Şərabın “toy tutduğu” Məhərrəmovun “tost”la təhdidi, yaxud dilinin altındakı GERÇƏK NİYYƏT

22-08-2020 18:06
Şərabın “toy tutduğu” Məhərrəmovun “tost”la təhdidi, yaxud dilinin altındakı GERÇƏK NİYYƏT

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin karantin rejimini pozaraq nəvəsinə keçirdiyi toy məclisində Abel Məhərrəmovun onun şərəfinə söylədiyi “tost” Ömər Xəyyamın məşhur misralarını yada saldı.

“Gül rəngli şərab ver bizə, ey saqi!
Uymayaq söhbətə, sözə, ey saqi.
Bir kuzə mey gətir, torpağımızdan
Dövran düzəltməmiş kuzə, ey saqi”.


Nə karantin qaydalarına uydular, nə koronavirus pandemiyası ilə dövlət və xalq olaraq apardığımız mübarizənin qanunlarına, nə də bu mübarizənin önündə gedən Prezidentin çağırışlarına. Özləri üçün dövran düzəltdilər və cəzalarını aldılar.

Qalmalqallı toyun təşkilatçıları və iştirakçıları qanun qarşısına cavab verdi. Bu gün Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edildi. Digər iştirakçılar qanunla nəzərdə tutulmuş şəkildə cəzalandırıldı, YAP İcra katibinin müavini, parlamentin komitə sədri Siyavuş Novruzova partiya tərəfindən töhmət də verildi.

Heç kim qanundan üstün deyil. Prezident İlham Əliyevin siyasətində əsas prioritetlərdən olan bu prinsip növbəti dəfə təsdini tapdı.

Və məsələ heç də toy etmək, məclis qurmaq da deyil, başqa vaxt olsaydı bu xeyir işi hər kəs təbrik də edərdi, məsələ epidemiya ilə mübarizənin getdiyi vaxt dövlətə və onun qanunlarına meydan oxumaq, özünü vətəndaşdan üstün tutmaq, gündüz karantin qaydalarına riayət etməkdən danışıb axşam qayda pozmağa getməkdir. Dövlət bunu bağışlamır.

Qanunu pozanların qanun qarşısına çıxarılmasından sonra məsələnin üzərindən keçmək də olardı, amma Abel Məhərrəmovun “gül rəngli şərabdan” gillədib, söylədiyi “tost” içkinin bir insanı hansı vəziyyətə salması, yaxud gerçək düşüncələrini üzə çıxarması fonunda dövlətin yaratdığı imkanlar hesabına yüksələnlərin dövlətin üzünə ağ olduğunu göstərdi.

Şərabın oynatdığı Abel...

BDU-nun keçmiş rektoru əlində badə, meyxoş vəziyyətdə üzünü akademikə tutur və deyir: “Sizin xidmətinizi biz böyük qiymətləndiririk, biz kimik ki, xırda adamlarıq, sizi xalq qiymətləndirir. Bu uğurların həyata keçirilməsində taktiki addımlara siz rəhbərlik etmisiniz”.

Bu, şişirdilmiş “tost”da diqqət çəkən məqam A.Məhərrəmovun içdikdən sonra gerçək düşüncəsini dilə gətirməsi və indiyə qədər dövlətin ali rəhbərliyinə sübut etməyə cəhd etdiyi “sadiqliyi”nin elə şərab qədər ömrünün olmasıdır.

Və bu birinci dəfə deyil.

İlk etiraf iki il öncə - 2018-ci ilin noyabrında baş vermişdi.

Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İspaniyaya səfərə yollanır, məqsəd dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək idi.

A.Məhərrəmov “həm ziyarət, həm ticarət” niyyəti ilə İspaniyada səfir olan oğlunun şərab biznesinə məxsus çəlləkləri nümayəndə heyətinin uçduğu təyyarələrə yükləyir. Bu hadisə ciddi qalmaqala səbəb olur və təyyarənin Məhərrəmovun 2 tonluq içki baqajına görə uçuşu ləngiyir.
Nümayəndə heyəti Madriddən qayıdanda da eyni hadisə ilə üzləşirlər. Yalnız Məhərrəmov və səfir oğlunun 2 tonluq şərab yükü boşaldıqdan sonra havaya qalxır. Abelin məqsədi şərab yükünü nümayəndə heyətinin uçduğu təyyarə ilə daşımaqla vergi yoxlanışından azad etmək idi.

Məlum oldu ki, Azərbaycanın ən köklü universitetinin – BDU-nun rektoru, akademik Məhərrəmov əslində sərxoş biznesmendən başqa bir şey deyilmiş.

Onun Madriddəki restoranda çıxardığı oyun və söylədiyi sözlər də gerçək niyyətindən xəbər verirdi.

Məlumatlara görə, akademik restoranda sərxoş olana qədər içir və səfir oğlu Anar Məhərrəmovla Şeyx Allahşükür Paşazadənin qudası Əli Evsən arasında olan ixtilaflara görə “haqq-hesab çürütməyə” qərar verir. Hətta onun gecə yarısı nümayəndə heyətinin rəhbəri Şeyxi otağından restorana çağırdığı, səhərə qədər içkili vəziyyətdə restoranda səs-küy saldığı da deyilir. Abelin qopardığı mərəkə ispan polisinin işə qarışmasına səbəb olub.

Məhərrəmov isə dövlətə qarşı niyyətindəki planı içkili vəziyyətdə dilə gətirib: “BDU elə-belə yer deyil. Minlərlə gəncin, yüzlərlə ziyalının toplaşdığı bir müəssisədir. Əgər mən istəsəm, onların gücü ilə bir anda ölkədəki sabitliyi poza bilərəm”.

Akademik rektor rüşvət yuvasına çevirdiri dövlət universiteti üzərindən dövlətin sabitliyini təhdid edirmiş.

Hadisədən sonra səfər iştirakçıları Prezident Administrasiyasına dəvət olunur, nəticədə dövləti təhdid edən rektor vəzifəsindən uzaqlaşdırılır.

Dövlət əslində ona qarşı rəhmli davrandı, lakin içki düşkünü olan Məhərrəmovun məlum toyda dediyi “tost” göstərdi ki, o nə köhnə mərəzindən əl çəkib, nə də Azərbaycan dövlətinə qarşı niyyətindən.

Tələbələrin gücü ilə ölkəni qarışdırmaq istəyən keçmiş rektor bu dəfə ölkənin rəhbərinin kim olduğunu “səhv salıb”.

Birinci hadisəni içkinin təsirindən qaynaqlandığını hesab etmək olardı, amma ikinci dəfə eyni şey baş verirsə, bu Abel Məhərrəmovun dostluq etdiyi şərabın onun gerçək niyyətini üzə çıxarması və bu niyyətin dövlətə, onun ali rəhbərliyinə qarşı olması deməkdir.

Şərabın “toy tutduğu” keçmiş rektor bundan sonra gizlində “toy tutmaq” istədiyi dövlətin kölgəsinə çətin sığına bilsin...

Asif Nərimanlı



Kateqoriya: Manşet / Sosium
Tarix: 22-08-2020 18:06
Baxış sayı: 2497
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını