Reklam
"Duyğuların yad adamda doğulur, sığalını yadırğayır tellərim" - Sevinc Qəribin şeirləri
12-07-2023 14:28
Bu gün istedadlı şair, AYB-nin üzvü, "Dəlidağ.az" saytının baş redaktor müvini Sevinc Qəribin doğum günüdü. Bu münasibətlə dəyərli Sevinc xanımı təbrik edir, həyatında və işlərində uğurlar diləyirik.
Sevinc Qəribin bir neçə şeirlərini oxuculara təqdim edirik:
ÖMÜR DƏ SIĞINIB TANRI ŞEİRİNƏ
Bəzən tanımıram heç özümü də,
Ruhuma yad gəlir hissim, həvəsim.
Hərdən qınayıram bu dözümü də,
Sıxdıqca köksümü ölüm nəfəsi.
Əynim iztirabın təzə donunda,
Kipriyim yuyunur köhnə yağışda.
Bəlkə də işıq var yolun sonunda,
Sönür ümidlərim yalnış naxışda.
Kimsə əl uzadır duama sarı,
Göy üzü doludu qırıq diləklə.
Bəxtim cadar üzlü zavallı qarı,
Özüm hələ körpə qızdı bələkdə.
Biçənək kimidi arzumun üzü,
Bir-iki dən düşüb ümid yerinə.
Təsəlli seçmişəm könlümə sözü,
Ömür də sığınıb Tanrı şeirinə.
SONRA...
...sonra kirpiklərim yükünü atdı,
boşaldı gözümün dolu tərəfi.
Sonra boğazımda dağı əritdim,
qəhər selə döndü o dar cığırda,
çəkdi qoşunların nəfəs yolumdan,
yenildi səbrimə qəzəb ordusu...
Sonra zəfər çaldı çiyinlərim də,
soyundu əynindən məğlub libasın.
Açıldı qaşımın düyünləri də,
sovruldu alnımdan qırış topası.
Sonra qollarımı havaya açdım,
"çiçəyi çırtladı" ümidlərimin...
Sığalsız saçlarım çox ağlamışdı,
sonra barmaqlarım savaba batdı.
Qurudu göz yaşı saçlarımın da
öldükcə ovcumda sığal həsrəti.
Yetim əllərimdə dua göyərdi,
inandım yerişsiz ayaqlarıma.
Bəlkə də üz tutub göyə gedərdim,
"dön" səsi oxundu qulaqlarıma.
Sonra ürəyimə bir nəğmə axdı,
dirildi içimdə ölən arzular.
Çəkdim pərdələri günəşə sarı,
tutdum şəfəqinin hörüklərindən.
...sonra gülümsədi aynamın üzü
baxdım ki, əksimi yaz qucaqlayıb...
BİLMƏZSƏN
Bir az unutqanlıq səpələnər çiyinlərinə,
unudarsan saçlarımın döyüş bölgəsində olduğunu,
xatırlamaszan ayaqlarımın yerimədiyini.
Əllərində aha çevrilər dilində susan kəlmələr..,
gözlərindən gilə-gilə ayrılıq tökülər.
Bir az sıyrılmış dizimin qanı qorxudar səni,
heyfin gələr göyərmiş dodaqlarıma.
Köz arayarsan atəşin söndüyü yerdə,
qığılcıma sarılan hisslərin yaddaşsız doğular,
bilməzsən ocaq öpüşündən alovlanar....
Bir az yağışa düşər baxışların,
yanaqlarımın yaşında isladarsan kipriklərini.
İtirərsən qollarını boynumda,
sığınar köksünə ürək döyüntülərim,
unudarsan bunun qucaqlamaq olduğunu...
Bir az aynalarda əksini axtararsan,
üşüdər könlünü yoxluq havası...
Hənirti arayarsan sükut notunda
pıçıltılar aldadar qulaqlarını...
Duymazsan ruhumun "əlvidasını",
bilməzsən getdiyimi, bilməzsən öldüyümü...
ANA OLURAM MİSRALARIMA
Yollar çox yordu məni,
and içdim ayaqlarıma
daha qəmə bulaşdırmayacam
izlərimi.
Köçürəm kədərin mülkündən,
bir sevinc daxması tikdim ruhuma.
Qollarımı boşluq zindanından azad edirəm,
qucaqlayıram özümü.
Ölməkmi?
Nə ölməsi, yaşamaq lazım, yaşamaq!
Ulduzların öpüşünü təbəssüm edirəm dodaqlarıma,
bu gecə ay da eşqlə baxır gözümə,
göy üzü ritmini tutur xoşbəxtliyin.
Bəyaz gəlinlik geyinir hisslərim,
diyğularımdan sevgi doğulur,
bətni sevinir ruhumun,
ana oluram misralarıma...
YETİM QALMAQ QİSMƏTİDİ BU EŞQİN...
Bilirəm, ömrünə kədər gətirdim,
Ayrılaq, taleyin hirsi soyusun.
Mən özümü həsrətəcən ötürdüm,
Sən də çıx get, artıq təməl qoyulsun.
Nə gördük ki, göz yaşından savayı,
Qısır oldu bu sevdanın sevinci.
Təkcə dərddi bizə düşən havayı,
Hara getsək tapdı bizi birinci.
Arzularım qundağında boğulur,
Vüsalını dadmadı heç əllərim.
Duyğuların yad adamda doğulur,
Sığalını yadırğayır tellərim.
İnanmıram fələk bizi qarğıya,
Bədhaxların nəfsi kəsdi bu eşqi.
Məhəl qoyma sinəmdəki ağrıya,
Yetim qalmaq qismətidi bu eşqin.
Nəm gözlərim yollarına yıxılsın,
İntizarın dara çəksin ruhumu.
Bu sevgidən sən-mən adı çıxılsın,
Kiridərəm için-için ahımı...
Ayrılığın mürgü vursun gözümdə,
Qollarıma yiyə dursun sənsizlik.
Mən birtəhər güc taparam özümdə
Təki səni ağrıtmasın mənsizlik...
Get, sevincin qucaqlasın boyunu,
İşıq bitsin yollarında, izində.
Uduzanı mən olum bu "oyunun",
Gedişinə yas tutaram gizlində...
Sevinc Qərib
Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 12-07-2023 14:28
Baxış sayı: 2540
Yazı axını
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02