Reklam
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir, Kəlbəcərə dönürük...
25-11-2023 09:31
Dalidag.az Namiq Dəlidağlının şeirlərini təqdim edir:
...EVİMDƏ YATA BİLMƏDİM!
Yağı düşmən yurd yerlərimizi vəhşicəsinə talayıb. Evlərimizi söküb-dağıdıb. Demək olar ki, daşı daş üstündə qoymayıb qalsın. Kəlbəcər azad olunandan sonra doğulub boya-başa çatdığım kəndimi ziyarət etmək fürsətim oldu. Ancaq uşaqlıq və gənclik xatirələrim divarlarına hopan evimizdə bircə gecə qalmaq imkanım olmadı.
Şər qarışdı, axşam düşdü,
evimdə yata bilmədim.
Yorğun-arğın yol gəlmişdim-
evimdə yata bilmədim...
İllərdi ki həsrət çəkən,
dam - daşına qübar çökən,
atam tikən, düşmən sökən,
evimdə yata bilmədim.
Taledi - bir sınaq kimi,
qınaq yox bu qınaq kimi:-
bircə gecə qonaq kimi
evimdə yata bilmədim...
Sərin-sərin yuxum gəldi,
yeri sərin, yuxum gəldi,
elə şirin yuxum gəldi,
evimdə yata bilmədim.
Gözlərimdən min ah dərən-
yuxularım pərən-pərən.
Xatirələrim bar verən,
evimdə yata bilmədim.
Arzuma çatıb - dincəldim,
başımı qatıb dincəldim.
Çöllərdə yatıb dincəldim,
evimdə yata bilmədim!
Avqust 2021
DƏLİDAĞ, SALAM OLSUN, MUROV, HƏR VAXTIN XEYİR!
İlahi, sənə şükür, diləyimiz çin oldu,
Kəlbəcərə dönürük...
İllərdi gözləyirdik, bu gün, həmin gün oldu-
Kəlbəcərə dönürük...
Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı,
bu yurdun əvəzi yox-dür qayası, dür daşı.
Şəhid-Şəhid göyərən hər qayası, hər daşı-
Kəlbəcərə dönürük...
Kimin düşsə bu yerə güzarı- sevinəcək,
qalmayacaq ağrısı-azarı, sevinəcək.
...Uluların torpağı-məzarı sevinəcək,
Kəlbəcərə dönürük...
Var olsun milli ordum, zəfər çalıb gəlirik,
düşmənə qan uddurub, qisas alıb gəlirik,
məğlub kimi çıxmışdıq, qalib olub gəlirik-
Kəlbəcərə dönürük...
Günahkar tək yanına salıb qol-qanadını,
xəcalət çəkib deməz daha heç kim adını,
tarixin arxivinə atdıq "köçkün" adını,
Kəlbəcərə dönürük...
Acısını dadmışıq görün neçə il qəmin,
daha ağrısın çəkmir ürək dərdin, dil qəmin,
gözü aydın Şahbazın, gözü aydın Dilqəmin,
Kəlbəcərə dönürük...
Ta deyilsən yağıya girov, hər vaxtın xeyir,
görməz başın çən-duman, qırov, hər vaxtın xeyir,
Dəlidağ, salam olsun, Murov, hər vaxtın xeyir,
Kəlbəcərə dönürük...
15.11.2020
AĞDƏRƏNİN AĞ YOLUYA KƏLBƏCƏRƏ
GEDƏMMƏMƏK, AĞ BAYRAĞI QALDIRMAQDI! +
Mənim ağ yolum var,
Ağdərə yolu:
ağ günümə aparan yol.
Qara günüm ağarıbsa,
ağ günümün işığına
ağ yollarla getməliyəm...
Qara gündə, qarlı gündə
Murov mənə yol vermişdi
qaçıb gəlim.
İllərdi ki gözləyirəm
düz yoluma d ü z ə l m ə y ə.
Ağ yolları arzuladım,
ağ karvanım d ü z ü l m ə y ə...
Niyə dağa-daşa düşüm?
Özüm çox şeyi bilirkən,
sən deyəni başa düşüm...
Bu yurd mənim yurdumdusa,
qalib mənim ordumdusa,
mən ağ yola çıxmalıyam,
mən düz yolla getməliyəm.
Tunel çəkmək nəyə lazım,
"gündüz yolla" getməliyəm.
...Ağ gün üçün qorumuşuq,
ömrümüzdən qalan vaxtı.
Ağdərənin ağ yoluyla
Kəlbəcərə gedəmməmək,
ağ bayrağı qaldırmaqdı!!!
12.01.2021
ŞƏHİD SƏSİ
(Vətən Şəhidlərimizin doğma ruhuna sayğıyla...)
O gün sükut xor oxuyurdu-sükut
o gün sükut xor oxuyurdu-qulaqbatıran
o gün bütün nəğmələr
səssizliyə köklənmişdi
bütün səslər sükut
nəğməsi oxuyurdu
səsi batan saatın
əqrəbləri səssiz çırpınırdı
bütün telefon zəngləri
səssizliyə qurulmuşdu
Qulaqlar səssizliyə şəklənmişdi
quşların səsi boğazına tıxanmışdı
bütün güllələr səssizliyə açılırdı
...Təyarələrin səsini buludlar;
maşınların səsini yollar;
qatarların səsini relslər;
gəmilərin səsini dənizlər;
çayların səsini daşlar;
arıların səsini çiçəklər;
vüsalın səsini
ayrılıqlar udmuşdu...
dalğaların səsini qağayılar;
qağayıların səsini
dalğalar udmuşdu.
...Dizə qədər sükuta batmışdı səssizlik
sonra bütün səslər açıldı
Sən bütün səslərin
ucalığındasan-sükut səsinlə, Şəhidim
bütün səslər batacaq-sənin səsindən başqa!
SÖZ VERİB GEDƏN OĞLAN
"...Əziz və dəyərli dostlar. Bir qız status paylaşıb ki, 30 ilə alınmayan Qarabağı aldılar, məni alan olmadı. Mən burdan o xanıma səslənirəm: -Gözəl insan, gözəl xanım, sən gecə-gündüz dayanmadan əsgərlərimiz üçün dua elə, Qarabağ alınsın, səni axtarıb-tapıb mən özüm alacam", - deyən şəhid Daşqın Şəfiyevin unudulmaz xatirəsinə...
Savaşda Ana yurdun
dadına yetən oğlan.
Canı, qanı, ruhu,
varlığı-Vətən oğlan!
Vətənlə bir can oldun,
gülləyə nişan oldun,
sinəsi şan-şan oldun,
yaralı bədən oğlan!
-Onu alacam - dedin,
yalanmı çıxdı vədin?!
Niyə geri dönmədin,
dönmədin nədən, oğlan?!
O qız pozdumu andı,
kim deyir adaxlandı?!
Dönəcəksən - inandı,
söz verib gedən oğlan...
BAĞIŞLA, NƏ GÜNAHIM VAR...
Bu gün hər bir qarabağlı, laçınlı, ağdamlı... ruhunun qibləsi olan doğma yurd yerinə dönməyə tələsir, o xoş günü səbrsizliklə gözləyir. Eləcə də mən...Bir ilə yaxındır ki, ürək əməliyyatı keçirmişəm. Son günlər çox narahatam. Ürəyimin məni yarı yolda qoyacağından qorxuram. Axı, Kəlbəcəri görmək arzum var...
Əcəldən macal istədim,
Kəlbəcərə gedənəcən!
"Mamır olub dağ-daşında,
qayasında" bitənəcən.
Bəy atamın, xan atamın,
yuvası viran atamın,
ruhu nigaran atamın
məzarından öpənəcən.
Min dərdim var, min ahım var,
güvəndiyim Allahım var-
bağışla, nə günahım var
əlim Ora yetənəcən.
13.12. 2020
QARABAĞ
Torpağın elə dadlı,
suyun elə şirindi,
havan elə gözəldi,
daşın elə ağırdı-
düşüb dünyanın başına...
2020
MÜHARİBƏDƏN SONRAKI TORPAQ
Köksünə basdırılan
minalar
ürəyinin ritmini
pozurdu Ana torpağın.
Hər mina çıxarılanda
elə bil ürəyindən
tikan çıxarılırdı.
Göz-göz yara kimi görünürdü
sinəsində minaların yeri.
...İndi doğma nəfəsdən
canı isinir Ana torpağın:
iyirmi səkkiz iliydi
döl verməyən
qısır bətnində
ah göyərirdi.
2020
KƏLBƏCƏRDƏ GÖRDÜKLƏRİM...
(Qaracaoğlan sayağı)
Of, içimdə dağ azarı,
üz tutmuşam dağa sarı.
Sərt qayalar - dağ hasarı
zirvələnir yollar boyu.
Qırağında ocaq daşı,-
nə gur yanır, ocaq - daşır.
Çəmən - çiçək ocaqlaşır
zər ələnir yollar boyu.
Misqal-misqal sıxıb balı,
min çiçəkdən sağıb balı,
arıya bax, yığıb balı
şələlənir yollar boyu.
Moruq tutub dərələri,
kim yığa, kim dərə, ləli?!...
Sular axır - dərə ləli
şirələnir yollar boyu.
Bir yol axtar, cığır ara,
bu yol gedib çıxır hara...
Çəhlimlərə, cığırlara
gül ələnir yollar boyu.
Daş ağıllar, qalacıqlar,
mən gedirəm, qalacaqlar.
Cərgə-cərgə alaçıqlar
binələnir yollar boyu.
TƏSƏLLİ
(Ürəyimlə dil tapa bilmədim. Məni əməliyyat masasına qədər apardı)
Səni qınamıram, səni, ürəyim,
dəmir deyilsən ki, daş deyilsən ki?!...
Ağrıyla, acıyla silələnmisən,
necə dözməliydin, boş deyilsən ki?!...
Üstündən bir qoşun dərd ötürmüşəm:
vaxtsız ata dərdi, torpaq itkisi.
Dizini qırmağa bəs elədi, bəs-
adını çəkdiyim dərdin iksi...
Sonra sıralandı itirdiklərim,
sonra nələr oldu, nələr yaşadım...
Əlimi yelləyib ötürdüklərim-
qənimim oldular illər - yaşadım.
...Gözüm görə - görə nuş elədilər,
qanımı içdilər qansız adamlar.
Məni yüz ağrıya tuş elədilər,
bu ruhsuz adamlar, cansız adamlar.
Canımda ağrını daha çoxaltdı,
bir naşı həkimin yazdığı dərman.
Yüz qaysaq yaramı yenə qopartdı,
bir nadan hakimin verdiyi fərman.
...Gözümdə, könlümdə qışlayan ağrı,
həsrətdən sinəmə min "naxış" vurdu:
Dərbənddən, Təbrizdən… başlayan ağrı,
göynəyən ruhumda bir yuva qurdu.
…Ağrı yetişdikcə göynəyir s i n ə,
kədər şirin-şirin yeyir ü r ə y i.
Hərdən də təsəlli verirlər mənə:
-xəstə olmalıdı şair ü r ə y i.
Yanvar 2020
ADAM
Bu gidi dünyanın hər üzünə bələddi, “İpinin üstünə odun yığmaq mümkün olmadığını” məndən yaxşı bilir əziz dostum, dəyərli söz adamı Famil Müseyibov. Zaman-zaman həm də bəzi doslarının dönüklüyünü çox görüb. Ona görə də heç nədən, heç kimdən küsüb-incimir. Ancaq özündən gileylənir. Xeyli müddətdi öz iç dünyasına çəkilib, onu sevən dostlarını susmaqla cəzalandırır. Qeyri-standart düşüncələri, fərqli xarakteri, necə deyərlər, öz ölçü-biçi meyarı var. Hər adama yovuşmur, buna can da atmır. Qılıq-zad da onluq deyil.
Ukraynada yaşayan dostum, həmyerlim Famil müəllimlə ara-sıra telefon danışığımız olur.
Səhhətində baş verən kiçik problemdən sonra nitqində qüsur yarandığını israrla boynuma qoymaq istəyir və bundan utandığını dilə gətirir. Ancaq dost olaraq mən bunu hiss etmirəm.
Bu kiçik şeirə müqəddimə yazmasaydım, oxucumuz söhbətin nədən getdiyini bilməyəcəkdi. İfadələrimin bəzilərində ərk eləmişəm, Famil müəllim bağışlayar yəqin...
Tanrı duasıyla baş-başa qalan,
ruhu sevdalara köklənən Adam.
Bütün doğmaların-dostun içində-
ancaq öz köçündə təklənən Adam.
Hərdən bu dünyadan bezən, usanan,
əli qürbət yerdən yurda uzanan.
Bəzən öz halından özü “utanan”,
bütün sevgilərdən *şəklənən Adam.
Sözə adaxlanan, şeirə vurulan,
vaxtın axarında axan, durulan.
Ömrü dolaylardan keçib, yorulan
yolu “yoxuşlara” diklənən adam!
Göynək ağrılara ruhu tən olan,
zaman dəyirmandı – günü dən olan.
And yeri bir Tanrı, bir Vətən olan,
dəli duyğularla yüklənən Adam
*Şübhələnmək, inanmamaq…
Dalidag.az
Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 25-11-2023 09:31
Baxış sayı: 3558
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02