Kəlbəcərlilər Eldar Həsənovla bağlı Prezidentə müraciət etdi

01-10-2021 14:10
" Eldar Həsənovun açıqlamalarından da görürük ki, onun nəinki azadlığının məhdudlaşdırılması, fiziki məhvi belə bu qrupun xoş olmayan planlarına daxildir"
Kəlbəcər rayonundan olan ziyalılar və Qarabağ müharibəsi veteranları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət ünvanlayıblar. 
Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!
Bir il öncə sizin rəhbərliyiniz və komandanlığınız altında Azərbaycan ordusunun 44 günlük Vətən Müharibəsi ilə 30 ilə yaxın erməni vandallarının işğalı altında qalan Qarabağı, bizim ata-baba torpaqlarımızı azad etməsi Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Bu şanlı qələbə ilə 1 milyona yaxın soydaşımız kimi biz kəlbəcərlilər də 30 ilə yaxın alnımıza vurulmuş məcburi köçkünlük damğasından xilas ola bildik. Sizin işğaldan azad olunmuş bölgələrimizə tarixi səfərləriniz və oradan bütün dünyaya verdiyiniz mesajlar isə Azərbaycanın bu tarixi torpaqlarının sabahkı xoş gələcəyindən xəbər verir.

Cənab Prezident, bizim sizə müraciətimiz Azərbaycanın sabiq baş prokuroru və bir neçə ölkədə səfiri olmuş Eldar Həsənovun həbsi və taleyi ilə bağlı keçirdiyimiz narahatçılıqla bağlıdır. Bizim bu illər ərzində tanıdığımız Eldar Həsənov özü də dəfələrlə vurğuladığı kimi hər zaman ümumilli liderimiz Heydər Əliyevə, onun layiqli davamçısı İlham Əliyevə və onların yürütdükləri dövlətçilik siyasətinə sədaqəti ilə seçilib. O, hələ Gəncədə polis rəisi işləyərkən o zamanlar Naxçıvan Ali məclisinin sədri olan ümumilli liderimiz Heydər Əliyevin xahişi ilə bu bölgəyə göstərdiyi silah-sursat yardımı səbəbindən vəzifəsindən uzaqlaşdırılıb və bir müddət işsiz qalıb. Rəhmətlik Heydər Əliyev onun bu fədakarlığını unutmayıb və yenidən hakimiyyətə qayıdandan sonra Eldar Həsənova böyük etimad göstərərək onu respublikanın baş prokuroru təyin edib. O, bu postda işlədiyi illərdə ümummili liderimizin Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən dövlət quruculuğu və qanunlarımızın hüquqi aliliyinin möhkəmləndirilməsi yolunda öz qüvvə və
bacarığını əsirgəməyib. Sonradan səfir kimi işlədiyi ölkələrdə Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında danılmaz xidmətlər göstərib. Bizlər də mətbuatdan və televiziya kanallarından zaman-zaman xəbər tutmuşuq ki, Eldar Həsənov Avropanın iki ölkəsində ümummilli liderimiz Heydər Əliyevin abidəsinin qoyulmasına və adına parkların salınmasına nail olub. Onun səfir kimi fəaliyyətində Avropanın iki ölkəsində Xocalı soyqırımının tanınması isə Azərbaycanın beynəlxalq siyasətdə böyük uğurlarından sayılıb. Bundan başqa, Azərbaycan xalqının ünlü simalarından olan Üzeyir bəyin, Hüseyn Cavidin Avropa ölkələrində abidələrinin qoyulması və digər milli dəyərlərimizin Avropada təbliği Azərbaycan dövlətinin və dövlətçiliyinin böyük uğurlarından hesab edilib. “Kitabi-Dədə Qorqud”un, “Qurani-Kərim”in və yüzdən artıq Azərbaycan ədibinin əsərlərinin Avropa dillərinə tərcüməsinin qayəsində bir amal dayanıb: Azərbaycanı və onun milli-mənəvi dəyərlərini dünyaya tanıtmaq və təbliğ etmək. Bir azərbaycanlı olaraq bizlər də onun bu yorulmaz fəaliyyətindən qürur duymuşuq. Biz heç də Eldar Həsənovun gördüyü bütün işləri sadalamaq fikrində deyilik. Bilirik ki, o bu işləri Azərbaycan dövləti adına, Azərbaycan Prezidenti adına həyata keçirib və siz də bunlardan yaxından xəbərdarsınız.

Hörmətli cənab Prezident.
Bu illər ərzində biz insanlarımızın qəlbinə toxunan xoşagəlməz bir hadisənin də şahidi olmuşuq. Görmüşük ki, məlum bir qrup Eldar Həsənovun bacarığına və gördüyü işlərə böyük qısqanclıq hissiylə yanaşaraq onu gözdən salmaq üçün “əllərindən gələni əsirgəməyiblər”. Böyük səlahiyyət və imkan sahibi olan bu şəbəkə 30 il müddətində Eldar Həsənova qarşı qaralama, gözdən salma və əsil informasiya müharibəsi aparıb. Onların bu saysız-hesabsız böhtanları və təxribatları qarşısında Eldar Həsənov həmişə böyük təmkin göstərərək susub, dövlətinə və dövlətçiliyinə sadiq qalaraq daha ürəklə, böyük enerji ilə xidmət edib. Bizi ağrıdan odur ki, sonda onlar yanlış və saxta informasiyalarla dövlətimizin ali rəhbərliyini də nəyəsə inandıra biliblər və Eldar Həsənovun həbsinə nail olublar. Aparılan istintiqaq və məhkəmə prosesində ortaya çıxan faktlar, dəlillər bu işin nə qədər qurama və saxta olduğunu bir daha üzə çıxarır. Eldar Həsənovun öz həyatına nə qədər təhlükələr olsa da, bu addımın onun özünə qarşı hüquqi çətinliklər yarada biləcəyinə baxmayaraq o, məhkəmənin ilk günündən dövlətçiliyimizin zərər görməməsi və imicinin zədələnməməsi naminə məhkəmənin qapalı keçirilməsini tələb edib. Onu həbs elətdirənlər isə heç bir milli mənafe və dövlətçilik təəssübü düşünmədən tez-tələsik bu məhkəməni keçirərək Eldar Həsənovun kitabını birdəfəlik bağlamaq niyyətində olublar. Eldar Həsənovun açıqlamalarından da görürük ki, onun nəinki azadlığının məhdudlaşdırılması, fiziki məhvi belə bu qrupun xoş olmayan planlarına daxildir.

Möhtərəm cənab Prezident. 
Qarabağ zəfəri ilə Azərbaycan xalqı ilə onun Prezidenti arasında elə bir mənəvi birlik yaranıb ki, bundan özünü bu dövlətin vətəndaşı sayan hər bir kəs qürur duyar. Lakin bəzi qüvvələr yenə də bu böyük birliyimizə zərər yetirməyə və kölgə salmağa çalışırlar. İnsanları bölgələrə, qruplara bölüb, “bizdən olmayan bizim əleyhimizədir” prinsipi ilə qorxulu bir tendensiya yaradırlar. Düşünürük ki, Eldar Həsənova qarşı qurulmuş bu oyun birbaşa dövlətimizə, onun Prezidentinə qarşı yönəlmiş bir təxribat, xoş olmayan bir niyyətdir. Siz həmişə açıq bəyan etmisiniz ki, 50 milyonluq Azərbaycan xalqının prezidentisiniz və hər bir azərbaycanlının taleyi sizin üçün çox əzizdir. Bu gün Eldar Həsənov olduqca ağır xəstədir və həyatı tükdən asılıdır. Onun bu şəkildə həyatını itirə biləcəyi isə milli birliyimizə sağalmaz yara vura bilər. Xahiş edirik ki, bu məsələyə səssiz qalmayasınız. Prosesə müdaxilə edib haqqın, ədalətin öz yerini tapmasına kömək edəsiniz. İnanırıq ki, bizim böyük inam və ümidlə sizə etdiyimiz müraciətimizi cavabsız qoymayasınız.

Dalidag.az



Kateqoriya: Manşet
Tarix: 01-10-2021 14:10
Baxış sayı: 2713
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını