"Bir “niyə?”nin cavabsız qalan ağrısı" - Kəlbəcərli gəncin faciəli ölümü

13-06-2026 11:02

 Həyata yenicə atılan bir yeniyetmə niyə öz əli ilə öz işığını söndürsün? Niyə yaşamağa başlamadan ölümü seçsin? Niyə şirin canına qıysın bir körpə ana quzusu? Ürəyimi parçalayan, beynimi deşən bu cavabsız suallar bir yeniyetmənin intihar səbəbini araşdırmaqdan çox, ana hissiyyatı ilə içimdə ağrıyan ağısını susdurmaq cəhdidir.

  Axı biz çox ağlamışıq. Axı bizim şəhid dərdimiz var. Axı bu qədər dərdlərdən sonra övladlarımızın xoşbəxt olmasını istəyirik. Bəs niyə baş verir belə hadisələr? Niyə intihara əl atır balalarımız? Həm də geridə qalanları düşünmədən. Valideynləri bir ömür günah məngənəsində sıxılmağa məhkum edərək...

  Bu günlərdə daha bir yeniyetmənin intihar xəbəri yayıldı. Xəbərdə Gəncə şəhərində Elgün Fərrux oğlu Çərkəzlinin özünü yaşadıqları mənzilin pilləkənində asaraq həyatına son qoyduğu bildirilirdi.

  Şəkillərdən 17 yaşında bir körpə ana quzusu, gəncliyin astanasından boylanan yaraşıqlı bir oğlan baxır. Bəlkə neçə arzusu vardı, bəlkə kövrək duyğuları ona xəyallar qurmağı öyrətmişdi. Təhsil alacaqdı, mənsəb sahibi, gələcəyin əsgəri, Vətən keşikçisi olacaqdı... Bəlkə sevgini də dadmışdı. Bəlkə...

  Yarımçıq qoydu ömrünü. Hər şeydən əl çəkib, canı ilə bərabər arzularını, xəyallarını ölümün ağuşuna atdı. Seçiminin səbəbi bilinmir. Hazırda hadisənin baş vermə səbəbləri polis və istintaq orqanları tərəfindən araşdırılır.

Kaş ki, səbəb nə olursa olsun, Elgün bala canına qıymayaydı. Kaş ki, həyatın mübarizə olduğunu anlayaydı.

Kaşkilər, bəlkələr... Bir ömür əzizlərinin dağlanmış ürəyində qövr edəcək. Valideynləri çiyinlərində təsəllisiz bir acı daşıyacaq. Və o, bir də geri qayıtmayacaq. Özündən sonra ağır dərd və cavabı bilinməyən “niyə?” sualı qaldı...

  Qeyd edim ki, əslən Kəlbəcərdən olan Elgün Çərkəzli Dalidag.az saytının əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Jalə Nağıyevanın dayısı oğludur.

Dalidag.az ailəsi olaraq, baş vermiş faciə ilə əlaqədar mərhumun bütün doğmalarına və əməkdaşımız Jalə Nağıyevaya dərin hüznlə başsağlığı verir, səbir diləyirik. Allah rəhmət eləsin!

Sevinc Qərib


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 13-06-2026 11:02
Baxış sayı: 3243
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını