BDU-da Başlıbel faciəsi ilə bağlı tədbir keçirildi

26-09-2023 19:27
“Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyi ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” layihəsi çərçivəsində sonuncu, sayca üçüncü maarifləndirmə tədbirini sentyabrın 26-da Bakı Dövlət Universitetində (BDU) keçirib.

Dalidag.az xəbər verir ki, BDU-nun müəllim-professor heyətinin və Tarix fakültəsində təhsil alan tələbələrin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” adlı layihə barədə məlumat verib. O, deyib ki, layihənin əsas məqsədi Başlıbel qətliamı ilə bağlı ictimai maarifləndirmənin genişlənməsinə, tələbə-gənclərin bu mövzuda geniş bilik və məlumatlar əldə etməsinə dəstək verməkdir.
Professor əsrlərlə davam edən erməni vandalizmi barədə məlumat verib, xalqımıza qarşı tərədilmiş soyqırımların dərindən araşdırılmasının və gənc nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, 1905-1906-cı illərdə 12 000 nəfərdən çox, 1918-1920-ci illərdə isə 50 mindən artıq dinc azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib: “Ermənilərin soyqırım siyasəti ötən əsrin sonlarında da öz dəhşəti ilə davam edib, Xocalı, Başlıbel, Ağdaban, Ballıqaya kimi qətliamlar törədilib. Təəssüf ki, Xocalı soyqırınını nəzərə almasaq, ən yeni tariximizə aid kütləvi qətliamlar kifayət qədər araşdırılmayıb. Xüsusilə də gənclər arasında bu hadisələr barədə məlumatlı olanlar çox azdır. Ona görə də ar o qədər barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” layihəsi çərçivəsində görülən işlərin çox böyük əhəmiyyəti var. Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının yenidən nəşr olunması və həmin kitabların Tarix fakültəsinin professor-müəllim heyəti və tələbələr arasında yayılmasını
İbrahim Zeynalov ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” mövzusunda maarifləndirmə tədbirinin məhz Tarix fakültəsinin tələbələrinin iştirakı ilə keçirilməsinə görə Bakı Dövlət Universitetin rəhbərliyinə və təşkilatçılara təşəkkür edib.
Layihənin rəhbəri, araşdırmaçı-jurnalist, “Qanlı kaha” kitabının müəllifi Elxan Salahov isə bildirib ki, Ermənistan silahlı qüvvələri Birinci Qarabağ müharibəsi dövründə daha çox mülki əhalini hədəf seçərək çoxlu sayda kütləvi qətliamlar törədib. O, qeyd edib ki, 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı 14 dinc sakinin girov götürülməsi, 18 nəfərin qətlə yetirilməsi ilə nəticələnən Başlıbel faciəsi də bu qəbildəndir.
Həmin kütləvi qətliamdan danışan Elxan Salahov bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra Başlıbel faciəsinə dair dəlil və sübutların toplanaraq geniş ictimaiyyətə çatdırılması istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, 2021-ci ilin aprelində Başlıbel kəndində 12 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb, Azərbaycan Respublikası Prezident Administrasiyasının dəstəyi ilə jurnalistlərin və hadisə şahidlərinin həmin əraziyə səfərləri təşkil olunub, çoxlu sayda ictimai müzakirələr keçirilib. Eyni zamanda Prezident Administrasiyasının dəstəyi ilə Başlıbel faciəsindən bəhs edən “Qanlı kaha” kitabının motivləri əsasında 4 hissəli sənədli film çəkilib.
“Bu il isə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Başlıbel qətliamına dair həqiqətlərin təbliğinə dair bir neçə layihə hazırda icra mərhələsindədir. “Effektiv Təşəbbüslər Mərkəzi” demokratik dəyərlərin öyrənilməsi və təbliği İctimai Birliyinin həyata keçirdiyi ”Başlıbel faciəsi: erməni vandalizminin izi ilə” layihə onlardan yalnız biridir”, – deyə Elxan salahov əlavə edib.
Başlıbel kəndindən olan ziyalı, şəhid ailəsi üzvü Arif Süleymanov isə tarixçi tələbələri Ermənistanın müharibə cinayətlərini dərindən öyrənməyə çağırıb. O, tələbə-gənclərin kütləvi məzarlıqlarla yaxından tanış olması üçün işğaldan azad edilmiş ərazilərə kollektiv ekskursiyaların təşkil olunmasının vacibliyini önə çəkib.
Başlıbel qətlliamının şahidlərindən olan İsmət Əzizov çıxışında tələbələri erməni vandalizminə dair faktlarla tanış edib.
Tədbirin sonunda Başlıbel faciəsinə həsr olunmuş videoçarx izlənilib, mövzu ilə bağlı müzakirələr aparılıb.
        









Kateqoriya: Kəlbəcər
Tarix: 26-09-2023 19:27
Baxış sayı: 3343
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını