“Kəlbəcərdə birinci toyu özüm edəcəyəm” - öz avtomobili ilə onlarla yaralını və şəhidi döyüş bölgəsindən çıxaran qazi – VİDEO + ŞƏKİLLƏR

19-01-2021 20:18

"Saya bildiyim qədərilə 60 yaralını və 12 şəhidimizi özümə məxsus “NİVA” avtomobili ilə döyüş bölgəsindən çıxarmışam".

Dalidag.az bildirir ki, bu sözləri Kəlbəcərdə doğulmuş və erməni işğalı nəticəsində öz yurd-yuvasından didərgin düşmüş II Qarabağ Müharibəsi qazisi Orucov Anar Əfqan oğlu yeniavaz.com-a xatirələrini danışarkən deyib. O bildirib ki, sentyabr ayının 26-da könüllü olaraq ordu sıralarına qoşulub:
“1988-ci il avqust ayının 4-də Kəlbəcər rayonunun Dəmirli kəndində anadan olmuşam. I Qarabağ Müharibəsi vaxtı - 1993-cü ildə biz də məcburi köçürülmüşük və Göygöl rayonuna gəlmişik. Sonradan Goranboy rayonunun Yenikənd kəndində müvəqqəti məskunlaşmışıq. Hələ də burada yaşayırıq. İnşallah yaxın zamanda Kəlbəcərə qayıdacağıq.
2007-ci ilin yanvar ayında hərbi xidmətə yollanmışam, 2008-ci ilin iyun ayında isə tərxis olunmuşam. Minaatan komandiri kimi xidmət etmişəm.

Vətən Müharibəsi başlayan ərəfədə, sentyabrın 26-sı mən könüllü olaraq ordu sıralarına qoşuldum. 27-si döyüşlər başlayan zaman artıq Goranboy rayonunun Gülüstan kəndində idim. Bizim irəlidə gedən kəşfiyyatçılarımız yaralanmış və şəhid olmuşdu. Həmin əraziyə heç hərbi avtomobil də buraxmırdılar. Mən özüm könüllü olaraq şəxsi avtomobilim “NİVA” ilə həmin neytral əraziyə girmişəm, hansı ki, həmin ərazi düz düşmənlə üzbəüz idi və minaatanla vururdular. Oradan 60-a yaxın şəhid və və yaralı çıxarmışam. Həmin qazilərdən biri indi də “Papanin” hospitalındadır.

Gülüstan kəndi ərazisində yaylaq postu var idi. Bizim “zamkomandir”imiz oradan tankla keçərkən düşmən tərəfindən vurulmuşdu. 8 nəfər şəxsi heyətlə birgə tankın içində qalmışdılar. Onları da oradan mən çıxartmışam. Oraya heç kim getmək istəmirdi. Komandirin bel hissəsi və qabırğası zədələnmişdi. Onu da oradan çıxartmışam. Oraya heç “NTRB” deyilən zirehli texnika gedə bilmədi, amma mən oraya “NİVA” ilə girdim. 

Suqovuşan və Talışkəndin azad edilməsində iştirak etmişəm. Suqovuşan istiqamətində qabaqda olan uşaqlar var idi. Paltarları islanmışdı. Oktyabr ayının 5-də mən onlara paltar, dərman və ərzaq aparırdım. Ərazini tanımadığım üçün səhv istiqamətdə getmişdim. Gördüm orada müharibə davam edir. Minaatandan atırdılar. Bizim hərbi kolonu vurmuşdular. Orada bizim 15-dən çox şəhidimiz vardı. Orada olan bir mayorla birlikdə şəhidlərimizi götürməyə başladıq. İkinci şəhidimizi avtomobilə qoyarkən TƏİR-lə(tank əleyhinə idarəolunan raket kompleksi) “Niva”nı vurdular. Mərmi mənim iki metr yaxınlığıma düşdü. Biz yaralandıq. Sol ayağımdan, döş qəfəsimdən, boynumun arxasından və qolumdan yaralandım. Maşın yandı, biz 3 saatdan sonra həmin ərazidən çıxa bildik. Avtomobil bu dəqiqə də orada, Suqovuşana düşən yolda yanmış vəziyyətdə qalıb.

Ondan sonra biz Talışkəndə gəldik. Oradan bizi Naftalan şəhər xəstəxanasına gətirdilər. Ayın 12-si xəstəxanadan çıxdım və döyüşlərə qayıtdım. Talışkəndin yuxarısında Ağuçuq deyilən bir yüksəklik var. Orada hərbçilərimizdən 3-4-ü minaatan mərmisinin düşməsi nəticəsində yaralanmışdı. Onları da oradan çıxartdım. Sonra isə müharibənin sonuna qədər hərbçilərimzin təminatı ilə məşğul olmuşam”.
A. Orucov bildirib ki, saya bildiyi qədərilə 60 yaralını və 12 şəhidimizi döyüş bölgəsindən çıxarıb: “Komandirlərim mənim medallarla təltif olunmağım barədə göstəriş vermişdilər. Hələ ki, məni təltif edən olmayıb. Ailəli deyiləm, əhd etmişəm ki, Qarabağ azad olunanda Kəlbəcərdə birinci toyu özüm edəcəyəm. Qardaşım məndən 10 yaş balacadır, o ailə həyatı qurub, amma mən hələ ailə həyatı qurmamışam”.

Qazimiz bu yaxınlarda onlarla hərbçimizi xilas etdiyi “NİVA”nı da vurulduğu yerdə ziyarət etdiyini deyib:
“Bu yaxınlarda avtomobilimin vurulduğu əraziyə getmişdim. Kimsə orada avtomobilin bəzi hissələrini söküb satıb. Onsuz da kifayət qədər ağrı-acı görmüş adamlarıq, amma onu gördüm lap pis oldum”.
A. Orucov yaralandığı ərazidə lentə aldığı kadrları da redaksiyamıza təqdim edib:





 



Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 19-01-2021 20:18
Baxış sayı: 2800
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını