Reklam

Ruhu Dəlidağda dolaşır...- Əlövsət Misiroğlunun doğum günüdür
27-05-2025 19:46

Bu gün kəlbəcərli şair Əlövsət Misir oğlunun doğum günüdür. Yaşasaydı 75 illik yubileyini qeyd edəcəkdi.
Təəssüf ki, bu gün cismani yoxluğu ilə ürəkləri yandıran şairi ruhuna salamlar göndərməklə yad edirik. Neçə-neçə nisgilli yurddaşımız kimi Ə.Misiroğlu da Kəlbəcər həsrəti ilə 2015-ci il yanvar ayının 22-də bu dünyayadan köç etdi. Könlünün qubarını, ürəyinin yarasını yurdunun azadlığı ovudardı, məlhəm olardı dərdlərinə. Nə yazıq ki, o günü görmək nəsibi olmadı Əlövsət Misiroğlunun. Ağrı-acısını, göynəyini, nigaran ruhunu daşıdı göylərə. Kim bilir, bəlkə də indi ruhu Dəlidağda dolaşır, rahatlığına qovuşur. Ruhu şad olsun!
Qeyd edək ki, Əlövsət Misir oğlu Əmrahov (Əlövsət Misiroğlu) 1950-ci il may ayının 27-də Kəlbəcər rayonunun Çovdar kəndində anadan olub. 1957-1961-ci illərdə doğulduğu kənddə ilk ibtidai təhsil alıb.1961-1968-ci illərdə qonşu Başlıbel kənd orta məktəbində təhsilini davam etdirib. İş fəalliyətinə 1975-ci ildə Nəqliyyat Nazirliyinin Kəlbəcər rayon Avtobazasında başlayıb. Sonralar Bakıda ayrı-ayrı sahələrdə müxtəlif vəzifələrdə çalışıb.
1993-cü ilin məlum işğal hadisəsindən sonra Ə. Misiroğlunun dərd qoxuyan şeirləri üzə çıxmağa başlayıb. Əlövsət Misiroğlu imzası mətbuatda və el məclislərində rəğbətlə qarşılanıb. Şairin “Kəlbəcər həsrəti”, “Qəm çələngi” , “Vətən bu dünyamdı, son məkanımdı” adlı şeirlər kitabı var.
Dalidag.az olaraq, Əlövsət Misiroğlunu sayğı ilə anırıq və bir neçə şeirini oxuculara təqdim edirik:
ANA
Sən məni həyata gətirdin özün,
Mən səni yaşada bilmədim, Ana!
Yüz cürə əziyyət çəkdin mənimçün,
Mənə heç əziyyət vermədin, Ana!
Ha istədim sənin nazını çəkim,
Çatmazdı heç buna mənim cürətim.
Çəkdin ev-eşiyin, yurdun həsrətin,
Heç kimə dərdini demədin, Ana!
Gözlədin sülh olar, dönnük vətənə,
Heyf ki, bu sülh də düşüb düyünə.
Əlövsətin imkan keçsə əlinə,
Aparar, vətəni görərdin, Ana!
KƏLBƏCƏRDİ
Vurğun keçən Dəlidağım,
İçdiyi Ceyran bulağım,
Şəmşirlə gəzən oylağım
Suyum, havam Kəlbəcərdir.
Məmməd Aslan sözdə aslan,
Türk dünyası gəzdi asan.
O tay, bu tay Azərbaycan,
Bütöv obam Kəlbəcərdir.
Bəhmən-elin sevimlisi,
Sücaət-dərdin nəğməsi.
Sönməz haqqın haqq nəğməsi.
Qurban babam Kəlbəcərdir.
Şamil etdi yeniliklər,
Öyrənəcək gənc nəsillər.
Adil, Əli söz incilər,
Ənvər, Salman Kəlbəcərdir.
Dərd yazanın sayı mindi,
İnanmasan özün dindi.
Əlövsətin viran kəndi,
Qaytarqayam Kəlbəcərdir.
ÖPDÜM
Bu gecə dağlara qonaq getmişdim,
Əyildim torpaqdan, daşından öpdüm.
Şehli bənövşənin, lalə, nərgizin,
Çökdüm qarşısında,qaşından öpdüm.
Dağılan evləri gəzdim dolandım,
Xaraba görüncə odunda yandım.
“Əlövsət” çağıran səsdən oyandım,
Süzülən gözümün yaşından öpdüm.
DAĞDADI
Hər səhər dururam ümid içində,
Fikirim, xəyalım elə dağdadı.
Dedilər köçməyin kənddən köçəndə,
Bələn tər çiçəyə, gülə dağdadı.
Gözünlə baxasan gözlərin doymaz,
Yayında, qışında qar əskik olmaz.
Gözəlliyi görən gəzər, yorulmaz,
Kərəmsiz qayıtmır lələ, dağdadı.
Əlövsət, xəyallar yaylağa getdi,
Atlandı "Kəhərə", bulağa getdi.
İlk dəfə gördüyü oylağa getdi,
Sevdiyin axtardı görə dağdadı?!
GƏZƏYDİM SİZİ
Başlıbel, Xallanlı, Şahkərəm, Çovdar,
Yallama at minib gəzəydim sizi.
Ey cənnət məkanlar, ey gözəl dağlar,
Kaş geri qayıdıb görəydim sizi.
Başlıbel seyidlər yurdu, məkanı,
Qonaqpərvər ağsaqqalı, cavanı.
Qonaq edər nəyə olsa gümanı,
Dünyaya nümunə verəydim sizi.
Xallanlı kəndində yaşayan kəslər,
Dünyanı dolanıb gəzib gələrlər.
Hər bir işdə alış-veriş edərlər,
Dağlarda alverə çəkəydim sizi.
Şahkərəmin turş suyunda oturub,
Göy çəməndə çəmən süfrə saldırıb.
Kabab çəkib, badələri qaldırıb
Su içməyə dəvət edəydim sizi.
Çovdar təbiətin möcüzəsiydi,
Min cürə gül-çiçək xəzinəsiydi.
Əlövsət bu kəndin öz körpəsiydi
Bircə yol bağrıma basaydım sizi.
OXU "LAÇINIM"
Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünya Laçın deyib səsləsin eli.
Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünyada düşmənin kəsilsin dili.
Məhəbbət Kazımov, oxu "Laçınım",
Dünya müsəlmanı dinləsin səni.
Sən elə oxu ki, qonşu rayonlar,
Kəlbəcər, Zəngilan eşitsin səni.
Oxu, Qubadlını haraya çağır,
Gəlsin köməyinə Şuşa, Cəbrayıl.
Hamı o səsinə olsunlar mayıl,
Xocalı, Əsgəran eşitsin səni.
Fizuli, Ağdam da eşidib gəlsin,
Yeri göylə birləşdirsin qoy səsin.
Düşməni yandırsın, yaxsın, göynətsin.
Laçın toylarında eşitsin səni.
Çıx ki, Cıdır düzə el səni görsün,
Xan əmi səsinə bir fikir versin.
Kəlbəcərdən Əlövsət sağ ol desin.
Yer üzü dinməsin eşitsin səni.
Dalidag.az



Yazı axını
12 / 07 / 2025
11 / 07 / 2025
11 / 07 / 2025
10 / 07 / 2025
10 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
09 / 07 / 2025
08 / 07 / 2025
08 / 07 / 2025
07 / 07 / 2025
06 / 07 / 2025
06 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
05 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
04 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
03 / 07 / 2025
Ən çox oxunanlar