Reklam

Təcili yardım maşını Bərdədən Bakıya şütüyürdü, əcəlsə saniyələri ölçürdü
11-04-2025 18:01

Qəfil ölüm ürəyində kodlaşdırdığın neçə-neçə sirri, gizli saxlayıb, vaxtı gələndə aça biləcəyin hansısa sözü belə pıçıldamağa imkan vermir. Axı qəfil gəlir.
Ceyhunun da ölümü qəfil gəldi. Həm də ölümünə sirr düyünçəsi olan ürəyi səbəb oldu. Ancaq zalım əcəl Ceyhuna bir neçə saat macal verdi, azca ümid də yarandı yaşamağına. Amma infarkt ürəyinin qapısını bərk döymüşdü. Bütün cismi qəfil gələn “qonağın” hirsindən zədələndi. Təcili tibbi yardım maşını Bərdədən Bakıya tərəf şütüyürdü, əcəlsə müəyyən etdiyi vaxtı ölçürdü. Əcəl vaxt-vədəni çox dəqiq hesablayıb hökmünü vermişdi. Tıxacı, işıqforları, yolboyu düzülən radarları, hamısını nəzərə almışdı. Ceyhunu xəstəxanaya çatdırmağa 15-20 dəqiqə vaxt yetmədi. Bəlkə də yaşayacaqdı...
Ölümündən bir gün öncə başqa havadaydı. Yaxın adamın toy məclisində iştirak etmişdi. Bir gün sonra isə Suqovuşanda püşkünə düşən 4 otaqlı mənzilə ailəsi ilə köçəcəkdi. Deyir, tabutu yerdə olanda köç maşını gəlib. Bu an Ceyhun 4 balasına, xanımına söz verdiyi 4 otaqlı mənzilə yox, özü təkadamlıq mənzilə tələsirdi. Bir də geri dönməyəcək məkana köçməyə hazırlanmışdı.
42 illik ömrünün 32 ilini doğulduğu yurddan kənarda, məcburi köçkün kimi Bərdədə yaşamışdı. Bu illər ərzində nələr çəkmişdi, Allah bilir. 9-10 yaşı olanda doğma kəndini tərk etmişdi. O vaxt, o faciənin ağırlığını elə də hiss etməyəcəkdi, əgər atası İsmayıl kişi kəndi tərk eləyib ailəsi ilə birlikdə gəlsəydi. Onda anası Kamilə xanım da həyat yoldaşı İsmayılın 3 aylıq girov ömrü yaşamasına dözməyib canına qıymayacaqdı. Deməli, faciə, qada-bala bir-birini sürətlə əvəz eləyirdi. İsmayıl kişi 3 ay həmkəndliləri Yapon kişi, Bağman kişi ilə girov ömrünü başa vurub çətinliklə Bərdəyə gələndə, həyat yoldaşı, Ceyhunun anası Kamilə xanım yenicə intihar etmişdi. Bu ağrı-göynək Ceyhunun ürəyinə xal saldı, sümüyünəcən işlədi. Və nəhayət, “öz bəhrəsini” verdi, infarkt ürəyini hədəf aldı...
Ceyhunun 3 qızı, bir oğlu var. Böyük qızı 12 yaşında, kiçik oğlu isə 7 aylıqdı.
Böyüyə nə təsəlli verəsən, kiçiyə nəyi anladasan...
Bu gidi dünyanın vəfasızlığını, gəlimli-gedimli olduğunu hələ dərindən dərk etmirlər. Deməyə söz yoxdu.
Ruhun şad, Yerin rahat olsun, Ceyhun. İşıqlı oğlan, gülərüz dost! Atan, anan, bacın səni ORDA qarşılayacaq, hələlik!
Ceyhun İsmayıl oğlu Əzimov qohumum idi, 03 yanvar 1983-cü ildə Kəlbəcər rayonunun Şahkərəm kəndində dünyaya göz açmışdı. Aprelin 6-da infarkdan dünyasını dəyişdi.
Namiq Dəlidağlı
Dalidag.az




Yazı axını
18 / 04 / 2025
18 / 04 / 2025
17 / 04 / 2025
17 / 04 / 2025
17 / 04 / 2025
16 / 04 / 2025
15 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
13 / 04 / 2025
13 / 04 / 2025
12 / 04 / 2025
12 / 04 / 2025
11 / 04 / 2025
11 / 04 / 2025
10 / 04 / 2025
09 / 04 / 2025
09 / 04 / 2025
09 / 04 / 2025
Ən çox oxunanlar