Ağdaban faciəsindən 33 il ötür...

08-04-2025 14:41
Kəlbəcərin işğalından bir il əvvəl erməni vandalları tərəfindən törədilən Ağdaban qətliamının növbəti ildönümüdür.
Dalidag.az bildirir ki, faciədədn 33 il keçir. 
1992-ci il aprelin 7-dən 8-nə kecən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlılarının köməyi ilə Kəlbəcər rayonunun Ağdaban kəndinə hücum edərək 130 evdən ibarət olan kəndi tamamilə yandırıb, 779 nəfər dinc sakinə divan tutub, 67 nəfəri amansızcasına qətlə yetirərək soyqırım aktı törədiblər. Bir gecədə 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb, 2 nəfər itkin düşüb, 12 nəfərə ağır bədən xəsarəti yetirilib. 
Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olub. Erməni cəlladları Dədə Şəmşirin 28 yaşlı nəvəsi Qurbanov Qulu Şabər oğlunu diri-diri tonqalda yandırıb, 8 yaşlı Ülviyyənin gözləri qarşısında atası Camalı güllələyib, özünü isə kartof quyusunda diri-diri basdırıblar. 
Ağdaban faciəsi Ermənistanın Azərbaycana təcavüzünün ən qanlı səhifələrindən biridir. 
Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdılıb, müqəddəs ziyəratgah və məzarlıqlar təhqir olunub və məhv edilib.
Erməni seperatcılarının Azərbaycan mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamı kimi Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılıb və talan olunub.
Ağdaban çayının sağ sahilində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində, rayon mərkəzindən 36 km şimal-şərqdə yerləşən Ağdaban kəndi 4 ildən artıqdır azadlığına qovuşub. Rəşadətli ordumuzun igid oğulları illərlə düşmən tapdağında inləyən, faciələr yaşamış Ağdabanı öz mübarək qədəmləri ilə sevindirdilər.
Ağdabanın yaraları sağaldımı? Ağdaban sakinləri olanları unutdularmı? Yox, bu yara zamanla sağalsa da mütləq izi qalacaq, qalmalıdır. Bu faciə unudulmamalıdır. Nəinki ağdabanlılar, bütün Azərbaycan xalqı bu faciəni unutmamalıdır. Unutsaq şəhidlərimizin, faciə qurbanlarının ruhları bizi bağışlamaz. Unutmaq həm də yeni faciələrə yol açmaqdır.
Əlbəttə, zamanla Ağdaban da işğaldan azad olunmuş digər torpaqlarımız kimi bərpa olunacaq, yenə gözəlləşəcək, inkişaf edəcək. Övladlarını qoynuna yığacaq, yenə çal-çağırlı günlər başlayacaq. Amma geridə qalanlar əbədi dərdimiz olaraq qalacaq. Həm də tariximizin qanlı səhifəsi kimi...
Faciə qurbanlarını dərin ehtiram və kədər hissi ilə yad edirik. Ruhları şad olsun!

Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 08-04-2025 14:41
Baxış sayı: 3189
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını