Reklam
And yeri bir Tanrı, bir Vətən olan, dəli duyğularla yüklənən Adam - Famil Müseyibov -70
19-04-2024 17:15
Mənəvi dəyərlərin az qala hər gün aşındığı, insanlığın ölməkdə olduğu bir zamanda, həm də dünyamızın sarsıldığı bir dövrdə öz qalmaq, özün qalmaq, böyüklyünü, sambalını saxlamaq çox çətindir. Hələ min bir dərdin varsa, hələ Vətən həsrətiylə qovrula-qovrula uzaqların nazını çəkmək məcburiyyətindəsənsə, qürbətin soyuq divarlarına sarılmağa məhkumsansa, deməli amallarınla yaşamaq çətindən də çətindir. O qədər ziyalı, işıqlı adam olmalısan ki, ağlınla, zəkanla olanları, olacaqları və olmuşları dərin düşüncə süzgəcindən keçirib, təfəkkürünə sığdırdığın həyat fəlsəfəndə müəlliflik hüququnun pozulmasına imkan verməyəsən. Maddi dünyanın mənəviyyatını zədələyə bilmədiyi az adamlar var ki, onların varlığı ilə can verən insanlığın sağalacağına ümid bəsləyirik. Bəzən uzaqdan gələr o işıq, amma şəfəqləri çox yaxınların qaranlığını aydınladar.
Eynən Tanrı möcüzəsi Kəlbəcərin qürbətdəki işığı Famil Museyibov kimi. Əslində Famil müəllim özü də bir möcüzədir. Dünyaya baxışı, düşüncələri, şair ruhu, bəzən susqunluğu, bəzən də danışan sükutu ilə özəlliyini duyurur. Dərdin üzərinə yeridiyi min halı ilə görünür. Uca dayanışı möhkəm iradəsinin göstəricisidir. Xiffətini çəkdiyimiz, ehtiyacımız olan səmimiyyətin ta özüdür, Famil müəllim. Bu gün taleyin qürbət hökmünü ömrünə daşıyan dərin ziya sahibi, dəyərli Famil Museyibovun doğum günü -70 illik yubileyidir. Qocalıq deyil, ucalıq yaşıdır 70 yaş, kamillik mərtəbəsidir. Əlbəttə, o şəxsiyyət olaraq, yaşının indi adladığı kamillik zirvəsinə çoxdan çatıb. İnsanlıq fəlsəfəsində mənəvi dünyanı önə çəkdiyi davranışlarından bəllidir. Bir sözlə, Famil müəllim dərvişanə ömrünün aqillik zirvəsinə doğru yol alıb.
Biz də Dalidag.az olaraq, bu yolda Famil müəllimə uğurlar diləyir, sağlam canla çox yaşamasını arzulayırlq. Sevinci, uğuru bol olsun ömrünün.
Bu məqamda dostu, sirdaşı, könül həmdəmi, eloğlusu Namiq Dəlidağlının Famil müəllimə həsr etdiyi, misra-misra, bənd-bənd Famil Museyibovu ifadə edən şeiri də yerinə düşür:
Sevinc Qərib
***
ADAM
Bu gidi dünyanın hər üzünə bələddi, “İpinin üstünə odun yığmaq mümkün olmadığını” məndən yaxşı bilir əziz dostum, dəyərli söz adamı Famil Müseyibov. Zaman-zaman həm də bəzi doslarının dönüklüyünü çox görüb. Ona görə də heç nədən, heç kimdən küsüb-incimir. Ancaq özündən gileylənir. Xeyli müddətdi öz iç dünyasına çəkilib, onu sevən dostlarını susmaqla cəzalandırır. Qeyri-standart düşüncələri, fərqli xarakteri, necə deyərlər, öz ölçü-biçi meyarı var. Hər adama yovuşmur, buna can da atmır. Qılıq-zad da onluq deyil.
Ukraynada yaşayan dostumla ara-sıra telefon danışığımız olur. Səhhətində baş verən kiçik problemdən sonra nitqində qüsur yarandığını israrla boynuma qoymaq istəyir və bundan utandığını dilə gətirir. Ancaq dost olaraq mən bunu hiss etmirəm.
Bu kiçik şeirə müqəddimə yazmasaydım, oxucumuz söhbətin nədən getdiyini bilməyəcəkdi. İfadələrimin bəzilərində ərk eləmişəm, Famil müəllim bağışlayar yəqin...
Tanrı duasıyla baş-başa qalan,
ruhu sevdalara köklənən Adam.
Bütün doğmaların-dostun içində-
ancaq öz köçündə təklənən Adam.
Hərdən bu dünyadan bezən, usanan,
əli qürbət yerdən yurda uzanan.
Bəzən öz halından özü “utanan”,
bütün sevgilərdən *şəklənən Adam.
Sözə adaxlanan, şeirə vurulan,
vaxtın axarında axan, durulan.
Ömrü dolaylardan keçib yorulan
yolu “yoxuşlara” diklənən adam!
Göynək ağrılara ruhu tən olan,
zaman dəyirmandı – günü dən olan.
And yeri bir Tanrı, bir Vətən olan,
dəli duyğularla yüklənən Adam
*Şübhələnmək, inanmamaq
2023
Namiq Dəlidağlı
Dalidag.az
Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 19-04-2024 17:15
Baxış sayı: 2566
Yazı axını
08 / 12 / 2024
08 / 12 / 2024
07 / 12 / 2024
06 / 12 / 2024
06 / 12 / 2024
06 / 12 / 2024
05 / 12 / 2024
05 / 12 / 2024
04 / 12 / 2024
03 / 12 / 2024
02 / 12 / 2024
02 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
01 / 12 / 2024
28 / 11 / 2024
27 / 11 / 2024
25 / 11 / 2024
23 / 11 / 2024
21 / 11 / 2024
Ən çox oxunanlar