Danışmaqdan doymadığımız 365 gün - Hərbidə nələr baş verir?

28-09-2020 10:20


Son aylarda cəbhədə yaranan vəziyyətlə əlaqədar olaraq hərbi xidmətə yollanmaq istəyənlərin sayı artıb. Xeyli insan könüllü olaraq ordu sıralarına yazılıb, vətənə xidmət borcunu yerinə yetirmək istəyir. Lakin bəhanələr gətirərək hərbi xidmətdən yayınanlar da az deyil. Bu da müəyyən qədər hərbi xidmət barədə məlumatsızlıqdan, orada başına nə gələcəyini bilməmək qorxusundan irəli gəlir.
"Əsgərlik" deyəndə çoxlarının, xüsusən də xanımların və hərbi xidmətdə olmayanların ağlına təbii olaraq silah, avtomat, idman, tank falan gəlir. Hərbi verilişlərə baxan, xidmətdən qayıdanların söhbətlərinə qulaq asanların təsəvvüründə əsgərliklə bağlı qeyri-müəyyən fikir formalaşır. Əsgərləri həmişə poliqonlarda atəş açarkən, idmanla məşğul olarkən təsəvvür edənlər 365 və ya 548 gün ( il yarımlıq xidmət ) boyunca  bu qədər insanın nə işlə məşğul olacağı barədə düşünmür.
Bu sualın cavabını bir yazıya sığdırmaq mümkün olmaz. Hətta, sadəcə əsgərlik "termin"lərini sadalasam 3,4 səhifəlik yazı alınar.
Amma əsgərlik həyatı həqiqətən də maraqlıdır. 365 günün hər günü olmasa da, poliqonda olduğun, silahdan atəş açdığın günlərdə özünü filmlərdəki kimi hiss edirsən, gözündə döyüş, müharibə səhnələri canlanır. Hər hansı çətinliyə düşəndə təkbaşına özünə çıxış yolu axtarıb, problemlərlə mübarizə aparmağı öyrənirsən.
Qalan günlərdə isə əsasən standart işlər, yəni, dərslər, silah təmizliyi, axşam gəzintisi, park təsərrüfat günləri, döyüş texnikasına qulluq, qidalanma, asudə vaxtlarda mariflənmə, tv və başqa məşğuliyyətlərlə gün bitirirsən.

Əsgərin ən böyük "arzusu"

Sülh dövründə əsgərin ən böyük arzusu təxris olmaqdır. Gün saymayan əsgər yoxdur. "Mən saymırdım" deyənlər varsa da inanmayın. Həm də son 100 gün qalanda "dembl" təqvimi adlanan maraqlı və əyləncəli oyuna görə gün saymağa məcbur qalırsan.
Sovet dövründən qalma rus mənşəli "dembel" və "ded" sözləri əsgərlikdə olmayanlar üçün çox maraqlı gəlir. Bunlara qısaca əsgərin "kral" kimi yaşadığı bir dövr də demək olar və oğlanların da əsgərlikdən sinə gərərək danışdıqları an da elə bu son iki dövrdür.
Bu ifadələri eşitdikdə hər kəsin ağlına gənc əsgərlərin sıxışdırılması, onların döyülməsi və başqa neqativ məqamlar gəlir. Lakin hazırda ordumuzda belə hallar qətiyyən müşahidə edilmir, hətta, əksinə, gənc əsgərlər ilk üç ayını olduqca rahat keçirirlər...
Əsgərlik əla məktəbdir
Əsgərlik xüsusən, qədirbilməz insanlar üçün əla məktəbdir. Sənin üçün adi görünən bir hərəkət, istək əsgər üçün imkansız ola bilər. Məsələn, sən isti evində yorğanı qucaqlayıb yatarkən qışın şaxtasında dağda düşmənlə 100 metr məsafədə postda dayanan və ya yataqxanada tək adyala bürünüb yuxusu qaçmış əsgər barəsində düşünmək ağlının ucundan belə keçmir. Sən səhər 8-də 9-da yerindən qalxmaq istəmirsən, amma, əsgər 5:45 də isti yerindən qalxıb birbaşa buz tutmuş sıra meydanına qaçır. Əsgər bayramgünlərini təkbaşına qarovulda keçirib sevdiklərinin yanında olmaq üçün darıxarkən, sən isti evində yatıb həyatından narazılıq edirsən. Sən burda hər şeydən bezmiş halda həyatın mənasızlığından gileylənərkən, əsgər "kaş mülküdə olaydım hər saniyəmin qədrini bilərdim" deyə düşünür.
Əsgərlikdə valideynlərin, universitetin, müəllimlərinin, sevdiklərinin qədrini bilib, sadəcə sərbəst olmağın verdiyi xoşbəxtliyi, almanın da dadlı meyvə olduğunu orada anlayıb, evdə üzünə baxmadığın yeməklər üçün belə darıxırsan.
Bunlara baxmayaraq, əsgərlik heç də maraqsız və sıxıcı deyil. Bəlkə də həyatının ən fərqli, maraqlı günlərini burada keçirib, ən yaxşı dostları buradan tapırsan.

Bundan əlavə, hərbi xidmət hər bir kişi cinsi nümayəndəsinin vətən qarşısında borcudur. Xidmətdən yayınmaqdansa, daha da yaşlanmadan əsgərliyə gedib maraqlı anlar toplamağa, torpaq uğrunda döyüşməyə dəyər. Ən azından həyatının sonuna qədər yorulmadan danışa biləcəyiniz 365 günlük xatirələriniz olacaq...
Qeyd edim ki, sadalananlar sülhv dövründə hərbi xidmətlə bağlıdır, döyüş şəraitində qaydalar tamamilə dəyişir.

Umarlı



Kateqoriya: Manşet / Sosium
Tarix: 28-09-2020 10:20
Baxış sayı: 4570
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını