Başlıbel sakini Prezidentə məktub yazdı

29-04-2021 21:08

Kəlbəcər rayon Başlıbel kənd sakini, "Dəlidağ.az" saytının əməkdaşı Oqtay Salahov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə açıq məktub yazıb.   
Dalidag.az bildirir ki, O. Salahov məktubunda 1992-1993-cü illərdə Kəlbəcər rayonunda çıxan “Yenilik” qəzetinin hərbi müxbiri işlədiyi dövrdə Azərbaycan ordusunda şahidi olduğu hadisələr haqqında məlumat verib. O illərdə Azərbaycan ordusunun uğursuzluqlarının, bu uğursuzluqlara gətirən səbəblərin yenidən araşdırılmasını və günahkarların layiqli cəzalarını almasını ölkə başçısından xahiş edib. Məktubun mətnini təqdim edirik: 
     
"Möhtərəm  Prezident, cənab Ali Baş Komandan!
Sizin rəhbərliyinizlə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qələbəsi son iki yüz ildə Azərbaycan xalqının qazandığı ilk böyük qələbədir. Sizin dediyiniz kimi,bu qələbə yeni reallıqlar yaratmışdır. Bu reallıqlara təkcə İkinci Qarabağ Müharibəsinin  nəticələri deyil, həm də Birinci Qarabağ Müharibəsində məğlubiyyətimizin səbəblərinin yenidən araşdırılması və günahkarların layiqli cəzasına çatması məsələsinin də daxil edilməsi vacibdir. Bu baxımdan Sizin göstərişinizlə Azərbaycan Respublikası Baş Prokurorluğunun Kəlbəcər rayonunun  Başlıbel kəndində 1993-cü il aprel ayınin 18-də erməni cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş dinc sakinlərin qəbirlərində istintaq hərəkətlərinə başlamasını alqışlayırıq. Bunu ədalətin zəfər çalması kimi qiymətləndiririk.İnanırıq ki, vaxt gələcək, Başlıbel şəhidlərinin bir zaman  erməni qaniçənlərinin qorxusundan gecəyarı xəlvətcə dəfn olunduqları qəbirlərinin üzərində Sizin rəhbərliyinizlə  böyük bir memorial abidə qoyulacaq və həmin abidə gələcəkdə gənc nəslin and yerinə çevriləcəkdir.
Hörmətli Prezident!
Biz istərdik ki, 1992-1993-cü illərdə Azərbaycan ordusunun uğursuzluqları, bu uğursuzluqlara gətirən səbəblər də yenidən, Sizin göstərişinizlə araşdırılsın və günahkarlar layiqli cəzalarını alsınlar. Siz Vətən Müharibəsində Ordumuzun qələbə qazanması və torpaqlarımızın işğaldan azad edilməsi səbəbindən tarixə ədalətli və qalib bir sərkərdə kimi yazıldınız. İllər də, əsrlər də keçəcək, gələcək nəsillər Sizi həmişə qalib və ədalətli bir sərkərdə kimi tanıyacaqlar. Mən istərdim ki, 1992-1993-cü illərdə Kəlbəcər rayonunda çıxan “Yenilik” qəzetinin hərbi müxbiri işlədiyim dövrdə Azərbaycan ordusunda baş verənlərlə Sizi tanış  edim. 1992-ci il noyabrın 17-də mən müxbir kimi laçın bölgəsindəki hərbi hissəyə ezam olunmuşdum. Briqada komandiri Zaur Rzayevdən müsahibə götürürdüm. laçın rayonunun Qarı Kahası, Tiqik-1 və Tiqik-2  kəndlərində Azərbaycan Ordusu uğurlu əməliyyatlar keçirərək həmin kəndləri  ermənilərdən azad etmişdi. Zaur Rzayev o zamankı  Baş Qərargah rəisi Surət Hüseynova raport verirdi: “Laçın koridoru tam nəzarətimizdədir. İcazə verin koridoru bağlayım”. Surət Hüseynovun isə cavabı “Hələ koridorla işiniz olmasın! Koridoru bağlamaq olmaz!”-oldu. Həmin vaxt Laçın koridorunu bağlamaq gücündə olan ordu dörd ay yarımdan sonra nəinki Laçını, hətta Azərbaycanın qala qapısı sayılan Kəlbəcəri də döyüşsüz-filansız düşmənlərə verdi. 1993-cü il martın 27-də Kəlbəcərin Ağdərə ilə həmsərhəd olan,Ağdərə-Kəlbəcər magistral yolunun üzərində yerləşən Bağlıpəyə kənd sakinləri səhər tezdən kəlbəcər rayon icra hakimiyyətinə axışdılar. Onlar həyacanlı idilər. Ağsaqqallardan beş-altı nəfər mənim iştirakım ilə  icra başçısı İlham Həsənovun qəbuluna girdilər. Dedilər ki, dünən axşam çağı briqada komandiri Əzizağa Qənizadə Bağlıpəyə kəndi ilə Ağdərə rayonunun birləşdiyi yerdə Ağdərə tərəfdən gələn ağ  “Niva” markalı maşından düşən dörd nəfərlə görüşdü. Gələnlərdən biri qadın idi. Xeyli söhbət etdilər və ayrıldılar. “Niva” Ağdərə istiqamətində, Əzizağa Qənizadənin maşını isə Kəlbəcər istiqamətində getdilər. Səhər tezdən Ağdərə tərəfdən gələn  erməni tankları heç bir maneə olmadan bizim kəndə girdi,evləri,insanları atəşə tutdular. Halbuki , həmin yollar minalanmışdı. Deməli, axşamkı danışıqdan sonra  Ə.Qənizadə yoldan minaları götürtdürmüşdür. Bütün bunları Bağlıpəyə kənd sakinləri  Kəlbəcərin o zamankı icra başçısına danışdılar. Cəmi altı gündən sonra isə Kəlbəcər tamamilə işğal olundu.  Aprelin 2-də isə o zamankı Respublika rəhbərliyinin  nə qədər yarıtmaz işlədiyinin bir daha şahidi oldum. O zamankı Dövlət Katibi Pənah Hüseynov vertolyotla Kəlbəcərə gəlmişdi.  Kəlbəcər , demək olar ki , son saatlarını  yaşayırdı. Kəlbəcər rayon rabitə şöbəsinin işçisi (çox təəssüf ki, onun adını unutmuşam ) qaça-qaça rayon icra hakimiyyətinə ğəldi və icra başçısına dedi ki,ermənilər teleqülləni ələ keçiriblər (Teleqüllə Kəlbəcərdən 2-3 kilometr kənarda yerləşirdi),indicə oradan rabitə şöbəsinə zəng vurdular ki,niyə dayanmısınız, təcili Kəlbəcəri tərk edin, yoxsa hamınızı əsir götürəcəyik, onsuz da Kəlbəcəri almışıq. Bu sözləri eşidən Dövlət Katibi Pənah Hüseynov  icra hakimiyyətinin binasını tərk etdi  və onu gözləyən vertolyota minib qaçdı. Heç olmasa, vertolyot meydançasında toplaşıb sərnişin vertolyotu gözləyən kəlbəcərlilərdən bir neçəsini öz vertolyotuna da götürmədi. Cənab Prezident, bütün bunlar barədə, eləcə də Başlıbel faciəsi barədə 1993-cü ildə məcburi köçkün həyatı yaşadığım ilk aylarda  neçə-neçə qəzetlərdə geniş məqalələr çap etdirmişəm. Lakin o zamankı dövlət rəhbərlərinin gözləri kor, qulaqları kar idi. Ədalətsizlik baş alıb getdiyinə görə harayımıza hay verən olmadı,cənnətməkan Kəlbəcərimiz 28 il düşmən tapdağında qalaraq xarabalığa çevrildi. AXC- Müsavat cütlüyü hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində nəinki rayonlarımız işğala məruz qaldı, eləcə də gənc müstəqil dovlətimizin varlığı ciddi təhlükə altında qaldı. Xalqın tələbi ilə  Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə gəlişi xalqımızı böyük bəlalardan, dövlətçiliyimizi isə parçalanmaqdan və məhv olmaqdan xilas etdi. Allah Heydər Əliyevi Azərbaycana bir xilaskar kimi göndərmişdi. Onun uzaqgörənliklə 1994-cü ilin may ayında atəşkəs haqqında müqavilə imzalaması sonrakı illərdə inkişafımızın və ötən ilki  44  günlük Vətən Müharibəsində sanlı qələbəmizin təməlini qoymuşdur. Sizin rəhbərliyinizlə keçirilən “Dəmir Yumruq” əməliyyatı nəticəsində doğma Kəlbəcərimiz bir güllə atılmadan düşməndən azad edilmişdir. Torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə Uca Allahdan rəhmət diləyir, qazilərimizə və qalib Azərbaycan Ordusuna can sağlığı arzulayırıq. Bu qalibiyyəti xalqımıza yaşatdığınıza görə şəxsən Sizə-müzəffər  ordumuzun Ali Baş Komandanına bütün kəlbəcərlilər,Başlıbel seyidləri adından təşəkkürümüzü bildirir, Sizə can sağlığı, ailənizlə birlikdə xoşbəxt yaşamağı və xalqımızı xoş gələcəyə aparmağı arzulayırıq. Allah Sizə yar olsun!"      

Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 29-04-2021 21:08
Baxış sayı: 3617
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını