Reklam

Artıq 5 ildir bu günü tarix olaraq məğlub dövlət kimi yox, qalibiyyətimizə söykənərək qeyd edirik
02-04-2025 10:47

Bu gün - 2 aprel tarixi Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu gündür.Dalidag.az bildirir ki, artıq 5 ildir bu günü tarix olaraq, yaddaşımızın ağrı, göynək tərəfi kimi qeyd edir, dünənimizi kədərlə xatırlayır, itirdiklərimizi hüznlə anırıq. Ancaq artıq məğlub dövlət kimi yox, qalibiyyətimizə söykənərək. O illərin ağrı-acısı, ürəyimizdə qübar bağlayan yurd həsrəti, itkilərimiz... yaddaşımızı diri tutmağa, heç nəyi unutmamağa sövq etməlidir bizi. Unutmaq, torpağa, torpaq uğrunda şəhid olanlara, yurd həsrəti ilə dünyasını dəyişənlərə, özümüzə, dünənimizə, bu günümüzə və sabahımıza xəyanətdir.
Qeyd edək ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunmuşdu. Kəlbəcər rayonunun ərazisi 1936 kvadratkilometr, əhalisinin sayı isə 70 minə yaxındır. İşğal səbəbindən rayon əhalisi respublikanın müxtəlif şəhər, rayon və kəndlərində məskunlaşmaq məcburiyyətində qaldı. Hər yerə bir Kəlbəcər izi düşdü...
Kəlbəcərin işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası dağıdılıb. Ümumilikdə rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib.
Düz 28 il Kəlbəcər rayonunun təbii sərvətlərini talan edən ermənilər rayon ərazisindəki Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqlarını qanunsuz şəkildə istismar etməkdən çəkinmədilər.
Kəlbəcərə dünya şöhrəti qazandırmış İstisu bulaqları, qiymətli ağaclardan ibarət meşələr lənətəgəlmiş haylar tərəfindən tar-mar edildi. Torpağın da, torpağın əsl sahiblərinin də sinəsinə dağ çəkildi...
Nəhayət, 2020-ci ilin payızında Şanlı Ordumuzun apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcər də düşmən tapdağından xilas edildi. 2020-ci il noyabrın 25-də Kəlbəcər azadlığına qovuşdu. 28 il düşmən tapdağında inləyən Kəlbəcər artıq 5 ildir doğma övladlarının nəfəsi ilə dirçəlir. Tanrı möcüzəsi ulu yurd yenidən qurulur, canlanır.
Doğrudur, Qələbəmiz yaralarımızın məlhəmi oldu, yenidən dünyaya gəlmiş kimi olduq. Təqvimi boyayan qara rəngləri qırmızı rənglərlə əvəzlədik Zəfərimizlə. İllərlə boynubükük işğal günlərini qeyd edən bizlər, indi qürurla qalibiyyət tarixlərimizi bayram edirik.
Ancaq bu sevinc bizə keçmişi unutdurmamalıdı. Bu gün Kəlbəcərin işğal gününü qeyd etməsək də, tarixi yaddan çıxarmamalı və buna zəmin yaradan heç nəylə barışmamalıyıq...
Sevinc Qərib
Dalidag.az



Yazı axını
18 / 04 / 2025
18 / 04 / 2025
17 / 04 / 2025
17 / 04 / 2025
17 / 04 / 2025
16 / 04 / 2025
15 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
14 / 04 / 2025
13 / 04 / 2025
13 / 04 / 2025
12 / 04 / 2025
12 / 04 / 2025
11 / 04 / 2025
11 / 04 / 2025
10 / 04 / 2025
09 / 04 / 2025
09 / 04 / 2025
09 / 04 / 2025
Ən çox oxunanlar