"AYB Katibliyindəki bəzi yeni rəhbər ünsürlər haqqı olan yazarlarla dağal uşaqlar kimi davranırlar"

13-07-2022 13:22
Anarın bir əsəri var: "Adamın adamı". Bunların adamları kimlərdir ki, hərəsinin ağzından bir ötkəm avaz gəlir... Yaxınlarda yenə Vaqif poeziya günləri keçiriləcək. Uğurlu olsun.

AYB-də gizli siyahı tutulub. Hansı meyarlar əsas götürülüb, bəzilərinə bilinmir, bəzilərinə isə bəllidir.  Ötən ilki kimi, içlərində Vaqifin adını eşidənlər və heç tanımayanlar, şair saymayanlar, yeri gələndə real həyatının doğurduğu sevgi şeirlərinə görə söyənlər də var... Ümumiyyətlə, AYB-nin yeni katibləri hansı meyarlarla seçilib, bunlar ədəbiyyatı hara sürükləyirlər, o da bilinmir. Öncələr katiblər qurultayda seçilirdi (daha doğrusu, təyin olunurdu). İndi bu təyinat katiblik iclasında cəm halında, həm də qapalı keçib...

Mətləbə gələcəm. Hələliksə, bir az əvvəldən başlayım. 2018-ci il 25-28 avqust tarixində Azərbaycanın böyük şairi Molla Pənah Vaqifin (1717-1797) anadan olmasının 300 illiyi münasibətilə  TÜRKSOY tərəfindən Qazaxıstanın Türküstan şəhərində  tədbirlər silsiləsi düzənlənmişdi. Orada şairin yaradıcılığı haqqında əsas məruzəçi idim. Tədbirlər yüksək səviyyədə kecdi, mediada çoxsaylı məlumatlar getdi. Ondan öncə şairin TÜRKSOY tərəfindən 6 dildə çap olunan kitabının tərtibində iştirak etmiş, təşkilatın baş katibinin təşəkkür bəlgəsini də almışdım. Türküstandan Bakıya qayıdıb işə çıxanda bir sürprizlə qarşılaşdım. Sonradan korrupsiya səbəbi ilə istefaya göndərilən, bəziləri məsuliyyətə cəlb olunan Mədəniyyət Nazirliyinin keçmiş hansısa çox məsul nümayəndəsi zəng vurub hesabat istəmişdi ki, niyə mən tədbirə qatılmışam və əsas məruzəçi olmuşam. Nazirliyin saytında da tədbirlər barədə ətrafll məlumatlar getmişdi.  Yəni mənim çıxışımdan da yaxşı xəbərləri vardı. O vaxtlar bu barədə öncə müdirim və  sonra özüm də irada fikrimizi gərəkli şəkildə çatdırmışdıq. Yenə də inanmıram, tədbirə kimin getməsi nazirliyin marağında olsun. O da ola ki, millətinə və  dövlətinə dəyişməz mövqeyi olan bir yazarın, publisistin... Sadəcə, məruzədə Mədəniyyət Nazirliyinin və nazirin adını çəkməmişdim. Bu onlara yer eləmişdi, açıq deməsələr də, mənə çatdırdılar. Deməli, ortada  bir bədəsil, xəbis vardı. Yəqin ənamını da aldı. Söz onda yox, sonradan yubiley tədbirləri 6 ölkədə davam etdirildi. Vaqifin 6 dildə çıxan kitabında zərrəcə zəhməti olmayanlar ölkələri gəzdilər, amma o səfərlərin effekti mediada, demək olar, heç görünmədi. Heç kimə də söz deyən, irad tutan olmadı. TÜRKSOY Vaqif adına medal təsis edib. Və indiyədək M. P. Vaqiflə bağlı bir təşəbbüsdə belə iştirak etməyən, bəlkə də bir şeirini düz-əməlli bilməyən neçə-neçə yazarlar o medalla təltif olundular və olunurlar. Amma iş görən də, haqqında donos verilən də mən oldum...

Bir qeyd də əlavə edim ki, hətta Qarabağ işğaldan azad olunduqdan sonra Şuşada Vaqifin məqbərəsinin açılışına və Vaqif poeziya günlərinə də 1997-2014-cü illərdə İdarə Heyətinin üzvü olduğum AYB məni siyahıya salmadı. O qrupa yaradıcılıq və nüfuz baxımından cəmiyyətdə tanınmayan yazarları... və yazarların "digərlərini" də daxil etmişdilər. Halbuki Vətən müharibəsi gedə-gedə poeziyada savaş mövzusunda yazan ilklərdən biri idim. "Zəfər öyküləri" silsiləsini yazmışdım... Eyni zamanda "Şuşa İli"nə həsr olunmuş ilk toplunu - "Zəfər duyğuları" poeziya antologiyasını da mən hazırlamışdım. O kitabda AYB-də çalışanların əsərləri yer almışdı. Onlar hazırladıqları kitablarda da yenə özlərinəməxsus məhdud seçim sərgilədilər.

İndi AYB Katibliyindəki bəzi yeni rəhbər ünsürlər haqqı olan yazarlarla dar düşüncəli dağal uşaqlar kimi davranırlar. Qruplaşma yaradıb, ayrı-seçkilik edirlər. Feysbukda şairlik təctübəsi keçənləri gətirib AYB-yə üzv edir, sədr seçilmək üçün elektorat toplayırlar. Hansı yollasa Anarın sədrlikdən getməsini səbirsizliklə gözləyirlər. Halbuki Anar onlara etimad göstərib, vəzifə verib və bu vəzifə sayəsində də tanınıblar. Ev, fəxri ad, mükafat alıblar. İndi himayədarın yerinə keçmək üçün fürsət axtarırlar. Yoxsa nə yaradıcılıq, nə istedad, nə də ictimai fəallıq baxımından başqa üzvlərdən üstün mövqedə deyillər. Bunlar ədəbiyyatı idarə etməyə yox, gözdən salıb ucuzlaşdırmağa meyillidirlər...
İndi yenə də Şuşada Vaqif poeziya günlərinə hazırlıq gedir. Yenə həmin ssenari, yenə həmin quruluş. Hər katib öz adamını (və yazarını) siyahıya saldırıb. Siyahıya məsul İlqar Fəhmidir. AYB-dəki qruplaşmalara qoşulmayanlar yenə kənarda qalacaq. Bu siyahıtutma prinsipi digər üzvlərə qarşı sayğısızlıqdır.

Tədbirdən sonra yenə müzakirələr uzanıb Qurultay ərəfəsində bitəcək. Yəqin təltiflər də olacaq. Qurultay iştirakçıları da elə "adamın adamı" prinsipi ilə seçiləcək. Elə sonra da "paraşüt" katiblərin sayəsində bu cür sovetdənqalma  üsul-idarə davam edəcək. Onlar həyatda sələflərinin sovet dövründəki şöhrət nostaljisini yaşamaq istəyirlər. Bu istəyə qarşı gələnlər isə əbədi-ədəbi düşmən hesab olunur.

                                     
 Dəyanət Osmanlı


Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 13-07-2022 13:22
Baxış sayı: 3154
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını