"Kəlbəcərsiz ürəyi çat-çat olan şair nə boyda olmalıydı ki?"

08-03-2021 12:45
                                                                     Namiq Dəlidağlı
…Ötən ilin bir payız günü idi. Sumqayıtda küçədə rastlaşdıq. Namiq Dəlidağlı mənə bir “əllilik” verdi ki, “xırdalayım”. Hətta məni çay süfrəsinə dəvət elədi, amma tələsdiyim üçün üzrxahlıq edərək, “əlliliyi” də cibimə qoyub getdim. İndi yadıma düşür ki, axı, o “əllilik” elə də qaldı.
Namiq Dəlidağlının “ƏLLİLİYİ” - Əli Nəcəfxanlı yazır

Fikirləşməyin ki, xəzinədar-filanam. Mən hara, pul xırdalamaq hara? Olsa-olsa, söz xırdalayaram. Elə söhbət də şair dostum Namiqin 50 yaşı üçün çap etdirdiyi əl boyda “Əllidə ələnənlər” kitabından gedir.
Onun kitabına ön sözdə filologiya üzrə fəlsəfə doktoru, dosent İlham Məmmədli yazır ki, Namiq Dəlidağlı bu gün ömrünün və yaradıcılığının ən yetkin dövrünü yaşayır. Ciddi söz adamı kimi tanınmasına baxmayaraq, heç vaxt qalın-qalın kitabları çap olunmayıb. Lakin o, balaca kitablara çox böyük mətləbləri, mövzuları, insan duyğularını sığışdıra bilib.

Doğrudan da, Namiq təmtəraq sevən deyil, sakit, elə mənim kimi, bəstəboylu “fağır”ın birisidir. “Çölümdə mən kiçilirəm, içimdə dərdim böyüyür…” deyən şair, təxəllüsündən də göründüyü kimi, Dəlidağlıdır, 27 il düşmən tapdağında qalmış sazlı-sözlü, qızıllı-misli Kəlbəcər elindəndir. Bəs, on illərcə “orda yad əlində ata məzarı” qalan, burda “ürəyinin başı üşüyən”, “düşmən gülləsindən çapılan qaya”lara görə ruhu “dəli haraylara köklənən, “sınıq pəncərəli, sınıq qapılı” evinin dərdini çəkən və ürəyi çat-çat olan şair nə boyda olmalıydı ki? Sumqayıtda hər birimizin ustad sandığımız Əşrəf Veysəllinin “Orda uşaqlığım əsir düşübdü, Burda qocalığım xəcalət çəkir” deyiminə uyğun bir tale yaşayan, özü demiş, neçə arzusu, diləyi “intihar eləmiş” şair necə sınıxmamalıydı ki?

Canı ağrıyan Vətən,
gözü ağlayan Vətən.
Sınıxdığını duydum
saralan otlarından,
qorxub sənin boynuna
sarılan otlarından…


Dağların yoncasını, nərgizini, bənövşəsini qoyub şəhərin kaktusuna, liliyasına, xrizantemina möhtac olan şair təsəlli tapardımı?

Bezdim bu şəhərin küçələrindən,
bezdim bu şəhərin asfalt üzündən,
çıxıb kəndimizə getməyim gəlir,
geriyə dönməyə üzüm nə gəzir…


…Neçə il öncə yaxın dostumuz, şeir-sənət xiridarı Namis Şirməmmədli, Namiq Dəlidağlı və mən Sumqayıtdakı “Ana və uşaq” kafesində oturmuşduq. Ana uşağı kimiydik. İtirilmiş torpaqların, üzünü-gözünü doyunca güldürə bilmədiyimiz analarımızın “dərd”ini çəkdik bir-iki saat. Namiq orda anasına yazdığı “Səni Kəlbəcərə aparammıram” adlı bir etiraf şeirini də oxudu:

Yanırsan, göylərə bülənddi tüstün,
görürəm, çox vədə vurmuram üstün.
Çəmənlər pərişan, çiçəklər küskün,
qan tökür dağ, dərə, aparammıram.


Deyirəm, nə yaxşı ki, artıq bu həsrətə, nisgilə son qoyuldu. Torpaqlar işğaldan azad olundu, indi hamımız Kəlbəcərə, Laçına, Şuşaya getməyə səbirsizlənirik. Amma yurd həsrətinin, od-ocaq yanğısının izi əbədi qalıb şairin ürəyində. Yanıq yeri kimi, yara çapığı kimi. Onun şeirləri vətən ağrıları - vətən ağıları ilə doludur. Hərdən adama elə gəlir ki, şair, deyəsən, məğlubiyyətlə az qala barışıbmış da. “Vay dədəm, vay, biz hələ yaşayırıq”… Amma diqqətlə baxanda bunun heç də belə olmadığını görürsən. Bu misralar məhz Namiqindir, axı:

Özü yıxılan ağlamaz,
dur, çırp üstünü-başını,
sil gözlərinin yaşını,
yaşamağa öyrənginən,
bu dövran sevmir "naşını!"


və yaxud

Saxla o gedən qoşunu,
yüyürüm mən də qoşulum–


Yəni hər şey qabaqdadır, yəni qoşun tezliklə irəli şığıyacaq, üzü dağlara çapacaq, qisası qiyamətə qoymayacaq qalsın. Hələ beş il qabaq Namiq Dəlidağlı Böyük Qayıdışımızın başlanğıcı olan Lələtəpədən, Cocuq Mərcanlıdan üzünü Murova tərəf tutaraq demişdi:

Sənin sağalmağının
bir yolu, bir çəmi var,
Sənin yaralarının
bircəcə məlhəmi var:
Onun adı SAVAŞDI –
onun adı QƏLƏBƏ…


Nə xoş bizlərə ki, bu “çəmi” tapmaq bəxtimizdə, qismətimizdə varmış. QƏLƏBƏ qəddimizi düzəltdi, belimizi dikəltdi. Şeirlərinin birində “Ümidim hələ də can verməmişdi” deyən şair imana, dinə gələr ta!
Namiqin yaradıcılığı qoşmalı, gəraylılı dağlardan qut alsa da, qaya misraların bel sütunundan maya tutsa da, o gözəlliyi saxlamaq şərtilə bir qədər müasir ruhludur. Yəni sırf ənənəvi olaraq qalmayıb, çağdaş çağırışlara uyğun tərzdə bəzi zərgər işləmələrinə rəvalanıb. Onun söz dəyirmanında fikirlər elə gözəl üyünür ki, dürlü-dürlü sözlər dad kimi, bərəkət kimi unluğundan gəlib tökülür. Burda Kəlbəcər nisgili ilə dünyadan köçmüş böyük, unudulmaz şairimiz Məmməd Aslanın dəfninə yazdığı şeiri misal çəkmək olar:

Torpağa bir tabut söz basdırdılar,
indi kəpənəklər sözə qonacaq,
Arılar şirəsin sözdən çəkəcək,
bu məzar söz adlı bar gətirəcək,
çiçək bitirəcək, gül bitirəcək…


Şairin “Axtarıram”, “Xan Laçına gedə bilmədi Ağa Laçınlı”, “Şairləri soyurlar”, “Çaylar” və başqa şeirləri də bu baxımdan maraqlı yanaşmaları ilə seçilir.
…Beləcə, Namiq Dəlidağlının verdiyi “əlliliyi” axır ki, birtəhər xırdaladım. Xeyirli olsun!











Əli NƏCƏFXANLI,
Əməkdar jurnalist

Dalidag.az


Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 08-03-2021 12:45
Baxış sayı: 3644
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını