Elm və dövlətçilik yolunda 85 illik şərəfli ömür

19-06-2026 12:54
Hörmətli Şahlar müəllim!
  Sizi 85 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, sabiq deputat, məşhur “91-lər”dən biri, dünya şöhrətli fizik, professor və ictimai-siyasi xadim, əməkdar elm xadimi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimai Nəzarət Şurasının üzvü kimi fəaliyyətiniz, eləcə də nümunəvi şəxsi keyfiyyətləriniz, yüksək peşəkarlığınız və zəngin həyat yolunuz əsl ziyalılığın parlaq nümunəsidir.
 
Sizin anadan olduğunuz 15 iyun tarixi həm də Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Bu əlamətdar tarixin Sizin həyatınızla bağlılığı da təsadüfi deyil. 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış ziyalı (“91-lər”) həmin dövrdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevə müraciət edərək, onu Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səslədilər. Həmin uzaqgörən və müdrik ziyalılardan biri də Siz idiniz. Buna görə də Ümummilli Liderimiz Heydər Əliyev həmişə deyirdi: “Mən “91-lər”in hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”.
   
Siz həm də Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan və dünya elmi ictimaiyyətində tanınan dəyərli alimlərimizdənsiniz. Uzun illər ərzində apardığınız sanballı araşdırmalar, müəllifi olduğunuz ixtiralar və rəhbərliyiniz altında həyata keçirilən mühüm elmi layihələr elmi ictimaiyyət tərəfindən daim yüksək qiymətləndirilmiş, ölkəmizdə və onun hüdudlarından kənarda Sizə böyük nüfuz qazandırmışdır.
   
Siz 1964–1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin (ADU) əyani aspirantı olarkən Leninqrad Sabit Cərəyan İnstitutunda professor L. A. Senanın rəhbərliyi altında fiziki elektronika sahəsində tədqiqatlar aparmısınız. Bu istiqamətdə əldə etdiyiniz elmi nəticələr uzun illərdir ki, böyük elmi-texniki layihələrin həllində — ion mühərriklərində və termonüvə reaktorlarında — geniş tətbiq olunur və dünya mütəxəssisləri tərəfindən yaxşı tanınır. Xüsusilə ABŞ-ın kosmik tədqiqatlar üzrə Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) və Amerika Aeronavtika və Astronavtika İnstitutunun əməkdaşları kosmik gəmilər üçün ion mühərriklərinin hazırlanmasında bu elmi nəticələrdən istifadə edirlər.
   
Sizin rəhbərliyiniz altında 20-dən çox elmlər namizədi (fəlsəfə doktoru) və elmlər doktoru yetişmişdir.
Nüfuzlu təhsil təşkilatçısı kimi göstərdiyiniz çoxşaxəli fəaliyyət zəngin və səmərəli elmi yaradıcılığınızı üzvi surətdə tamamlayır.
Siz 1995–2000-ci və 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 2000–2005-ci illərdə isə Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri kimi fəaliyyət göstərərək dövlətçiliyimizin, milli dəyərlərimizin qorunmasına mühüm töhfələr vermisiniz. Ölkəmizin uğurlu daxili və xarici siyasətinin, sosial, elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən islahatların fəal iştirakçısı olmusunuz. Həmçinin gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakına daim öz töhfənizi vermisiniz.
 
Çoxsaylı elmi nailiyyətləriniz, təhsilin inkişafındakı əvəzsiz xidmətləriniz və uzun illik səmərəli fəaliyyətiniz Ümummilli Liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. Siz “Şöhrət” ordeni ilə təltif edilmiş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüsünüz.
Uğurlarına ürəkdən sevindiyiniz, qayğılarına hər zaman şərik olduğunuz həmkarlarınızın, yetirmələrinizin, dostlarınızın və yaxınlarınızın Sizə olan sevgisi qazandığınız ən dəyərli sərvətlərdən biridir.

Əziz Şahlar müəllim!
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Sizə dərin hörmət və ehtiramla,

Qurban Sadıqov
Azərbaycan Respublikası
Nazirlər Kabineti Aparatının sektor müdiri












Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 19-06-2026 12:54
Baxış sayı: 249
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
17 / 06 / 2026