Şuşa haqqı, səni çox sevirəm: siyahı-miyahı boş şeydi - Vaqif poeziya gününə...

18-07-2022 16:53
Namiq Dəlidağlı, 
“Manevr.az” Media Qrupunun rəhbəri,
AYB-nin üzvü.



Ötən il Şuşada Vaqif poeziya günləri keçiriləndə Kəlbəcərdəydim.
Tədbirə çağrılmadığım üçün sevindim. 30 ilə yaxın həsrətini çəkdiyim, ruhumun qibləsi bildiyim doğma yurdumu ziyarət etmək fürsəti yaranmışdı. Əgər dəvət olunsaydım, sözsüz ki, Kəlbəcəri seçəcəkdim. Şuşa başımın tacı, gözümün işığı, könlümün dinclik tapdığı müqəddəs məkandı. Ancaq mənim üçün Kəlbəcər deyil. Körpəllik, gənclik illərimin xatirələrilə ovunmaq, uzun müddət  “gözləri yol çəkən” atamın  məzarını ziyarət etmək üçün çox tələsirdim. Ancaq Şuşaya getmək, həm də söz adamları ilə müqəddəs yurdu ziyarət etməyin də öz özəlliyi, ta gəlib yazacam, gözəlliyi var. Etiraf edim ki, bu ziyarət vaz keçilməz fürsət olardı. Sadəlövh insanam, ötən il şanlı siyahıda adımın yer almaması, "yaddan çıxdığm" üçün sevinmişdim. Hardan biləydim ki, Şuşaya getmək üçün tutulan siyahının qıraq-bucağına növbəti il də adım yazılmayacaq. 

Əslində belə də gözləyirdim... Yaşadığım Sumqayıt şəhərində uzunömürlü AYB-nin iki fəaliyyətsiz bölməsi var. Birinin başqanı ancaq türkiyəli şair və yazıçılarla işləyir, bizə zaman ayıra bilmir. Əlaqələrim sıfır dərəcəsindədi. Digərinin sədri isə meyxanaçıdı, mən də meyxana deyə bilmədiyimə görə münasibətimiz yoxdu. Yəni, bölgələrdən adımın siyahıya salınmasını gözləmirdim. 

Baş ofisə, AYB-yə  isə ayda-ildə bir dəfə gedirəm. Yerləşdiyi binanın nə daxilində, nə də ətrafında ucuz çayxana-zad da yoxdu ki, arada gedib çay içib gözə görünəm, doğmalaşam. Həm də yekə titullularla həmsöhbət olmaq qabiliyyətim umulacaq dərəcədə deyil. Xarakterim dövrün-zamanın tələbiylə uyğunlaşmır. Özünü Allahın bacısı oğlu kimi aparanların yanında, mən də özümü Allahın qardaşı oğlu kimi (əstəğfirullah) təqdim edirəm. Həm də onlar titullarına uyğun məmur adamlarla-yazıçı və şairlərlə daha çox münasibət qurmağa çalışırlar. Yoxsa xüsusi imtiyazlar əldə eləyən  bu “seçilmişlər” gözümüzdə  adiləşə bilər. Ona görə də “adamayovuşmaz “ xarakterimlə belə siyahılarda kənarda qalmaq “şansım” daha çox olur.

Şuşaya hər kəsin  getmək haqqı var. İstedadlının da, istedadsızın da, qabiliyyətlinin də, qabiliyyətsizin də. Necə deyərlər, sizin də bizim də... Xoş niyyətli olandan sonra amerkalı Conun da, hindistanlı Racın da...
Ancaq  hansı status və ad altında... Burda söhbət poeziyadan, sözdən gedirsə, "saf-çürük" məsələsinə bir az diqqətlə yanaşmaq gərək. Hər kəsin öz adamı var və bu hər kəsin dostu, qrup yoldaşı, iş yoldaşı, yol yoldaşı, sevgi yoldaşı, unutduğum başqa yoldaşlıqları üst-üstə gələndə limit də, say da, başqa şey də artıqlaması ilə dolur.
Burda qalır insaf, o da...
Hər kəs Şuşaya getmək  haqqı olduğunu çırpır adamın üzünə. Razıyam.  Ora hamımız gedəcəyik: siyahılı, siyahısız... Bu dəfə gedənlərin də hamısını haqlı sayıram. Heç kim mənim yerimi tutmadı. Sadəcə, AYB məmurları mənə yer ayırmadı. Ora getməyə hamı özünü haqlı saydığı kimi, mən də narazılığımı haqlı hesab edirəm.

Bir də məmur yazıçılar, sizə havalə edilən vəzifə, layiq olduğunuzdan artıq əldə etdiyiniz imtiyazlar bizə yuxarıdan aşağı baxmaq üçün verilməyib. İşinizi bilin...

Şuşaya artıq yolumuz açıqdı! Mən də gedəcəm. Vaqifin poeziya günü olmasın, Natəvanın olsun, lap elə uzunömürlü AYB üzvlərindən birinin yaradıcılıq gecəsi olsun.

Gözəlim, Şuşa! Ağrın alım, canım, yurdum! Şuşa haqqı, Laçın haqqı, Kəlbəcər haqqı, səni şox sevirəm. Siyahı-miyahı boş şeydi...

P.S. Mənim haqq davamı ağzıgöyçəklərin “Şuşa ermənidə olanda – zad” kimi qulağımızı yağır eləyən standart düşüncələriylə yüz yerə yozmalarına ehtiyac duymuram!
 

Dalidag.az


Kateqoriya: Manşet / Sosium
Tarix: 18-07-2022 16:53
Baxış sayı: 2506
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını