Reklam

Bir aşıq Duman gəldi-getdi bu dünyadan...-Namiq Dəlidağlı yazır
25-03-2021 11:09

Aşıq Duman sağlığında Abbas Tufarqanlının çox sevdiyim
"Duman, gəl-get bu dağlardan,
dağlar təzə bar eyləsin..."
misraları ilə başlayan "Eyləsin" gəraylısını saz havası üstündə oxuyub-oxumayıb bilmirəm. Ancaq nədənsə aşıq Duman dünyasını dəyişəndən sonra bu şeiri hər dəfə zümzümə eləyəndə onu xatırlayıram. Bu dünyadan bir aşıq Duman gəldi-getdi...
Aşıq Dumanın sağlığında iki-üç ifasına qulaq asmışdım. Düzü, yanıqlı oxuması, fərqli ifa tərzi yaddaşıma hopmuşdu. Gündəlik beynimizi dolduran yerli-yersiz informasiya bolluğundan imkan tapıb başqa ifalarına qulaq asa, videolarına baxa bilməmişdim. Aşığın qəfil ölümü hamı kimi məni də ağrıtdı. Ən çox da mənə təsir edən həsrətindən hər ifasında göynək xallar vurduğu Kəlbəcərimizin alındığı ərəfədə dünyasını dəyişməsi oldu. Aşıq Duman Kəlbəcər göynərtisini sinəsində apardı. İnternetdə axtarış verib aşıq Dumanın xeyli videoçəkilişini, ifalarını tapdım. Ancaq dadlı-duzlu ifası olan bu sənatkarın barəsində yaddaşlara köçürülənlərin əksəriyyəti qeyri-peşəkar çəkilişlərdi. Yeyib-içmək də, istirahət də, əylənmək də lazımdı. Ancaq belə sənətkarı dar çərçivədə tanıtmaq, əksər zaman cəmi 3-5 nəfərin əhatəsində olması, yanıqlı ifası kimi, həm də ağrılı bir məqamdı. Bu gün efirləri, ekranları məşğul edən, sazı yuxarıdan aşağı, sinədən ayağa endirənlərin bütöv "yaradıcılığı" aşıq Dumanın bir ifasına dəyməz. Burada, qədim ozan sənətimizdə də haram-halalı, doğru yalanı üstələyib. Saxta-"taxta" aşıqlar haqq aşıqlarımızı, haqqı olanları kölgədə qoyub. Onlar bir çox hallarda isə, qədim ozan sənətimizin vicdanlı, istedadlı simalarına qarşı çıxırlar, yolunu kəsirlər. Məhz məmur "aşıqların" günahı, efir dəllallarının şərəfsizliyi üzündən ədalət nizamı tamah qarşısında diz çökən dünyamızda Duman kimi aşıqlar layiqincə görünə bilmədilər. Dərdinin, ağrılarının, sarvanına çevrilən Duman kimi aşıqlarımız sazı atıb- tutan, eləcə də ətrafı vəzifə daşıyan məddah, bamblı "aşıqlara" "uduzdular".
Ölən günü ağı deyən dost-tanış da deyəsən unutdu Aşıq Dumanı. Ancaq çox istərdim ki, aşıq Dumanı unutmayaq. Həmişə xatırlayaq ki, bu dünyadan, bu sənətdən bir aşıq Duman gəlib-getdi.
Namiq Dəlidağlı
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
