O, müharibəyə könüllü getdi - "Laçının azad olunmasına görə" medalı ilə geri döndü -ŞƏKİL

04-02-2021 12:36
 Uşaq vaxtından tanıyıram onu. Lap uşaqlıqdan. Hamı kimi adi, sadə bir uşaq idi. Kəndimizdəki bütün uşaqlar kimi zəhmətkeşliyi də var idi, dəcəlliyi də, qayğıkeşliyi də. Ailələrində elmə, təhsilə, böyük hörmət olduğundan zəhmətkeşlikdən də, dəcəllikdən və qayğıkeşlikdən də öncə gündəlik dərslərini  öyrənmək, təkrarlamaq, biliyini daha da artırmaq üçün əlavə ədəbiyyatlardan istifadə etmək onların ailəsində yazılmamış qanun idi.

Evlərində yüzlərlə kitabları özündə saxlayan böyük kitab rəflərində müxtəlif elm sahələrinə aid ədəbiyyatlar vardı. Dərslərini hazırlayandan sonra müntəzəm olaraq bu kitablardan oxuyardı. Atası Məhyəddin müəllim nəinki yaşadığı Başlibel kəndinin, eləcə də bütün Kəlbəcər rayonunun tanınmış ziyalılarından idi. Hələ Kəlbəcər şəhərində işlədiyim illərdə  Kəlbəcər rayon təhsil şöbəsinə yolum düşəndə orada Kəlbəcərin qabaqcıl təhsil işçilərinin fotoşəkillərindən ibarət şərəf lövhəsində əməkdar müəllim Məhyəddin Əsədovun şəklini fəxrlə seyr edərdim. 
Belə bir ailədə böyüyən Seymur Məhyəddin oğlu Əsədov 1971-ci ildə Kəlbəcər rayonununun Başlibel kəndində anadan olmuşdur.
1995-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, lor (qulaq-burun) ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətinə  Kəlbəcər rayon xəstəxanasında başlayan Seymur Əsədov Vətən müharibəsi başlayana qədər uzun müddət- 1998-ci ildən -2009-cu ilə qədər  hərbi  həkim kimi əvvəlcə Sumqayıt Əlahiddə Tibb Taborunda həkim -cərrah, sonra isə Sarıcalı qospitalında cərrahiyyə şöbəsinin rəisi kimi fəaliyyət göstərmişdir. 
Müharibə başlayanda Bakı şəhərində  işlədiyi 6 nömrəli  şəhər poliklinikasında torpaqları 27 ildən çox düşmən tapdağı altında olan bir Kəlbəcərli kimi rahat işləyə bilməzdi. Odur ki, könüllü olaraq cəbhəyə müraciət etdi. Müraciətinə cavab bir qədər gec gəldiyindən Seymur həkim  Bakıdakı Hərbi Klinik  Qospitala getdi və öz köməyini təklif etdi. Əvvəlcə qəbul etmədilər, Lakin o, təkid etdi. Hərbi Klinik Qospitalda travmatoloq kimi işə başladı. Daha sonra cəbhə  xəttində - Laçın rayonununun Güləbird kəndində və Qubadlı rayonunun İşıqlı kəndində hərbi-tibbi taborda xidmətini davam etdirdi. Qələbə sorağını Laçın rayonunun Güləbird kəndində aldı. Neçə-neçə yaralı  əsgər və zabitlərimizi öz həkim yoldaşları ilə  birlikdə ölümün caynaqlarından xilas etdilər.

Kapitan Seymur Məhyəddin oğlu Əsədov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə hərbi xidmətdə fərqləndiyi üçün "Laçının azad olunmasına görə" medalı ilə təltif edilmişdir. O, müharibə qələbə ilə başa çatdıqdan bir neçə gün  sonra Gəncədəki  hərbi hissənin  tibb taboruna göndərilmiş, ötən ilin  son günündə isə hərbi xidmətdən tərxis olunmuşdur. Artıq  Kapitan Seymur həkim öz hərbi  missiyasını başa vurmuş, öz sevimli peşəsini Bakı şəhər 6 nömrəli poliklinikasında davam etdirir. Onun ən böyük arzusu  doğma  Kəlbəcərdə insanların sağlamlığının keşiyində durmaqdır. Bu yolda ona uğurlar arzulayırıq.

Oqtay SALAHLI
Dalidag.az



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 04-02-2021 12:36
Baxış sayı: 3600
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını