Cümşüd Nuriyev “müharibə veteranı” vəsiqəsinin yiyəsidir, Kəlbəcər balası Allahverdi Dönməz veteran təqaüdünə həsrətdi

25-02-2021 13:23
Döyüşçünün haqqını yeyən mətbuat, maliyyə, deputat “döyüşçülər”
Qarabağ bölgəsində xidmət edən hərbi qulluqçulara təminat xərcliyinin məbləğinin ikiqat ödənilməsindən imtina edilməsinin günümüzün başlıca qonusu olması mübahisə doğurmur.
İqtidar yetkililəri sözügedən imtinanı Qarabağın artıq döyüş bölgəsi olmaması ilə izah edirlər. Fikrimizcə, düzgün yanaşma və ağlabatan, məntiqli izah deyil. Ən azı, Qarabağda xidmət keçən Vətən keşikçilərinin gecə-gündüz əlləri tətikdə, ayaqları “minalarda”, gözləri nisangahda, başları namərd gülləsinin hədəfində olur. Bakıda və Qarabağ bölgəsindən qıraqda isə belə deyil. İndi işğaldan azad edilmiş bölgədə xidmət keçən hərbi qulluqçunun təminat xərcliyi digər bölgədə xidmət keçənlərinki kimi necə birqat ödənilə bilər? Biz hələ qalib hərbçilərin təminat xərcliyinin artırılmaması anlaşılmazlığını demirik. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 08.01.2013 tarixli 2 saylı qərarı ilə hərbçilərin ərzaq payı əvəzinə pul kompensasiyasının məbləği 64 manatdan manatdan 128 manata çatdırılsa da, hələ də, artıq 9-cu ildir, icra olunmur.
Maliyyə problemlərinin işğaldan azad edilmiş bölgədə xidmət keçən hərbi qulluqçuların təminatına yetkisi olmamalıdır. Fikrimizcə, hərbi sahədə islahatlara ehtiyac var. Daha doğrusu, mülki xarakterli vəzifələrin “hərbisizləşdirilməsi” , çindən qurtulması prosesini həyata keçirməklə döyüşçü hərbçilərin pul təminatını yetərincə yaxşılaşdırmaq olar. Götürək elə müdafiə naziri postunu. Bəyəm sözügedən siyasi görəvi mülki qaydada general çini olmadan daşımaq olmaz? Eləcə də, maliyyə, mətbuat, tibbi xidmətləri mülki formada, hərbi çinsiz yerinə yetirməklə büdcəni yükdən qurtarmaq çətin olmaz. Biz hələ hərbi orkestrin xərclərini demirik. Təsəvvür edin, Bakıda kabinetdə Qarabağdakı döyüşçünün təminatını hesablayan maliyyəçi zabit döyüşçü zabitdən də çox pul alır! 44 günlük Vətən savaşı da ölkə prezidentinin həm nazirin , həm mətbuat xidmətinin funksiyalarını yerinə yetirməsini ortaya qoydu. Belədə öndəki döyüşçünün pulunu arxadakı mətbuat xidmətinə ödəməyin nə anlamı var ?
Bir problem də saxta müharibə veteranları ilə bağlıdır. 1-ci Qarabağ savaşı çağı uçot (düzgün) aparılmadığından, icra hakimiyyəti başçılarının görüm-baxımla verdiyi arayışlarla şişirtmə 60 minlik “veteranlar ordusu” büdcənin yeyilməsində önəmli çəkiyə malikdir. Aylıq 80 manatlıq prezident təqaüdü hesabı ilə ildə ortalıq 60 milyon manatı döyüşçülərin təminatına xərcləmək olar və gərəkir. Təsəvvür edin, keçmiş deputat Cümşüd Nuriyev “əvəzetmə” yolu ilə həm də “müharibə veteranı” vəsiqəsinin yiyəsidir , amma Kəlbəcər balası Allahverdi Dönməz savaşda canını qoysa da, veteran təqaüdünə həsrətdir. Elə hazırkı işğal(dan azad edilmiş) bölgələrin deputatlarının da çoxu deputat mandatı ilə müharibə veteranı vəsiqəsini qoşa gəzdirirlər. Elə işğal(dan azad edilmiş) bölgə(si) var ki, arvadı -kişili hamısı “müharibə veteranı” statusu “qazanıb”. Ümumiyyətlə, icra hakimiyyətlərinin verdiyi arayışlarla əldə edilən “müharibə veteranı” adlarına yenidən baxılmalıdır. Eyni zamanda Müdafiə Nazirliyinin arxivi də keçmiş çağlarda saxta veteran adlarının verilməsinə saxta arayışlarla “töhfəsini verib”. Hətta saxta “Qarabağ əlili” adı alanlar da yetərincədir. Özü də bu saxta veteranlar, əlillər o qədər arsızdırlar ki, savaşdan qaçmaqları bir yana, heç savaş bölgəsində olmayanlar mənzil, avtomobil, əmək və digər sosial -məişət güzəştləri ilə elə saxta yolla təmin olunmaqda da öndə gedirlər.
Deyəsən, qonudan uzaqlaşdıq. Bir sözlə, döyüşçünün haqqını ikiqat , hətta daha çöx ödəmək mümkündür. Sadəcə, bağlantılı qurumların döyüşçü haqqını yeyənləri saf-çürük etməsinə ehtiyac var.

Məğrur Bədəlsoy 

Dalidag.az





Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 25-02-2021 13:23
Baxış sayı: 2562
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını