QALİB ORDUNUN QALİB ƏSGƏRİ

26-01-2021 11:19
Qırx dörd günlük müharibədə xalqla dövlətin birliyi Azərbaycan xalqının uzun illərdən bəri həsrətində olduğu Qarabağımızın hər bir azərbaycanlı üçün necə əziz olduğunu bir daha sübut etdi. Qarabağın işğalda olması, Vətənin bütövlüyünün pozulması  hər birimizin içərisində bir sınıqlıq, baş aşağılığı əmələ gətirmişdi. Hər bir azərbaycanlı işğalda olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi, düşməndən intiqam alınması hissi ilə alışıb yanırdı.   
Belə oğullardan biri də 1992-ci il yanvar ayının 3-də Bərdə rayonunun Zümürxan kəndində doğulub boya-başa çatan Tofiqli Kənan Behbud oğlu idi. On il bundan qabaq -2011-ci ildə Kənan hərbi xidmətini Cəlilabaddakı "N" saylı hərbi hissədə başa vurub ehtiyata buraxılanda komandirləri ona "hərbi vəziyyət elan olunarsa, səni mütəxəssis kimi dəvət edəcəklər"-demişdilər. Ötən il sentyabrın  27-də Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı əks-hücumu başlananda Respublikanın Ali Baş Komandanı, Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə qismən səfərbərlik elan olundu. Kənan da bu səfərbərliyə qoşularaq cəbhəyə yollandı. Onun döyüş yolu Suqovuşan və Talış istiqamətlərindən keçməklə düşmən mövqelərinin məhv edilməsində fəal iştirak etdi. Qələbə xəbərini Talış kəndində  radio ilə eşidəndə hamı kimi Kənanın da sevincinin həddi-hüdudu yox idi. Kənan deyir ki, həmin gün ölkə prezidentinin xalqa müraciətinə radio ilə dəfələrlə qulaq asdıq. Gecə-gündüz qulaqlarımızın öyrəşdiyi top-tüfəng səsinin kəsilməsi, ətrafa dərin sükutun çökməsi bizə  qəribə gəlirdi.
Sürücülüyü yaxşı bacardığına görə Kənan Tofiqli noyabrın 10-dan sonra Qubadlı- Laçın istiqamətlərində xidmətə göndərildi. Son dayanacaq yeri Laçının Qarıqışlaq kəndi oldu. Söhbət edərkən Kənandan "Xidmətdə olduğun zaman ən çox nədən ötrü darıxırdın?"- deyə soruşduqda gülümsəyərək "Qızlarım İlknur və Aynur üçün darıxırdım. Hər dəfə telefonla danışanda ağlayırdılar, məni evə çağırırdılar" cavabını verdi. İndi Kənan Tofiqli qalib ordunun qalib əsgəri kimi ehtiyata buraxılıb. Söhbətimiz zamanı təltifinin olub-olmamasını soruşduq. Yenidən gülümsəyərək, bildirdi ki, nədənsə, mənim adım həmin siyahıda yoxdur. Hərbi biletini cibindən çıxarıb bizə göstərdi. Hərbi biletin müvafiq səhifəsində Suqovuşan və Talış istiqamətlərində döyüşlərdə iştirak etməsi barədə hərbi hissənin möhürü ilə təsdiqlənmiş qeyd var idi. Elə bizim yanımızdaca hərbi hissənin təltiflərin verilməsi ilə məşgul olan əməkdaşına zəng vurdu. Yaxın günlərdə ona müsbət cavab veriləcəyini bildirdilər. Biz də inanırıq ki, hərbi hissələrdə döyüşmüş vətəndaşlarımızın təltiflərinin gecikdirilməməsi üçün məsul olan hərbi hissə əməkdaşları  operativ iş apararaq keçmiş döyüşçülərin məmnunluğunu təmin edəcəklər. Çünki qalib əsgəri get-gələ salmaq qalib ordunun adına yaraşmaz. Biz hər birimiz Qalib Ordunun qalib əsgərlərinin qayğılarını çəkməyə borcluyuq. 

OQTAY SALAHLI
Dalidag.az-ın əməkdaşı



Kateqoriya: Manşet / Sosium
Tarix: 26-01-2021 11:19
Baxış sayı: 3689
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını