Bu gün Milli Qəhrəman Sərdar Səfərovun 60 yaşı tamam olur

12-08-2020 14:54


                   
  Bu gün Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərovun doğum günüdü. Milli qəhrəmanımızın 60 yaşı tamam olur. 

Dalidag.az xəbər verir ki, Sərdar Mədət oğlu Səfərov 1960-cı ilin avqust ayının 12-də Kəlbəcər rayonunda doğulmuşdur. 1977-ci ildə orta məktəbi bitirmiş və kolxozda işləmişdir.
1979-cu ildə S.Səfərov hərbi xidmətə getmişdir. Hərbi xidməti Ermənistan və Gürcüstan respublikalarında keçmişdir. O, 1981-ci ildə ordudan təxris olunur.
1982-ci ildə S.Səfərov Bakı Avtomobil Zavoduna işə düzəlir. Bir müddət burada çalışır. Daxili işlər orqanlarında işləmək arzusu onu Tula vilayətinə aparır. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi xidmət edir. Təhsilini davam etdirmək üçün S.Səfərov xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-nin Kaunas Xüsusi Milis Məktəbinə göndərilir.
1987-ci ildə S.Səfərov təhsilini başa vurub, köhnə iş yerinə qayıdır. Nümunəvi milis işçisi olduğunu nəzərə alaraq, onu sahə müvəkkili vəzifəsinə irəli çəkirlər. Gecə-gündüz qəlbi Vətənlə idi. Elə buna görə də, nəhayət, Azərbaycana qayıdır. 1991-ci ildən Qusar rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayır.
1991-ci il sentyabrın 25-də erməni terrorçuları Əsgəran rayonunun ərazisində "QAZ-53" markalı sərnişin avtobusuna hücum etmişdilər. Köməyə gələn istintaq qrupunun tərkibində baş leytenant S.Səfərov da var idi. Onun istintaq qrupunda müstəntiq işləməsi barədə təzəcə sərəncam verilmişdi. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Xankəndi yaxınlığındakı "Ağa körpüsü"ndə erməni yaraqlılarının təcavüzünə məruz qaldılar. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid oldu.
Ailəli idi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə mayor Sərdar Mədət oğlu Səfərova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Ruhu şad olsun!

Dalidag.az


Kateqoriya: Manşet / Kəlbəcər
Tarix: 12-08-2020 14:54
Baxış sayı: 3749
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını