Bu torpağı Vətən edən oğullar: Mahir Quliyevin şəhadətindən 29 il ötür

10-04-2022 19:32
Bu torpağı Vətən edən oğullardı. O oğullar ki, yeri gələndə bir qarış torpaq üçün canını əirgəməz, qanıyla suvarar müqəddəs Vətən torpağını. Düşmənə aman verməz, bayrağını uca tutar. Minlərlə oğulun qanı hopmuş torpağın bir adı da Şəhiddir. Müqəddəs şəhid ruhlarının pərvaz etdiyi Vətən göyləri illərdir canını sıxan qara buludlardan azad olub indi. Birliyin, Vətən sevgisinin, qisas hissinin bir yumruğa çevirdiyi ulu millətin Qələbəsi Kəlbəcər dağlarında da əks-səda verdi. Yüzlərlə oğulun şəhid olduğu Kəlbəcər dağlarında...
Kəlbəcər sazın-sözün oylağıdır, bu danılmaz faktdır. Ancaq təkcə sözlə, sazla tarix yazmadı kəlbəcərlilər...
30 il torpaq uğrunda aparılan mübarizə, azadlıq, müstəqillik naminə edilən mücadilələr göstərdi ki, hər yurdda minlərlə igidliyi boyuna biçilmiş oğullar düşmənə sipər olmağa qadirdi. İstər birinci, istərsə də ikinci Qarabağ savaşında yüzlərlə şəhid vermiş  Kəlbəcərin qəhrəmanlıq dastanı yazan oğulları Vətən üçün canlarından keçməyi yaşamaqdan üstün bildilər. Üst-üstə faciələr, soyqırımlar yaşamış bir yurdun oğulları başqa cür ola da bilməzdi. Bu gün 28 ilə yaxın işğal ömrü yaşayan Kəlbəcərin azadlığına qovuşması da məhz o igid oğulların şücaəti, qanı-canı bahasına mümkün oldu. Birinci Qarabağ savaşında son damla qanına qədər düşmənə zərbələr vuran, mənfurların torpaqlarımıza ayaq basmasına aman verməyən yüzlərlə kəlbəcərli şəhidin ruhları şaddır yəqin ki. Uğrunda can verdikləri yurdda indi qəhrəman qardaşlarının nəfəsi duyulur, addımları eşidilir. Əminəm ki, elə şəhid, baş leytenant Mahir Quliyevin də ruhu şaddır. O Mahirin ki, Kəlbəcərin və bir neçə digər rayonun qorunmasında şücaəti ilə ad çıxarmışdı.
Mahir İbrahim oğlu Quliyev 1969-cu il  mart ayının 14-də Kəlbəcərin Quzeyçirkin kəndində anadan olub. Orta təhsilini Qılınclı kəndində alıb.  Orta məktəbi bitirən kimi Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Xidmətini Kuybışev Hərbi Dairəsində davam etdirən M.Quliyev 1992-ci ilin yazından Azərbaycan Ordusunun zabiti kimi döyüşlərin ən gərgin nöqtələrinə atılaraq Vətənin müdafiəsinə qalxıb. Kəlbəcərin müdafiəsində xüsusi fəallıq və əzmkarlıq nümunələri göstərən dəstəyə başçılıq edən Mahirin fəaliyyəti bununla bitmir. Laçının, Füzulinin, Xocavəndin müdafiəsində də baş leytenant Mahir Quliyev dəstəsi ilə öndə idi. Keçmiş Ağcakənd rayonunun yağılardan təmizlənməsində də Mahir Quliyev qəhrəmanlığının izi var.
Vətən üçün döyüşə atılan Mahir elə döyüşdə də həlak oldu. O, 1993-cü il aprel ayının 8-də Murovdağın ətəyində şəhid oldu. 

İndi doğulduğu kəndin - Quzeyçirkinin orta məktəbi onun adını daşıyır. Ruhun şad olsun, igid leytenant, yurdun- uğruna can verdiyin Kəlbəcərin azaddı.

Sevinc QƏRİB
Dalidag.az



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 10-04-2022 19:32
Baxış sayı: 3532
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını