Həbsdə olan Eldar Həsənov:“Serbiyadan Ermənistana silahlar ofşor üzərindən satılıb”

24-08-2020 15:29
Vaxtilə Azərbaycanın baş prokuroru, daha sonra ölkənin Rumıniyada, ardınca da Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfiri olmuş Eldar Həsənov avqustun 13-dən həbsdədir.
O, həbs olunduğu ərəfədə Serbiyadan Azərbaycana gələn nümayəndə heyətinin hökumət təmsilçilərilə görüşündə iştirak edib. Vəkilinin bildirdiyinə görə, həbs olunduğu gün də Xarici İşlər Nazirliyinə, yeni təyin edilmiş nazir Ceyhun Bayramovla görüşə gedəndə DTX əməkdaşları tərəfindən saxlanılıb.
E.Həsənov həbsindən bir gün öncə müsahibə verib. Həmin müsahibə onun qəfil həbsilə gündəmdən çıxsa da, bugünlərdə sosial şəbəkələrdə yayılıb.
E.Həsənov müsahibədə səfir olduğu ölkənin – Serbiyanın Ermənistana silah-sursat satması barədə ətraflı danışıb, məsələnin detallarını açıqlayıb.
Əslən özünün də hazırda Ermənistanın işğalı altında olan torpaqlarımızdan olduğunu vurğulayan E.Həsənov Serbiyanın Azərbaycanın düşməninə silah satmasına dərhal reaksiya verməməsi barədə iradlarla razılaşmır: “İnanın ki, bir vətəndaş və doğma torpağı illərdir düşmən tapdağında olan insan kimi, bu cür məsələlər mənə o qədər ağır təsir edir ki, münasibət və mövqe bildirmək dəfələrlə ürəyimdən keçib. Amma səfir ölkəsinin, dövlətinin, dövlət başçısının rəsmi nümayəndəsidir və hər dediyi cümlənin, sözün məsuliyyətini daşıyır. Dövlət məmuru, səfir kimi, münasibətim şəxsi və duyğusal ola bilməz. Digər tərəfdən nə olursa olsun, bir məsələni araşdırıb, dəqiqləşdirmədən qənaət də çıxara bilməzdim. Kiçik bir ehtiyatsızlıq və dəqiqləşdirilməmiş məlumatın yanlış nəticələri ola bilər.

Əslində, səfirliyimiz dərhal münasibət bildirdi və məsələnin araşdırıldığını, dəqiqləşdirildikdən sonra isə ictimaiyyətin daha geniş məlumatlandırılacağını bəyan etdi. Serbiya tərəfindən isə Serbiyanın Baş nazirinin müavini, Ticarət, Turizm və Telekommunikasiya naziri Rasim Lyayiçin dilindən üç dəfə münasibət bildirilməsinə nail olduq. Sonra Serbiya prezidenti Aleksandar Vuçiç Ermənistana silah satışını ilk dəfə şərh edərək, “Azərbaycana 10 dəfə artıq” silah-sursat satdıqlarını, prezident İlham Əliyevlə dost münasibətlərinin olduğunu, yalnışlıqlara yol verildiyini və gələcəkdə silah-sursat ixracı məsələsinin bir daha nəzərdən keçiriləcəyini bəyan etdi. Bu açıqlamadan bir müddət sonra, Prezident Vuçiç siyasi iradə nümayiş etdirərək, Azərbaycan prezidentinə zəng edib yaxın vaxtlarda Azərbaycana Serbiyanın yüksək səviyyəli nümayəndə heyətinin göndəriləcəyini bildirmişdi. Ölkələrin strateji tərəfdaşlıq münasibətlərinin ruhuna, dövlət və milli maraqlarına xələl gətirəcək hallara yol verilməyəcəyi yüksək səviyyəli dövlət və hökumət qurumlarında keçirilən görüşlərdə, aparılan müzakirələrdə, Serbiya tərəfinin təqdim etdiyi rəsmi sənədlərdə də birmənalı vurğulanır. Bunların nəticəsi olaraq, Serbiyanın baş nazirinin müavini, Daxili İşlər naziri, həmçinin Serbiyanın Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç 10-12 avqustda ölkəmizdə işgüzar səfərdə olub. Bütün bunlar beynəlxalq və ölkələrarası münasibətlərində Azərbaycan dövlətinin ciddiliyinin, prezidentimizin nüfuzunun göstəricisidir”.

Azərbaycana dost ölkə, strateji tərəfdaş olan Serbiyanın ölkəmizə qarşı bu cür addım atması barədə sualı cavablandıran E.Həsənov 24 il öncə baş vermiş bir hadisəni yada salıb: “1996-cı ilin yenə də iyun-iyul aylarında Azərbaycanın Hərbi Prokuroru (hazırda Ali Məhkəmənin sədri) Ramiz Rzayev, Hərbi Prokurorluğun iki peşəkar, səriştəli əməkdaşı və mən Baş prokuror olaraq, Rusiyanın (Boris Yeltsinin prezidentliyi dövrü) 1.5 milyard dollar dəyərində silah-sursat və hərbi texnikanın təmənnasız Ermənistana hədiyyə edilməsi barədə müqavilələr, hərbi yükün tərkibi, daşınma sənədləri, hərbi texnika, silah-sursatın sayı, təyinatı və digər təsdiqedici rəsmi sənədlərdən ibarət faktlar əldə etdik. Məsələ prezident Heydər Əliyevə məruzə olunduqdan sonra Azərbaycan və dünya ictimaiyyətinə məlumat verildi, Rusiya tərəfi ilə rəsmi müzakirəyə çıxarıldı. Nəticə olaraq, Rusiya hökuməti səmimi etiraf etməklə, Azərbaycan prezidentinə üzrxahlıq etdi. Bunun qarşılığında, əlbəttə, Ermənistandan fərqli, ilk dəfə olaraq, ödənişli əsasla hərbi əməkdaşlıq başlandı”.

Sabiq səfirin sözlərinə görə, Serbiyanın Ermənistanla 100 ildən artıq tarixi əlaqəsi var, ərazisində 5000-ə qədər erməni yaşayır. Buna baxmayaraq, Azərbaycanla münasibətlər elə yüksək səviyyəyə çatıb ki, Ermənistana silah satışı məsələsi hər iki ölkənin ictimaiyyəti üçün hardasa şok effekti yaradıb. Amma E.Həsənov onu da qeyd edir ki, Serbiya və Ermənistan arasında bu əməkdaşlıq barədə Azərbaycan hələ 2019-cu ilin fevralında xəbərdar olmuşdu: “Serbiya ilə bağlı konkret son məsələyə dair təhqiqat davam etdiyindən bu gün nəyi demək mümkündürsə, o qədər deyəcəyəm. Azərbaycan dövlətində etibarlı və təsdiqlənmiş məlumatlara əsasən, Serbiyadan 2018-ci ildə və bu ilin may-iyun aylarında Ermənistana minaatanlar və müxtəlif çaplı hərbi sursat da daxil olmaqla, silah-sursatın satılmasına dair təkzibedilməz faktlar var. Yeri gəlmişkən, bu sahədə əməkdaşlığa dair Azərbaycan dövləti 2019-cu ilin fevral ayından məlumatlı idi və müvafiq dəqiqləşmələr aparılırdı. Sadəcə, fərq ondan ibarətdir ki, silah-sursatın satılmasına dair ödənişlərin bir qismi Ermənistan tərəfindən deyil, üçüncü ölkələr üzərindən həyata keçirilmişdi. Serbiyadan Ermənistana silah-sursat satışı Marşal Adaları və Honq Konqda qeydiyyatdan keçmiş ofşor şirkətləri üzərindən icra olunmuşdur. Son istifadəçi sertifikatlarının hamısında isə Ermənistan qeyd olunub”.

E.Həsənov xatırladır ki, Serbiya tarixən, hələ I Dünya Müharibəsi zamanı silah-sursat islehsalına malik olan ölkə olub, hazırda dünyanın 113 ölkəsi ilə hərbi sənaye sahəsində əməkdaşlıq edir, hərbi məhsullar ixrac edir. Keçmiş səfirin sözlərinə görə, Serbiya ərazisində istehsal olunan silah-sursatın istifadəsi və satışında qanunvericiliklə nəzərdə tutulan dövlət nəzarəti var: “Belə olan halda, Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının Təhlükəsizlik sahəsində əməkdaşlığa dair 5-ci bəndinə, eyni zamanda, dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamənin müddəalarına uyğun olaraq, Serbiya Ermənistana silah satışının qarşısının alınması istiqamətində təzyiqlərə sonadək müqavimət göstərməli idi. Lakin Serbiyanın parlamentar ölkə olduğunu nəzərə alaraq, hökumət parlamentdə təmsil olunan müxtəlif partiyaların koalisiyasından ibarət olduğundan, Serbiya və Azərbaycan prezidentlərinin etibarlı dostluq və əməkdaşlıq münasibətlərinin əleyhinə olaraq, satışlar məhz bir özəl serb şirkəti üzərindən həyata keçirilib. Bu cür əməliyyatları həyata keçirən bir şirkət heç də serb milləti və dövləti demək deyil. Serbiyada fəaliyyət göstərdiyim üçün əminliklə deyə bilərəm: bu məsələdən Serbiya dövləti kimi, Serbiya ictimaiyyəti, vətəndaş cəmiyyətləri də narahatdır və təəssüf hissi keçirir. Səfirliyimizə olan müraciətlərdən, məqalələrdən və onlara yazılan şərhlərdən də bu açıq-aydın görünür”.

Serbiyanın Ticarət naziri Rasim Lyayiç ölkəsinin mövqeyini belə izah edib ki, “Serbiyadan Ermənistana silah satışında hüquqi baxımdan yanlışlıq yoxdur. Çünki Ermənistana qarşı beynəlxalq təşkilatların və ya böyük dövlətlərin sanksiyaları mövcud deyil”. Bununla belə, nazir onu da qeyd edib ki, formal hüquqi prinsiplərlə yanaşı, beynəlxalq, siyasi komponentlər də nəzərə alınmalıdır: “Gələcəkdə belə halların təkrarlanmasına yol verməməliyik. Bizə anlaşılmazlıq lazım deyil”.

E.Həsənov hesab edir ki, nazirin bu mövqeyi Serbiyanın gələcəkdə Azərbaycan tərəfinin qaldırdığı məsələyə daha diqqətlə yanaşacağına sübutdur.

Bu məsələnin Azərbaycanla Serbiya arasında münasibətlərə mənfi təsiri olub-olmayacağı məsələsinə gəlincə, keçmiş səfir hesab edir ki, iki ölkə arasında dostluq əlaqələrinin üstündən xətt çəkmək doğru olmaz. Onun sözlərinə görə, hər iki ölkə münasibətlərin strateji səviyyəyə çatdırılması üçün böyük əmək sərf edib: “Bu münasibətlər kərpiç-kərpiç, damla-damla qurulub. Xalqlarımızın bir-birinə qarşılıqlı hörmətli münasibəti var. Belə bir anlaşılmazlığa səbəb olan fərdlərin yanlış qərarlarına görə ölkələr və xalqlarımız arasında dostluq münasibətləri zərər görməməlidir. Tarixdə dost, hətta qardaş hesab edilə biləcək dövlətlər arasında belə səhvlər, yanlışlıqlar və anlaşılmazlıqlar olub. Buna görə dostluq əlaqələrinin üstündən xətt çəkmək olmaz. Bu əlaqələrin hansı çətinliklə bu səviyyəyə çatdırıldığını bildiyimdən iki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsini vacib hesab edirəm.

Qarşımızda böyük çağırışlar var. Dostluq münasibətlərimizin möhkəmlənməsini gözü götürməyən, aramıza nifaq salmaq istəyən qüvvələr qulağımızın dibində pusquda durublar. Onlara fürsət vermək olmaz. Nə Azərbaycanın, nə də Serbiyanın dost itirən vaxtı deyil. Ümid edirəm ki, Serbiya tərəfindən bir daha, münasibətlərimizə xələl gətirən belə bir anlaşılmazlıq olmayacaq”.

Ermənistana silah satışıyla əlaqədar yaranmış narazılığa görə avqustun 10-dan 12-nə qədər Serbiyadan nümayəndə heyəti Bakıda səfərdə oldu, dövlət rəsmilərilə görüşdü. Nümayəndə heyətinə Serbiya Baş nazirinin müavini, Daxili İşlər naziri və Serbiyanın Təhlükəsizlik Şurasının katibi daxil idi. E.Həsənov deyir ki, bu səfər avqustun 7-də iki ölkə prezidentlərinin telefon söhbətində müzakirə olunmuşdu: “Avqustun 7-də Serbiya prezidenti Aleksandr Vuçiç Azərbaycan prezidenti İlham Əliyevə zəng edərək, iyulda Ermənistanın təxribatı nəticəsində baş vermiş hadisələr zamanı hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar başsağlığı verdi, bu hərbi toqquşmalarda Ermənistan tərəfinin Serbiyada istehsal olunan silahlardan istifadə etməsindən təəssüf hissi keçirdiyini bildirdi. Danışıq əsnasında Serbiya prezidenti sözügedən faktın araşdırılması və əməkdaşlığın perspektivlərinin müzakirə edilməsi üçün yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə göndərilməsi barədə qərar qəbul etdiyini vurğulamışdı”.

Serbiyanın nümayəndə heyəti işgüzar səfər zamanı Bakıda Prezident yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Xarici İşlər nazirinin müavini Araz Əzimov və digər rəsmi şəxslərlə görüşlər keçirib.

“Səfər zamanı gəlinən qənaətlər və əldə olunan nəticələr bir daha göstərdi ki, Serbiya ilə Azərbaycan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun əməkdaşlığı davam etdirir və əminəm ki, gələcəkdə də davam etdirəcək”, - - E.Həsənov belə deyib.


Kateqoriya: Manşet
Tarix: 24-08-2020 15:29
Baxış sayı: 4815
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını