Reklam
"Kəlbəcərdən - ata ocağın Susuzluq kəndindən əllərin üzüləndə Mingəçevirə gəlmişdin..."
05-07-2024 14:24
Dalidag.az AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin bu günlərdə dünyasını dəyişən şair Rəfael Dəmiroğlunun xatirəsinə həsr etdiyi "Dost itkisi yaman olurmuş..." yazısını təqdim edir:
Sənin qəfil ölüm xəbərindən qohum-qardaşların, övladların, dostların, həmyerlilərin və yazar həmkarların kimi mən də çox üzüldüm. Sən səmimi-vəfalı insan olduğun kimi, həm də istedadlı söz adamı idin. Həmişə minnətdarlıq hissiylə deyirdin ki ədəbi aləmdə ilk addımlarımı sizinlə (mənimlə) tanışlıqdan sonra atmışam. Kövrək-həssas qəlbli söz adamıydın. Dilindən “əzizim” kəlməsi çox şirin səslənirdi. Ətrafında olan insanlara qarşı çox mehriban və təbii davranışların varıydı. Bir sözlə, yaradıcılıq günlərimizdə həmişə yerin görünürdü...
Yaxşı yadımdadır, 1994-cü ilin yanvar ayında o vaxtkı “Səda” qəzetinin yerləşdiyi ikimərtəbəli binanın birinci qatındakı balaca iş otağımınn qapısını açıb ilk dəfə yanıma gələndə, baxışlarından hiss etdim ki sadə-səmimi qələm sahibisən. Mən düşmən əlinə keçən Cəbrayılı,-dünyaya göz açdığım Böyük Mərcanlını itirdiyim kimi, sən də ağır elli Kəlbəcərdən,-ata ocağın Susuzluq kəndindən əllərin üzüləndə Mingəçevirə gəlmişdin...
Xeyli söhbətləşdik, bir-birimizə təsəlli verdik. Mənə nisgillə yoğrulmuş iki şeirini oxudum. Bəyəndim və sənə bir-iki tövsiyyəmi də bildirdin. Həftə sonu həmin şeirlərin qəzetdə dərc olunanda yanıma gəlib minnətdarlığını bildirdin...
AYB-nin Mingəçevir bölməsi yaradılandan sonra oraya üz tutanlardan biri də sən oldun. Hər dəfə bölməyə ürəyi dolu gəlir, şeirlərini oxuyandan sonra, dilimdə səslənən “yaxşıdır, beləcə davam elə” sözləindən uşaq kimi sevinirdin.
Dəfələrlə sözə-sənətə dəyər verən qələm dostlarımızla çay içmiş, duz-çörək kəsmişik. Tanışlığımızın dostluğa çevrildiyi 30 ilə yaxın müddət ərzində sənin bir dəfə də olsun sərt üzünü görmədik, sən qəlbən zərif, xasiyyətcə həlim yazar dostumuz idin.
İllər öncəsi ilk kitabını çap etdirmək arzusunda olduğunu biləndə, sənə kömək etməyin savab iş olduğunu söylədim. Arzularını nəzərə almaqla birlikdə seçimimiz ürəyincə oldu. Çox keçmədən “Mənim acı taleyim” adlı kitabın mənim redaktorluğum və ön sözümlə paytaxt Bakının ən “bərkgedən” “Təknur” adlı nəşriyatında işıq üzü gördü. Bu uğurlu addımın səni çox ruhlandırdı, Kitabının dostlarımızla birlikdə təqdimat mərasimi həm sənin həm də bizim ürəyimizcə oldu...
Ötən ilin sonlarında bir arzunun da həyata keçirilməsinə yardımçı oldum, AYB-yə üzv olmaq üçün tələb olunan sənədlərini hazırlayıb sənə xeyir-dua verdim. Şükürlər olsun ki bu ilin əvvəllərində arzularına qovuşdun... Heyif ki ömrünün ən qaynar çağlarında, ədəbi yaradıcılığının çiçəkləndiyi bir vaxtda heç kimlə vidalaşmadan qəfildən dünyamızı tərk elədin...
Bu yaxınlarda işıq üzü görən “Söz yaddaşı” adlı almanaxın üç nüsxəsini dost-doğmalarınla rəhbərlik etdiyim bölməyə gələn qardaşına təqdm edəndə çox üzüldüm. İyirmi beş gün qabaq bu topluda yer alan 11 şeirini birlikdə oxuyandan sonra, üzünə təbəssümlə baxıb demişdim: “Səni qane etməyən nə varsa, çəkinmədən deyə bilərsən!” Həmişə olduğu kim: “Çox sağolun, əzizim,-hər şey qadasındadır”-deyərək məndən ayrıldın. Heç demə, bu dəfəki gedişin əbədi ayrılığın eşidə bilmədiyim pıçıltısıymış...
Mənə elə gəlir ki dünyaya göz açdığın Susuzluq kəndinin vüsalına qovuşmağa möhlətin olmasa da, qaibanədən gələn səsin onun yaddaşında əbədi olaraq iz salmağa qadirdir:
Doğulub qucağında
Gəzdim bağça,bağında
Gözəlsən hər çağında
Mənim Susuzluq kəndim...
Allah sənə qəni-qəni rəhmət eləsin, şair dostum Rəfael Dəmiroğlu, məkanın cənnət, ruhun şad olsun!
Dəlidağ.az
Kateqoriya: Kəlbəcər
Tarix: 05-07-2024 14:24
Baxış sayı: 3357
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02