Dəlidağın ruhunu daşıyan Namiq Dəlidağlı - Təbrik

29-09-2023 11:30
Bu gün onun günüdür. O kəsin ki, Tanrının heç bir şeyi əsirgəmədiyi, əzəmətli dağların qucaqladığı, söz mülkünün belə daha çox kölgə saldığı möcüzə yurdda dünyaya göz açıb...
Bəlkə ondandır xarakterinin möhkəmliyi, sarsılmazlığı. Bəlkə hafizəsinə hopmuş bal dadan bulaqların səsidi sözə çevirdiyi pıçıltılar. Bəlkə seçilmiş olduğu üçün mübarək məkanın qoynunda doğulmasına hökm verib Yaradan. Bəlkələr güman deyil əslində. Həqiqətin görünməyən, ancaq düşüncələrin iti tərəfiylə aydınlığa çıxan məqamıdır. 
Onun çabası görünmək deyil, şöhrətə yüksəlmək əndişəsi də yoxdu. Tanrının taleyinə yazdığı şair ömrünü özü olaraq  yaşamaq, söz(ün)ə və öz(ün)ə sadiqliyini qoruyub saxlamaq, mənəvi dünyasını maddi asılılığın sıxıntısından yüksəkdə tutmaqdır Namiq Dəlidağlının çabası.
Bəli, bu gün bütün varlığı ilə türk adına, türk andına bağlı dəyərli ziyalı, şair -jurnalist Namiq Dəlidağlının doğum günüdür.
O ruhundakı, düşüncəsindəki azadlığı şeirinə yansıtmaqla poeziyaya yeni nəfəs gətirdi, çərçivə şeir ənənəsindən çıxmağı bacardı. Əlbəttə, ilk başda çətin qəbul olundu, bu gün də qəbul etməyənlər olmamış deyil. Ancaq o bir yenilikçi olaraq öz düşüncələrini köhnəliyin əsirinə çevrilməkdən qorudu. Və bu gün  də həmin amalla iz açdığı cığırla yoluna davam edir.  Bu yerdə bəlkə hansısa yaradıcılıq nümunəsi ilə təbrik əvəzi məktubumu yekunlaşdırmağa qərar verəcəkdim. Amma içimdəki səs davam et, yaz, hələ sözün çoxdu dedi.
Bəli, sözüm çoxdu! Əslində tanıdığın, dəyər verdiyin, əziz tutduğun biri haqqında yazmaq çətindi. Çünki ehtiyat edirsən, yazacaqlarının o insanı tam ifadə edəcəyindən əmin ola bilmirsən.
Namiq müəllim illərdir jurnalistika sahəsindədir, yəni əsl peşəsinin çörəyini yeməsə də əziyyətini çəkir. Və jurnalist kimi də imzasını  çoxdan təsdiqləyib. 
Bu çətin zamanda maddi dəstəyi olmadan hansısa bir işi yürütmək, üstəlik uğurlar qazanmaq, nailiyyətlərlə dolu illəri geridə qoymaq asan məsələ deyil, hətta çox çətindir. Amma o bunu da bacardı. Təsisçisi olduğu, rəhbərlik  etdiyi  Manevr.azDalidag.az saytları və "DƏLİDAĞ" Ədəbi Birliyi yarandığı gündən aktiv fəaliyyətdədir. Oxucu qıtlığı çəkmir,  operativliyini, eyni zamanda sanbalını qoruyub saxlayır. Bütün bunlar əlbəttə, Namiq müəllimin iradəsi, işə ciddi, peşəkar yanaşması və təbii ki, əqidəsi, məramı, üzərinə götürdüyü missiyasına yönəlik məqsədi sayəsində mövcud olur. Saysız-hesabsız sayt arasında itib-batmamaq bir yana, görünmək, üzdə olmaq, oxucu qazanmaq ciddi uğurdu məncə. Bəlkə işin içində olmasam, uzaqdan baxanlar kimi mənə də asan görünəcəkdi "döyüş". Ancaq mən bu "döyüşün" şahidiyəm...
Şəxsiyyəti bütöv, ciddi, dürüst, vicdanıyla danışa bilən adamdı Namiq müəllim. Təmənnasızlığı bəzən borc kimi anlaşılsa da, o xarakterində, xasiyyətində formalaşmış digər müsbət keyfiyyətlər kimi bu keyfiyyətini də "yaşadır".
İmzasını çoxdan tanıyırdım. Həm şair, həm jurnalist kimi qələminə bələd idim. Sonra şəxsini tanımaq qismətim oldu. Ədəbi mühitdə ilk dəstək aldığım az sayda insanlardan birincisidir. Şeirlərimin ilk dəfə saytda dərc olunması sevincini də o mənə yaşadıb. Təmənnasız və dəyərləndirərək... Kitablarımın redaktorluq əziyyətini çəkib, istiqamət verib, yol göstərib nəşr prosesində. Çəkingən və naşı olduğum üçün çətin gəlirdi kitab sevincinə aparan yolda yerimək...
Sonra tale elə gətirdi ki, əməkdaşlığa başladıq. İşdəki ciddiyyəti, sözün üstündə əsməsi, hərdən sərt davranışı, bəzən danlaması məsuliyyətimizi artırmaqla yanaşı, bizi işimizi daha keyfiyyətli görməyə sövq edir. 
Ciddi görkəminin, sərt görünüşünün arxasında bir kövrək insan gizlənir. Şeirlərindəki kədər qatı atasız keçən uşaqlıq, Kəlbəcərsiz ötüşən gənclik illərinin ağrı-acısından qaynaqlanır. Bəlkə ona görədir ki, oxuyanda iliklərinə qədər sızladır adamı. Çəkdiyi yükün ağırlığı, gördüyü haqsızlıqlar, qayğılar onu Namiq Dəlidağlı olmaqdan döndərə bilmədi. Bir az dəli, bir az çılğın... bir az da təxəllüsünün ötürdüyü enerjiyə köklənmiş... elə dağ əzəmətində, dağ vüqarında.
O həm də filoloqdu. Yazıda heç bir səhv gözündən yayınmır. Tələbkarlığı təkcə işin gedişatı üçün deyil. Özünü, işini inkişaf etdirmə və yenilik əzmini, düşüncə bütövlüyünü pedaqoq metodikası ilə üsulluca aşılayır insana.
İllərlə yurd həsrəti çəkib. Nisgilini, həsrətini şeirlərinə daşıyıb. Ancaq vətənpərvər şeirlərində Qələbəyə inam, yurda əlçatanlığın olacağı məqamlar şəkillənib.
Və üç il əvvəl bu inam doğruldu, Zəfər marşı çalındı gizildəyən torpaqların qoynunda. O da Kəlbəcərinə qovuşdu. Getdi dağılmış ata evini, küskün ata məzarını ziyarət etdi... Kəlbəcərsizlik dərdini yurd torpağının ətrində unutdu, sularında yudu ağrılarını.
Daha Kəlbəcərsiz kəlbəcərli deyil o, istəyəndə yön alacağı yollar var üzü dağlara sarı...
Əslində bu bir ad günü təbriki olmalı idi. Bax, söz belədi, düşüncəni çəkib aparır uzaqlara, birdə baxırsan ki, geridə uzun bir mətn qalıb. Gəlim əsas mətləbə...
Təbrik edirəm, Dəlidağın ruhunu daşıyan, Namiq Dəlidağlı! Ucalıqda olun, sağlam və xoşbəxt yaşayın! Şeirli ömrünüz uzun olsun!

Sevinc QƏRİB
Dalidag.az




Kateqoriya: Manşet / Karusel / Kəlbəcər
Tarix: 29-09-2023 11:30
Baxış sayı: 3663
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
01 / 12 / 2024