El Vüsalının söz əbədiyyəti - Əli Nəcəfxanlı yazır

10-09-2024 14:25
Onunla son dəfə mərhum həmkarımız Ələsgər Cabba­rovun xatirəsinə həsr olunmuş mərasimdə görüşdüm. Orada maraqlı çıxış eləmiş, sonra kafelərin birində çay süfrəsi arxasında dərdləşmişdik. İmzasına dərin hörmət bəslədiyim jurnalistin qənimət söhbətlərini dinləmiş­dim. O vaxt görüş yerimizi qəfil tərk etdiyi kimi, indi də aramızdan qəfil çıxıb getdi. 

...Hidayət Elvüsal Kürdəxa­nı qəbristanlığında, erkən itirdiyi həyat yoldaşı Mahrunun yanında torpağa tapşırılaraq onun “vüsal”ı­na yenidən qovuşdi. Amma təəssüf ki, 30 ildən çox həsrətini çəkdiyi, 44 günlük Vətən müharibəsində döyüşən və medallar alan nəvələri Yunis, Fərid və Fuadın da düşmən­dən azad edilməsində xidmətlərinin olduğu doğma Kəlbəcər alınandan sonra xəstəliyi üzündən oraya gedə bilmədi, necə deyərlər, Elvüsal elin vüsalına yetişə bilmədi.
Hidayət mahalda məşhur olan Nağılar nəslinin ünlü nümayən­dəsi idi. Böyük qardaşı – taleyi dolanbaclar toplusu olan, sevgi, qəm-möhnət şairi Sücaətin şeirləri dillər əzbəri olub. Elə onun, həm də əmisi Həbib Əhmədovun yaradıcı­lığından ruhlanan Hidayət də gözəl şeirlər yazıb. 

Sənin adın dodağımda bal dadır,
Xəyalımda bir köç gedir, yoldadır.
Elvüsalın el-obası hardadır,
Həsrət gözü yolda qalan Kəlbəcər?! 

Hidayət Yunis oğlu Elvüsal Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində oxuduğu vaxtlar Kəlbəcərdə çıxan “Yeni­lik” qəzetində və yerli radioda ça­lışıb. Sonrakı illərdə “Azərbaycan gəncləri”, “Kommunist”, “Səhər”, “Ədalət” və başqa qəzetlərdə işlə­yib.
Halallığı həyat amalı olan ünlü qələm sahibi “Səhər” qəzetində çalışarkən “Belə-belə işlər” adlı özəl rubrikası ilə məşhurlaşmışdı. Dövrün problemlərini özünəməx­sus satirik üslubda qələmə alır­dı. Eyni zamanda mahnı mətnlərinin müəllifi və həvəskar bəstə­kar kimi də tanınırdı (“YouTube”də “Kəlbəcər” mahnısı var). 
Onun 70 illiyi 5 il əvvəl Mətbuat Şurasında keçiriləndə sədr Əflatun Amaşov demişdi: “Ötən əsrin 90-ci illərində ən populyar qəzetlərdən olan “Səhər”in çox satılmasının və oxunmasının bir səbəbi oradakı ope­rativ və dolğun informasiyalar idisə, digər bir səbəbi onun səhifələrində, demək olar ki, hər gün dərc olunan “Belə-belə işlər” rubrikası idi. Hə­min rubrikanın müəllifi isə Hidayət Elvüsal idi”. 
“Səhər”in oxucuları tanınan qələm sahibinin haqq sözünə ina­nırdılar. Hətta Xalq şairi Bəxtiyar Vahabzadə Hidayətin yazılarını çox böyük maraqla oxuduğunu bildirmiş və onu “müasir dövrümüzün Mirzə Cəlili” adlandırmışdı.

Tələbə yoldaşı Akif Cabbarlının dedikləri:
– Sentyabrın 8-i mənim və tələ­bəlik illərimin dostları üçün ağır, üzücü xəbərlə açıldı. 1973-cü il məzunlarından birinin, bizim 612-ci qrupun fəxri olan Hidayət heç kimi incitmədən, əziyyət vermədən, özünəməxsus təmkinlə bu həyata və bizə “əlvida” söylədi. Onunla eyni vaxtda bir kollektivdə də işləmişik – “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində. Qrup yoldaşımız, tanın­mış qələm sahibi Maral Poladovanın təşəbbüsü ilə biz Hidayət Elvüsalın 75 illiyi ilə bağlı bir kitab nəşr etdir­mək qərarına gəlmişdik. Mən həmin kitab üçün “Sərrast söz ovçusu” baş­lıqlı qeydlərimi də yazmışdım. Çox heyiflər olsun ki, bu kitabı sağlığın­da ona çatdıra bilmədik. 

Həmkarımız İbrahim Nəbioğlu isə öz xatirələrində ötən illəri yada salır: 
– “Səhər” qəzetinin baş redak­toru Məzahir Süleymanzadə ilə müavini Hidayət Elvüsal 1990-cı ildə yenicə baş vermiş 20 Yanvar hadisələri barədə həyatlarını riskə qoyaraq topladıqları şəkil və yazı­lardan ibarət bir qovluq materialı mənə verib, Türkiyə mətbuatına çatdırmağı xahiş etmişdilər. O ma­teriallar türk qəzetlərində çıxaraq görünməmiş bir rezonansa səbəb olmuşdu. Məzahir Süleymanzadə ilə Hidayət Elvüsal mənim üçün bir qəhrəmana çevrildilər onda...”
Onun haqqında yazdığım bu qeydlərin sonunda, nədənsə, özünün yazdığı “Ayrılaq” şeirinin misraları yadıma düşdü:

Kamanmı inlədi gözləri nəmli?
Tarmı nalı çəkdi ürəyi qəmli?
Kövrəlib ağladın dərdli-ələmli,
Heç olarmı belə zülüm, ayrılaq?!

Bayaq xatırladığım yubiley təd­birində Hidayət Elvüsala Mətbuat Şurasının diplomu və Ahıl Jurnalist­lər Birliyinin xatirə hədiyyəsi olan qol saatı təqdim edilmişdi. Heyif ki, onun ömür saatı bugünlərdə həmişə­lik dayandı...

Əli NƏCƏFXANLI
XQ



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 10-09-2024 14:25
Baxış sayı: 3156
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını