Ölüm ayağında olan kəlbəcərli xəstəyə təcili tibbi yardım maşını niyə ayrılmır?

16-06-2026 18:09

Mingəçevir şəhərində məskunlaşan Kəlbəcər rayon sakini Süleymanov Ellaz ağır xəstəlikdən əziyyət çəkir. 
Ailə üzvləri onun bir sıra müayinələrdən keçməsi üçün Bakıya aparılması məqsədilə Mingəçevir Mərkəzi Xəstəxanasına təcili tibbi yardım ayrılması üçün müraciət etsələr də, xəstəxana bundan imtina edir.

Dalidag.az məlumat verir ki, bu barədə Gününsesi.info-ya adıçəkilən xəstənin oğlu, AYB üzvü, şair Səxavət Süleymanov bildirib.
O, eyni zamanda TƏBİB-in yeni rəhbərliyi Anar Bayramova müraciət ünvanlayıb.
Həmin müraciəti olduğu kimi təqdim edirik:
“Hörmətli TƏBİB rəhbərliyi cənab Anar Bayramovun diqqətinə!
Mən, Kəlbəcərli şair Səxavət Kəlbəcərli, ağır vəziyyətdə olan atamla bağlı sizə müraciət edirəm.
Atam birinci qrup əlildir. Təxminən 35 il əvvəl baş vermiş avtomobil qəzası nəticəsində ciddi bədən xəsarətləri almış, həmin vaxtdan etibarən çətinliklə, əsasən çəlik vasitəsilə hərəkət etmişdir. Lakin son 9 ay ərzində vəziyyəti daha da ağırlaşmış, seroz tipli xəstəlik səbəbilə ümumi halı kəskin şəkildə pisləşmişdir.
Hazırda atamın hərəkət qabiliyyəti demək olar ki, tam itmişdir, artıq sərbəst yeriyə bilmir və gündəlik həyatda tam asılı vəziyyətə düşmüşdür. Bu vəziyyət ailəmiz üçün olduqca ağırdır və tibbi baxımdan təcili müdaxilə tələb edir.
Həkimlərin rəyinə əsasən, onun vəziyyətinin stabilləşdirilməsi və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərində yerləşən ixtisaslaşmış klinikaya, hətta ehtiyac yaranarsa, orqan transplantasiyası səviyyəsində müalicəyə yönləndirilməsi vacibdir.
Qaraciyər köçürülməsi imkanlarının qiymətləndirilməsi və bununla bağlı ilkin müayinələrin aparılması üçün atamın Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə aparılması zəruridir. Bu məqsədlə Mingəçevir Mərkəzi Xəstəxanasına dəfələrlə müraciət edərək ambulator qaydada göndəriş sənədinin verilməsini və təcili tibbi yardım vasitəsilə Bakıya aparılmasına köməklik göstərilməsini xahiş etmişik.
İlkin analiz və müayinələrin aparılması vacib olsa da, təəssüf ki, bu istiqamətdə lazımi sənədləşmə və dəstək təmin edilmir.
Bütün bunlara baxmayaraq, Mingəçevir şəhər Təcili Yardım xidməti və Mərkəzi Xəstəxana tərəfindən atamın Bakıya təxliyəsi üçün lazımi təcili yardım və nəqliyyat dəstəyi ayrılmır. Bu isə onun həyatını ciddi risk altına qoyur.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu vəziyyəti nəzarətə götürəsiniz, atamın vəziyyəti üzrə təcili tibbi yardım və Bakıya təxliyə məsələsinin həll olunmasına köməklik göstərəsiniz.
Hər gecikmə onun sağlamlığı üçün geri dönüşü olmayan nəticələr yarada bilər.
Öncədən göstərdiyiniz diqqət və köməyə görə təşəkkür edirəm”.


Dalidag.az






Kateqoriya: Kəlbəcər
Tarix: 16-06-2026 18:09
Baxış sayı: 268
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını