Reklam
Azad Başlıbeldə doğulan ilk körpə
30-09-2025 19:06
Ata yurdu Kəlbəcəri görməmişdi. Gözəlliklər diyarı olan bu məkan haqqında valideynlərinin danışığından eşitmiş və oranı görməyi çox arzulamışdı. Şanlı Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad etdikdən sonra dəfələrlə Kəlbəcərə getmək,oranın gözəlliklərini öz gözləri ilə görmək istəmişdi. Lakin oraya ancaq təsərrüfatı olan vətəndaşların getməyinə icazə verirdilər. Həyat yoldaşı, Başlıbel kənd sakini ,1993-cü il təvəllüdlü Həşimov Faiq Fərhad oğlu təsərrüfatındakı mal-qaranı bu yay Kəlbəcər yaylaqlarına köçürəcəyi fikrini evdə ona deyəndə çox sevindi. Ömür boyu arzuladığı dağlar gözəli Kəlbəcəri görəcəyini biləndə sevindi. Nə biləydi ki , doğma anası qədər sevdiyi Kəlbəcərdə özü də ana olacaqdı...
Başlıbel kənd sakini, 2002-ci il təvəllüdlü Həşimova Fatimə Sahib qızı ömür boyu görməyi arzuladığı ana yurdu Başlıbelə iki gün bundan qabaq gəlmişdi. Anası qədər sevdiyi bu diyar onun üçün çox əziz idi. Hələ uşaq yaşlarından atası Sahibin Kəlbəcərin təbiəti ,iqlimi , əhalinin yaşayış tərzi haqqında danışdığı söhbətlər heç zaman Fatimənin yadından çıxmazdı. İndi doğma Vətənə qovuşduğu üçün dəfələrlə “Allaha şükür!” kəlməsini dilinə gətirərək şəhidlərimizin ruhuna dualar oxudu. Əyilib düşmən tərəfindən viran edilmiş doğma kəndinin torpağından öpdü. Doğma kəndində qaldığı bu iki gündə ətrafdakı dağlara , yaşadıqları alaçığın beş metrliyindən keçən Başlıbel çayına heyranlıqla baxırdı. Çayın şırıltısı ona ana laylası kimi doğma gəlirdi. Sanki , dunyaya göz açandan bəri elə burada yaşamışdı......Birdən bətnindəki körpənin çırpındığını hiss etdi. “Deyəsən, kəndimizin gözəl təbiətini bu da görmək istəyir “-deyə ürəyində fikirləşdi. Lakin yavaş-yavaş ağrılar şiddətlənməyə başladı. Qaynanası Validə xanıma ağrıları barədə deyəndə qadın heyrətləndi. “Ay bala ,burada həkim yox , bir şey yox ,sən nə danışırsan ? ”- deyə, Validə xanım təşvişlə bildirdi. Əlacı yalnız yaxınlıqda yaşayan Kamandarı çağırmağa çatdı. Kamandar məsələni bilən kimi maşını onların qapısının ağzına sürdü. Validə xanım gəlini ilə maşına əyləşdilər. Kamandar maşını işə salaraq kəndin çıxışına yaxın mədəniyyət evinin həyətindəki çadırda yaşayan Saməddin müəllimgilin qapısında saxladı. Kamandar bilirdi ki , Saməddin müəllimin həyat yoldaşı Tamella xanım tibb bacısı işləyib.
Məmmədova Tamella Rəşid qızı 1992-ci ilin fevralında açılışı olan Başlıbel kənd xəstəxanasında ilk işə götürülən ixtisaslı tibb bacılarından idi. Tamellanın qayınanası Həqiqət xanım onları tək buraxmadı, ”Mən də sizinlə gedirəm”-dedi. Kamandar maşını bacardığı qədər sürətlə sürməyə çalışırdı. Lakin kələ-kötür dağ yollarında “Jiquli” markalı maşını sürməyin çətinliyini hamı yaxşı bilir. Təcili yardım maşını çağırmaqlarına baxmayaraq Kəlbəcərin ən ucqar kəndi olan Başlıbelə ən yaxın təcili yardım stansiyası Tərtər şəhərində olduğundan onun Kəlbəcərə gəlməsi hələ xeyli çəkəcəkdi. Odur ki , Kamandar 12 kilometrlik kələ-kötür dağ yolunu başa vurub Bəylikdən keçən Laçın-Kəlbəcər yoluna çıxan kimi maşının qəza işıqlarını işə salıb sürəti artırdı.
Tuneli keçəndən bir az sonra Tamella Kamandara maşını yolun kənarına verib saxlamasını və maşından düşməsini xahiş elədi. Artıq doğuş başlamışdı. Tamella Həqiqət xanımın köməyi ilə Kəlbəcərdə ilk doğulan körpənin dünyaya gəlməsində əllərindən gələn köməyi etdilər. Bir qədər keçəndən sonra maşından xeyli aralıda dayanıb siqaret çəkən Kamandar maşından gələn körpə səsini eşidəndə əllərini göyə qaldırıb Allaha şükür etdi. Bayaqdan bəri dəfələrlə zəng etdiyi təcili yardım əməkdaşlarına bir də zəng edib artıq uşağın dünyaya gəldiyini bildirəndə tibb işçiləri Çərəkdar kəndinə girdiklərini bildirdilət. Aradan bir neçə dəqiqə keçəndən sonra təcili yardım maşını onların yanında saxladı...
24 iyun 2025-ci ildə baş verən bu hadisə İşğaldan azad olunan Başlıbeldə ilk körpənin dünyaya gəlməsi hadisəsi idi. Həqiqət Məmmədovanın, Tamella Məmmədovanın və Kamandar Məmmədovun fədakarlığı nəticəsində bir gənc ananın və onun körpəsinin həyatı xilas oldu.Təqdirəlayiq haldır ki , gənc ana Fatimə Həşimova doğma torpağa , elə bağlılığını bir daha nümayiş etdirərək yeni doğulmuş uşağını qucağına alaraq bir neçə gündən sonra yenidən Başlıbelə qayıtmış və təsərrüfatla məşğul olan həyat yoldaşı Faiqə dəstək olmuşdur. Bəzən yenicə doğulmuş körpəsini qucağına alaraq dörd yaşlı oğlinun əlindən tutub örüşdən gələn heyvanın qarşısına çıxır və onların yerbəyer olunmasında həyat yoldaşına kömək edirdi. Müvəqqəti məskunlaşdıqları Bərdə rayonunun Mirzalıbəyli kəndindəki Subartezian Quyuları İdarəsinin binasında da beləcə həyat yoldaşının təsərrüfat işlərinə köməyini əsirgəmirdi. Söhbət zamanı gənc valideynlər əlaqədar təşkilatlardan onların yaşayış şəraitlərinin yaxşılaşdırılmasını və evlə təmin olunmasını xahiş etdilər. Oqtay Salahlı
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 30-09-2025 19:06
Baxış sayı: 379Yazı axını
12 / 11 / 2025
11 / 11 / 2025
09 / 11 / 2025
09 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
08 / 11 / 2025
07 / 11 / 2025
06 / 11 / 2025
06 / 11 / 2025
06 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
04 / 11 / 2025
03 / 11 / 2025
03 / 11 / 2025
01 / 11 / 2025
01 / 11 / 2025
31 / 10 / 2025
30 / 10 / 2025
30 / 10 / 2025
29 / 10 / 2025
29 / 10 / 2025
Ən çox oxunanlar



























