Reklam

Tezliklə yurd salsın möcüzə torpaqda - Elşən Əzimə doğum günü diləyi
11-07-2025 11:15

İstənilən mühitdə fərqlənmək özünü olduğun kimi göstərmək cəhdinin doğrulmasıdır. Özünü göstərmək və ya buna cəhd etmək burada təbii ki, fiziki anlamda nəzərdə tutulmur. Sadəcə, gördüyün iş (fərq etmir, hansı peşə sahibisən) ümumilikdən fərqli üslubda sırf sənin adınla və yaxud imzanla təsdiqlənirsə, sənin özünəməxsusluğun ortaya çıxır. Yəni, sən hər hansı xüsusi cəhd etmədən potensialını, bacarığını, istedadını... sərgiləyirsən və mühitə SƏNİ təqdim edirsən. Ən çox da peşəkarların, anlayış səviyyəsi yüksək olanların səni görməməsi, üstəlik fərqliliyi hiss etməməsi mümkün deyil.
Bəlkə də təbrik əvəzi başladığım mətnin girişi bir az qəliz fikirlərlə irəlilədi. Ancaq səbəbkar haqqında birbaşa nəsə yazmağa könlüm əl vermədi. Onun özəlliyini adi sözlərin kölgəsində boğmaq istəmədim. Düşündüklərimi yetərli şəkildə çatdıra bilməyəcəyimin narahatlığı da var əlbəttə.
Xülasə, mətnin əvvəlində qeyd etdiklərim daha çox ədəbi mühitdə, yaradıcı ortamda özünü biruzə verir. Belə ki, hər kəsin (yazanların, oxuyanların) öyrəşdiyi ənənəviliyi yenən yenilikçi bir imza çoxluq içində fərqlənməyə bilməz. Birmənalı qarşılanmasa, inkar edilsə belə, o artıq diqqət mərkəzindədir. Kimi onun mühitə bu cür gəlişini ədəbiyyatda inqilab hesab edir, kimi bu yeniliyi anlamağa çalışır, kimi də ona düşmən kimi baxır. Təbii ki, ənənəviliyi üstlənən yeni ruh, yeni ifadə tərzi, fərqli poetik düşüncə hamı tərəfindən bəh-bəhlə qarşılanmadı. Üstəlik, şeir yazanların çoxluq təşkil etdiyi Kəlbəcər ədəbi mühitində yenilikçi olaraq qəbul edilmək asan deyildi. Yəqin ki, əzmi, sözə sevgisi, ən əsas da sözü tanıması və özünə sadiqliyi onu ucaltdı. Və bu gün biz onu sözün əsl mənasında tanınmış şair Elşən Əzim kimi təqdim edirik. Əlbəttə, geniş mənada təqdimatdan söhbət gedir.
Yaradıcılığı E.Əzimə sevgi qazandırıb. Geniş oxucu auditoriyası var. Nəsrdə də qələmini sınayıb və uğurlu alınıb. Düşünürəm ki, mövcud titulları və mükafatları Elşən Əzim adına sadəcə bəzəkdir. Əlbəttə, titul və mükafatların əhəmiyyətindən danışmıram və ya onların mahiyyət səviyyəsini kiçiltməyə çalışmıram. Layiq olduğu, qazandığı qazanclardı. Dediyim odur ki, qazancları Elşən Əzim imzasının böyüklüyü fonunda sönük qalır. O sadəcə, Elşən Əzim kimi tanınır və sevilir. Onun vətəndaş tərəfinin də sağlam olması gündəmə, problemlərə yanaşmasından bəlli olur. Acıqsözlülüyü ilə də rəğbətimi qazanıb. Çəkinmədən fikirlərini çatdırması, bəzən də sərt şəkildə reaksiya verməsi vətəndaş olaraq daxili narahatlığının əks-sədasıdır məncə. Dövlətini, ölkəsini, millətini uca görmək İstəyindən irəli gələn bir amildir onun bu narahatlığı. O ucalığın içində hər şey var, ucalıq istəyinin içində isə sevgi...
Pedaqoji fəaliyyətində də uğurludur. Tutduğu vəzifədə də həmçinin. Bu çətin dövrdə bir məktəbi idarə etmək elə də asan gəlməsin sizə. Vicdan və məsuliyyəti, fəaliyyəti ilə bütün sahələrdə gözümüzün alışdığı, eşidib bildiyimiz "tipik məmurları" utandıracaq məktəb direktorudur Elşən müəllim.
Yaradıcı tərəfi, vətəndaş mövqeyi gördüyüm tərəfidir. Digər sadaladıqlarım da müəyyən qədər izlədiyim, müşahidə etdiyim və eşitdiklərimdir ki, qaynaqlanıb yazdım. Yazmasam da bilirsiniz.
Hə, yəqin onu da bilirsiniz ki, bu gün Elşən Əzimin doğum günüdür, şairin 50 yaşı tamam olur. Xoş günündə xatırlatmaq istəmədiyim müəyyən nüansları (əslində illəri, bəlkə də bütöv bir gəncliyi) çıxsaq ömrün əllisindən ona nə qalır özü daha yaxşı bilir. Arzu edirəm ki, növbəti yaşları ötən illərin acısını unutduracaq qədər gözəl olsun.Tezliklə, doğma Kəlbəcərə, Zülfüqarlıya ziyarətçi kimi yox, sakin kimi getsin, yurd salsın möcüzə torpaqda. Sevinci bol ömür, yeni-yeni uğurlu yaradıcılıq və gözəl həyat diləyi ilə şairə yubileyiniz mübarək deyirəm!
Onu da qeyd edim ki, E.Əzimin yubiley günü olduğunu N.Dəlidağlı eşitdirdi mənə. Və bu eyham yuxarıdakı qeydlərimə həm də səbəb oldu.Yubliyarı əməkdaşı olduğum "Dalidag.az saytı, "Dəlidağ" Ədəbi Birliyi və Azərbaycan Jurnalistlər Birliyi Kəlbəcər bölməsi adından da təbrik edir, həyatında və yaradıcılığında uğurlar diləyirik!
Sevinc Qərib
AYB və AJB üzvü
Dalidag.az



Yazı axını
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar