Reklam
Nuridə Misir imzası ilə könüllərdə yaşayan o gözəl qadın...
07-05-2026 11:10
Deyir, dünya bir pəncərədir, hər gələn baxar gedər. Kimlər gəldi getdi, kimlər baxdı bu pəncərədən... Hərənin də öz missiyası, öz yolu. Kimi ad qoydu getdi, kimi iz, kimi nişanə. Kimisi də yaşamamış kimi. Onun da taleyinə söz ömrü yazılmışdı. Gəldi, bu dünyanı şeirləri ilə gözəlləşdirdi və getdi... Nuridə Misir imzası ilə könüllərdə yaşayan o gözəl qadını deyirəm. Təəssüf ki, ağır, uzun müddət əziyyət çəkdiyi xəstəlik onu bu dünyadan tez qopardı. 2 ildən artıqdır cismən aramızda yoxdur. Cismani yoxluğu onu unutdurmur, miras qoyduğu söz dünyası ilə həmişə yaddaşlarda, onu sevənlərin qəlbindədir. Yaşasaydı şeir dünyamıza hələ neçə-neçə gözəl töhfələr verəcəkdi. İnsanlığı, vətəndaş mövqeyi, xarakteri ilə də sevilən Nuridə xanımın doğum günüdür bu gün. Üzünə çox yaraşan o xoş təbəssümü ilə xatırlayıram onu. Bir də ana qayğısı ilə könlümü almasını, ürək-dirək verməsini heç unutmuram. Yaşasaydı...yaşasaydı yurd yerlərimizdə görüşəcəkdik. Narahat ruhu dolaşan o yerlərə ayaq bassa da yaşamaq qismət olmadı. Bu da bir taledi. Ömür tanrı payıdı, sorğusu olmaz. Ruhu şad olsun Nuridə xanımın. Sevgi və rəhmətlə anırıq. Sözü yaşadıqca yaşayacaq...Sevinc Qərib
GEDƏCƏM
Sən payız ömrümdə bahar kimisən,
Son dəfə üzünə baxım, gedəcəm.
Saçların könlümün siyah kölgəsi,
Yağış tək könlünə yağım, gedəcəm.
Uçanlar qoy getsin xəyal atında,
Məğlublar yaşasın güzgü çatında.
Boylanıb göylərin yeddi qatından,
Bulut tək gözünə axım, gedəcəm.
Ruhumun qidası qəmdi, kədərdi,
Dünya məndən nə qopardı, nə verdi?
Səni arzulamaq daha hədərdi
Sevgimi gözümə yığım, gedəcəm.
Natamam sevgimsən, dəli həsrətim,
Yığcam ovcuma ilk məhəbbətm.
Məni məndən alan eşqim, sərvətim,
Gülşənim, gülzarım, bağım, gedəcəm
Hanı Nuridənin gəzdiyi illər.?
Dolandı, buruldu, ötdü fəsillər.
Yenə bahar gəlsin, açılsın güllər,
Nərgizi bağrıma sıxım, gedəcəm.
* * *
Soyuq əllərimdə isti nəfəsin,
Sən mənim birinci məhəbbətimdin.
Bilməzdim səninlə ayrılıq nədir,
Sanardım əbədi səadətimdin.
Yenə də sevdamın əzəli sənsən
Yenə gözlərimdə dərd yumaqlanır,
Qapısız, bacasız damsız könlümün
Ümid bağçasına qar qalaqlanır.
Dolanır köksümə Murov yolları
Elə bilirəm ki, qayıdacaqsan.
Dönüşü olmayan birisi üçün
Bəs niyə bu qədər darıxır insan?
ADAM, HARA TƏLƏSİRSƏN?
Məsgənin, oylağın hanı,
Aranın, yaylağın hanı,
O keçən növrağın hanı,
Adam, hara tələsirsən?
Bulaqların gözündəydin,
Yaylaqların özündəydin,
Bir gör nəyə boyun əydin,
Adam, hara tələsirsən?
Ayaqların üzəngidə
Ömrün yüyənin əlində,
Oturub yəhər belində,
Adam, hara tələsirsən.
Sirrin kimsəyə söyləmə,
Aldanıldınmı, göynəmə.
Yolun yoxuşdu, büdrəmə
Adam, hara tələsirsən?
Dəmir çarıqlı dərvişsən,
Dərdsən, ən acı gülüşsən.
Bu yol çətindi, bilirsən
Adam, hara tələsirsən?
Sən çaparsan, sən qasidsən,
Qulsan, bəsitsən, dahisən.
Tanrıya uzanan əlsən,
Adam, hara tələsirsən?
Gül, gözündə güllənsin gül,
Çiçəkləsin "Xarı bülbül".
Anadil oxusun dil- dil
Adam, hara tələsirsən?
Dağ çayı daşar, sellənər,
Axar, dənizdə göllənər.
Ömrün torpaq tək bellənər,
Adam, hara tələsirsən?
GƏZİRƏM
Bir gecədi, bir Tanrıdı, birdə mən,
Fikirlər köksümə tökülür dən- dən.
Ağrılar içində sizlayır sinəm,
Gördüyüm yuxunu yozan gəzirəm.
Bütöv nədi, kəmdən də az kəməm mən,
Süfrə deyil, ürəyimi sərəm mən.
Ya qismət, bir daha səni görəm mən,
Dərdimi söyləyən Ozan gəzirəm.
Söykəndim çiyninə mən ədalətin
Haqqa doğru getmək çətindən çətin.
Dəyişib meyarı sözün, söhbətin
Çəkməyə tərəzi- mizan gəzirəm.
Bədənim sarğılar, qan içindədi,
Ruhum alatoran dan içindədi.
Nuridə, alovun yan, içindədi
Sakitlik içində bir an gəzirəm.
SƏNSİZLİK
Boğazı quruyub səssizliyimin,
Sükutun içində itib batmışam.
Ruhum dalğaların görüş yerində
Özüm ləpələrlə qucaqlaşmışam
Dənizə baş vurur uçan qağayı
Sanki nəfəsimin son nidasıdı.
Arzular balaca, fikirlər böyük
Elə bil Xəzərin yarmadasıdı.
Könlümü oxşamır daha küləklər
Daha bu şəhərdə işimmi qaldı?
Hava istəyirəm, Vətən havası,
Yenə də ümidim dağlara qaldı...
NEYLƏRƏM
Bu yalanın sonrasına "bəd" demə,
Ayrılığın çəpərinə "sədd" demə.
Yara üstdən yara vurdun eşqimə,
Daş qəlbini ovutmağı neylərəm
Səni sevib, unutmağı neylərəm?
Mənsizliyə gedən yolu azan var,
Bilmədinmi, bu taleyi yazan var?
Bəxt yazısın sətir-sətir pozan var,
Daş qəlbini ovutmağı neylərəm
Səni sevib, unutmağı neylərəm?
Xəyallarım ərşi gəzib dolaşır,
Fikirlərim gədiklərdən yol aşır,
Duyğularım bir-birinə qarışır,
Daş qəlbini ovutmağı neylərəm
Səni sevib, unutmağı neylərəm?
Üfüq yanır, günəş qürub edirsə,
Arzularım daşa dəyib gedirsə,
Dilin dönüb bir "sevirəm" demirsə,
Daş qəlbini ovutmağı neylərəm
Səni sevib, unutmağı neylərəm?
Hələ çoxdu ürəyində yer tapan,
Hələ çoxdu səni "sevib" aldadan.
Sən hələ də çox naşısan ay Adam,
Daş qəlbini ovutmağı neylərəm
Səni sevib, unutmağı neylərəm?
Könlüm-gözüm bu sevdadan məst deyil,
Sevəcəyim sənə oxşar kəs deyil,
Nuridəyə ürəkdən bir səs deyir,
Daş qəlbini ovutmağı neylərəm
Səni sevib, unutmağı neylərəm?
* * *
Ayrılığın o üzündə azmışam
Ünutmuşam, sənə gedən yol hanı?
Bilirdinmi o küçədə yalqızam
Məndən sonra sevə bildin dünyanı?
Mən gül idim, sən o gülün təşnəsi
Bay olmadı əkilən də, əkən də.
Görmüsənmı qızıl gülün pöhrəsi
Gül açmamış yarpağını tökəndə?
Bu sevginin qucağından o yana,
Könül yaram, çıxıb gedə bilmirəm.
Əzilibdi bu sevginin köynəyi
Əlim qalxmır, ütüləyə bilmirəm...
Ayrılığın o üzündə azmışam
Ünutmuşam, sənə gedən yol hanı?
Bilirdinmi o küçədə yalqızam
Məndən sonra sevə bildin dünyanı?
Mən gül idim, sən o gülün təşnəsi
Bay olmadı əkilən də, əkən də.
Görmüsənmı qızıl gülün pöhrəsi
Gül açmamış yarpağını tökəndə?
Bu sevginin qucağından o yana,
Könül yaram, çıxıb gedə bilmirəm.
Əzilibdi bu sevginin köynəyi
Əlim qalxmır, ütüləyə bilmirəm...
Nuridə Misir
Dalidag.az
Kateqoriya: Kəlbəcər / Poeziya-nəsr
Tarix: 07-05-2026 11:10
Baxış sayı: 312Yazı axını
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
05 / 05 / 2026
04 / 05 / 2026
04 / 05 / 2026
03 / 05 / 2026
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
Ən çox oxunanlar





























