Kəlbəcər yeni quruculuq mərhələsində

03-07-2025 13:35
 Ölkəmizin  qərb hissəsində, Kiçik Qafqaz sıra dağlarının ətəyində yerləşən, füsunkar gözəlliyi malik Kəlbəcərdə otuz illik işğaldan sonra yenidən canlanma var, tikinti-quruculuq işləri aparılır, həyat öz axarına qayıdır.
 “Böyük Qayıdış” proqramına uyğun olaraq Kəlbəcər yenidən qurulur, keçmiş məcburi köçkünlərin geri qayıtması üçün evlər inşa edilir, mühüm infrastruktur layihələri icra edilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 may 2024-cü il tarixli, 235 nömrəli Qərarına əsasən, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib.

Düşmən tərəfindən dağıdılan Kəlbəcər şəhərinin Baş Plan konsepsiyası işğal dövründən əvvəlki vəziyyəti və ərazinin relyefi, tarix-memarlıq ənənələri nəzərə alınmaqla tərtib edilib. 

Qeyd edək ki, şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq.

Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub.   

Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

Plana əsasən, şəhər ərazisinin 22%-i yaşıllıqlardan ibarət olacaq, yəni 60 ha sahədə fərqli yaş və sosial qruplar üçün yaşıllıq zolaqları yaradılacaq. Beləliklə, ölkənin digər şəhərlərində ümumi istifadədə olan yaşıllıq sahəsinin adambaşına düşən norması 7-10 m² nəzərdə tutulduğu halda, Kəlbəcər şəhərində bu göstərici 33 m² təşkil edəcək.

Baş Plana uyğun olaraq, şəhərin yol infrastrukturu da müasir standartlar tətbiq edilməklə qurulacaq. Əhali uzunluğu 27 km-dən artıq olan avtomobil, 22 km olan velosiped yollarından rahat şəkildə istifadə edə biləcək.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq, şəhərin enerji təminatı bərpaolunan enerji potensialından istifadə edilməklə həyata keçiriləcək. Əhalinin içməli su təminatı isə Ağçayın su mənbələri hesabına ödəniləcək.

Onu da vurğulayaq ki, Kəlbəcər iqtisadi baxımdan böyük potensiala malikdir. Rayonun təbii resursları, xüsusən mineral su ehtiyatları, ormanları və təmiz dağ havası iqtisadiyyatın müxtəlif sahələrində faydalı ola bilər. Burada kənd təsərrüfatı, xüsusilə heyvandarlıq və arıçılıq, turizm sektorunun inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur.
Bu gün Kəlbəcərdə iqtisadiyyatın bərpası məqsədilə dövlət proqramları həyata keçirilir. Yeni iş yerlərinin yaradılması, yerli sahibkarlığın dəstəklənməsi və investisiyaların cəlb olunması planlaşdırılır. Turizm xüsusilə prioritet sahə kimi qiymətləndirilir, çünki rayonun təbii və tarixi zənginlikləri çoxsaylı turistləri cəlb edə bilər.

Dalidag.az xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsi Bəşir Hacıyev Çovdar, Şahkərəm və Başlıbel kəndlərindən olan bir qrup ziyalını iyulun 2-də Kəlbəcərdə qəbul edərkən burada möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığını, doğma yurdun tezliklə öz sakinlərinə qucaq açacağını bildirdi. 

Bəşir Hacıyev hər zaman yerli mütəxəssislərin və sakinlərin fikir və təkliflərini diqqətlə dinlənildiyini qeyd etmişdir.

Onu da vurğulayaq ki, bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Kəlbəcər şəhərinə köçəcək sakinlər arasında ev bölgüsünə dair püşkatma keçirilmişdir.

Görüşdən sonra Xüsusi nümayəndəliyin məsul əməkdaşı Seymur Məmmədov və digərləri sözügedən kəndlərdə olmuşdur. 


Dalidag.az




Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 03-07-2025 13:35
Baxış sayı: 3280
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını