Cavid Qurbanov Ağdabanı ziyarətindən yazdı: "Baxdım çölə, çəmənə, tanımadı kənd məni"

02-09-2025 10:24

              Cavid Qurbanov

    Əzəmətli dağların əhatəsində qayğısız uşaqlığımız yaşadığım, cığırlarında izim olan, anamın nəğmələrini eşitdiyim, atamın dualarını duyduğum, babamın sazının səsi ruhuma yayılan Ağdaban kəndini ziyarət etdim. Burnuma doğmaların qoxusu, çəmənlərin xoş rayihəsi gəldi, ciyərlərimə doğma kəndimin, əzəmətli Kəlbəcərimin havası doldu. Bir qərinədir ki görmədiyim yerlərdən sanki bir əsrdir ki ayrı olmuşam. Bu müddət ərzində cismim uzaqlarda olsa da, ruhum, qəlbim həmişə burada, bu torpaqda qalmışdı.

Ağdaban torpağına ayağımı basan anda hər addımım bir xatirə, hər nəfəsim bir duyğu fırtınası oyandırdı. Gözlərim hər tərəfdə viran qoyulmuş evləri, talan edilmiş yurd yerlərini görsə belə, ruhum sanki abad bir kəndin üzəri ilə uçurdu. Kəndimizdə indi yalnız daş yığınları, qurumuş ağaclar, tikanlı kollar, yağmalanmış qəbiristanlıqlar var. Bir zamanlar şən uşaq səslərinin əks-sədası ilə dolan cığırlar indi susqunluğa qərq olub. Bu dağıntılar ürəyimi sızladır, qəhər boğazımda düyünlənir. Amma bu viranələr arasında, təbiət yenə də öz əzəmətini, öz gözəlliyini qoruyub. Yaşıl yamaclar, büllur kimi axan çaylar, göylərə ucalan ulu dağlar var.
Böyüdüyüm evin xarabalıqlarından keçib babam Aşıq Şəmşirin və başqa doğmalarımın məzarlarına doğru gedirəm. İndi Ağdaban ruhların kəndiridir sanki. Amma ürəyimdə böyük bir sevinc var, çünki qısa zaman sonra Ağdaban öz sakinlərinə qucaq açacaq, onları yenə də bir qərinə əvvəl əzizlədiyi kimi əzizləyəcək.
Doğmalarımın dağıdılan məzarlarından sanki sevincək ruhlar qalxıb məni salamlayır. Əlimi məzarın soyuq daşına qoyuram, sanki ondan bir qüvvət alıram, məzardakıların səsi qulağımda cingildəyir: "Ey oğul, bu torpaqlar müqəddəsdir, onu qorumaq hər birimizin borcudur. Bu torpaqları azad edən Sərkərdəni və onun qəhrəman əsgərlərinin haqqını heç zaman heç kim ödəyə bilməz. Bizim üçün şəhid olanları ruhları bizimlə birgədir və şaddır"
Ziyarətimin sonunda bir an dayanıb ətrafa baxıram. Gözlərimdə yaş, qəlbimdə ümid, dilimdə dua var. Bu torpaqlar azad olunub, indi onları yenidən dirçəltmək, onları əvvəlkindən daha gözəl etmək bizim əlimizdədir. Bu viranələri ən yaxın günlərdə möhtəşəm binalar, məktəblər, yollar əvəz edəcək. Çünki bu torpaqlar azadlıq sevən, qəhrəman bir xalqın torpaqlarıdır.

Bu qüruru və iftixarı bizə bəxş edən Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Qəhrəman ordumuza təşəkkür və minnətdarlıq hissi ilə o yerlərdən ayrılıram. Dilimdə şəhidlərimizə dualar oxuyur, qazilərimizə Allahdan şəfalar diləyirəm.                                             

Rəbbim Vətinimizi, millətimizi, Ali Baş komandanımızı və ailəsini nəzərində saxlasın.                          
Uşaqlıq xatirələri düşmən əliylə silinən nigaran insanlara ithaf edirəm.     
 

Kəndimizə getmişdim, 
Dedim bəlkə tanıyar. 
Baxdım çölə, çəmənə, 
Tanımadı kənd məni.

Baxdım bu daş, bu divar,
Durub gözündə qubar,
Quruyb dərədəki, 
Şır-şır axan o bulaq.
Bag-bagçanı, hər yeri,
Basıb vəhşi ot, alaq

Tapmadım kənd kəsəyin 
Tapmadım gur nəfəsin.
Baxdım, həsrətlə baxdım,
Baxdım yoxa çıxıbdı 
O şirin xatirələrim.

Daha qocalmışam mən,
Yaman kövrəlmişəm mən,
Daga cıxdım yoruldum.
Qalmıyıb qoçaqlığım,
Baxdım, düşmən əliylə
Silinib uşaqlığım.                             
 
Dalidag.az






Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 02-09-2025 10:24
Baxış sayı: 2108
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını