Kəlbəcərli şagird Çində yüksək təqaüdlə təhsil alacaq - Şəkil

02-06-2023 18:26
Fizika, riyaziyyat, və informatika təmayüllü Respublika liseyinin şagirdi Ayxan Kazımlı 2023-cü il üzrə seçim prossesindən uğurla keçərək, UWC Azərbaycan Milli Komitəsinin etimadını qazanıb. Ayxan Milli Komitənin təqdimatı əsasında Çində yerləşən UWC Changshu China Kollecində 2023-2025-ci illərdə tam təqaüdlə təhsil alacaqdır.
Dalidag.az xəbər verir ki, bu barədə Ayxanın təhsil aldığı Fizika, riyaziyyat, və informatika təmayüllü Respublika liseyi məlumat yayıb:

"Məktəbinin əlaçısı olan Ayxan 2022-ci ildə Beynəlxalq STEAM Azərbaycan Festivalında gümüş medalın sahibidir. İstedadlarını fərqli sahələrdə sınayan şagirdimiz tar ixtisası üzrə musiqi məktəbi məzunu olmaqla yanaşı, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən şahmat yarışında gümüş medal qazanmış, həmçinin “Məktəblilər üçün elektronika” təlim proqramını (Technest scholarship) uğurla tamamlamışdır. 
Bakı Amerikan Mərkəzində fəaliyyət göstərən "Green club" üzvü olaraq ətraf mühitin qorunması sahəsində iki illik fəaliyyəti ilə seçilən Ayxan kompüter elmi və ətraf mühitinin davamlılığı sahələrinə olan dərin marağını qurduğu online platformada təzahür etdirir. Platformasının əsas məqsədi həmyaşıdlarını dünyada müsbət dəyişiklik yaratmaq üçün texnologiyadan necə istifadə edə biləcəkləri barədə düşünməyə ruhlandırmaqdan ibarətdir.
Ayxan parallel olaraq "GuarantEdu" adlı start-up layihəsi ilə məşğul olur. Layihənin missiyası universitetlərə müraciət edən orta məktəb şagirdlərini hazırda həmin universitetlərdə təhsil alan tələbələrlə əlaqələndirərək, şagirdlərin məlumat və dəstək alması sayəsində universitet həyatına uyğunlaşma müddətini asanlaşdırmaqdan ibarətdir.
Yaşadığı mühiti texnoloji yeniliklərlə yaxşılaşdırmağı hədəfləyən Ayxanın ən böyük həvəsi texnoloji inkişaf, ətraf mühitin mühafizəsi və yeni biliklərə yiyələnmək kimi sahələrdə bilik və bacarıqlarını təkmilləşdirməyə davam etməkdir.
Asudə vaxtlarını şahmat oynamaqla, tar və gitara kimi musiqi alətlərində ifa etməklə keçirən Ayxan həm də basketbol idman növü ilə məşğul olur.
UWC Changshu Kollecində Azərbaycanı təmsil edəcək ilk şagirdimizi  təbrik edir və böyük uğurlar arzu edirik!", - deyə qeyd olunub.

Vurğulayaq ki, əslən Kəlbəcərin Başlıbel kəndindən olan Ayxan Kazımlı jurnalist, "Regional İnsan Hüquqları və Media Mərkəzi"nin sədri Xalid Kazımovun oğludur.

Dalidag.az




Kateqoriya: Kəlbəcər
Tarix: 02-06-2023 18:26
Baxış sayı: 4400
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını