən insanların məhəbbəti qəlbinizi həmişə isitsin. Çünki bəzi insanlar sadəcə uzun ömür yaşamırlar, onlar bütöv bir əsri işıqlandırırlar.

Dalidag.az ailəsi olaraq Məhbub nənəni 100 illik yubileyi münasibətilə təbrik edir, ən xoş arzularımızı çatdırırıq! 


Nigar Nəriman
Dalidag.az






Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 21-06-2026 15:31
Baxış sayı: 2163
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
17 / 06 / 2026